Təbiət və biz: Torpağın qar örtüyü
Region

Təbiət və biz: Torpağın qar örtüyü

Min əzab çəksə də əkinçi qarda

Yenə taxılına qar yorğan olur. . .      

Böyük şairimiz Bəxtiyar Vahabzadənin bu misraları torpağa könül verib ruzusunu əkin-biçində çıxaran insanın qardan faydalandığını, çətinliyə-müşkülə düçar olsa da,  qara dəyər verdiyini özündə bədii şəkildə ifadə edir. Son illərdə sanki torpaq və torpaqda çalışanlar qardan sarı darıxmışdılar. Şükür, artıq təbiət ağ örtüyə bürünüb. Qar var-dövlət, bar-bəhər, xeyir-bərəkət simvoludur. Qarlı qış fəslini el-oba həmişə urvatlı hesab edib.  Mütəxəssislər deyirlər ki,  qarın yağmasının faydası ziyanından qat-qat çoxdur.  Qar həm insan orqanizmi üçün təhlükəli olan bakteriyaları məhv edir, həm də ümumiyyətlə təbiətin canlanmasına,  nəticədə də məhsul bolluğuna şərait yaradır.  Belə ki,  qar torpağın yad təsirlərdən qorunmasını,  nəmliliyin mühafizə edilməsini və torpağın üstünü yorğan kimi örtməsi baxımından bitkini və səpilən toxumları isti tutaraq onların daha rahat inkişafını təmin edir.  Bitkilərin azot ehtiyacını qarşılayır.

Havalar yağışlı keçəndə sevinirik. Qar yağışdan daha çox faydalıdır.  Çünki yağış torpaqdakı nəmliyin faizini qar kimi yüksəltmək gücünə qadir deyil.  Yağışın bir qismi torpağın səthindən axıb gedir,  bir qismi isə yeraltı sulara,  çaylara qarışır.  Qar isə sanki damcı - damcı sulama üsulunda olduğu kimi suyun torpağın hər zərrəsinə gedib çatmasına şərait yaradır.  Beləliklə,  torpaqdakı nəmlilik faizi ən yüksək səviyyəyə çıxır.  Həmçinin,  qarda olan ammoniak qar əridikdən sonra torpaqda qalır.  Bitkilərin azot ehtiyacı məhz qar vasitəsilə ödənilir.  Mütəxəssislər,  eyni zamanda,  qeyd edirlər ki,  qar örtüyü xəstəlik riskini də azaldır.

Bundan başqa,  qar quraq keçən yay aylarında su mənbələrimizin ən məhsuldar bir şəkildə bəslənməsi,  anbar və gölməçələrin dolması üçün də olduqca faydalıdır.  Qar heyvandarlıqla məşğul olan insanlarımıza da sevinc bəxş edir.  Bildiyimiz kimi,  xüsusilə heyvan xəstəliklərinin yayılmasında ən böyük faktor ortaq örüş sahələrindən istifadədir.  Qar örtüyü altında qalan örüş sahələrində isə xəstəliklərin yayılma riski ortadan qalxır.  Mütəxəssislər eyni zamanda,  ölkəmizdə bir neçə gün ərzində yağan qarın baş verə biləcək quraqlıq təhdidini aradan qaldıracağını da sözlərinə əlavə edirlər.  Buğda,  qarğıdalı,  şəkər çuğunduru və çəltik kimi bitkilərin suya duyduqları tələbatı heç kim dana bilməz.  Soyuq hava pomidor,  bibər kimi tərəvəz və meyvələrə zərər verə biləcək həşəratları da yox edir.

Qış nə qədər sərt keçərsə,  məhsuldarlıq da o qədər artar

Ekspertlərə görə,  qarlı və soyuq hava həm taxıl məhsullarına daraşan gəmiricilərin sayını,  həm də pomidor güvəsini azaldır,  ancaq bu müsbət təsirin daha səmərəli olması üçün qar yağışının davam etməsi də vacibdir: “Meyvə və tərəvəzlərin böyüməsi və yüksək məhsuldarlığın olması üçün qışda qar və soyuqlara ehtiyacı var.  Xalq arasında istifadə edilən “qar yağanda kəndlinin üzü gülür” sözü elə - belə təsadüfən yaranmayıb.  Qar və soyuq havanın başda meyvələr olmaqla bir çox kənd təsərrüfatı məhsuluna xeyri var”.
Qarın və soyuq havanın xüsusilə meyvəçilik üçün səmərəli olduğunu vurğulayan ekspertlər soyuq havaların öz təsirini göstərdiyi bu günlərdə qarın ümumiyyətlə həyata mənfi təsiri haqqında nə qədər çox danışılsa da,  qarlı və soyuq havanın təbiətə böyük faydası olduğunu nəzərə çatdırır: “Qış, bitkilərin istirahət dövrüdür.  Bu dövrdə bitkilər soyuq havaya ehtiyac duyurlar.  Xüsusilə,  meyvələrin böyüməsi və yüksək məhsuldarlığı üçün qışda qar yağması faydalıdır. Qar əkinlərin yorğanı, su qaynaqlarının su anbarıdır.
Biz, təbii narahatlıq hissi keçirirdik. Buna səbəb son dövrdə ölkədə hökm sürən anormal hava şəraiti idi. Belə hava torpağın istirahət dövrünə girməsinə maneə törədir. Amma torpaq üzərini yorğan kimi örtən qarın yağmasından sonra istirahət dövrünə qədəm qoyur. Bu dövrdə torpaqda mikroorqanizmlərin fəaliyyətinin dayanması torpağın baharda daha mükəmməl bir şəkildə oyanmasına şərait yaradır. Dincəlmiş torpaq isə heç şübhəsiz,  bitkinin daha yaxşı inkişafını təmin edəcək.  Bundan başqa,  əkin sahələrinə və su ehtiyatlarına əhəmiyyətli dərəcədə dəstək olan qar hava çirkliliyinin qarşısını alan təbii süzgəc rolunu da oynayır.

Artıq bir neçə gündür, ağappaq qar örtüyünə bürünmüş Kürdəmir, Cəbrayıl və digər rayonlardan olan fermerlər yenicə boy atan buğda və arpadan yüksək məhsuldarlıq əldə olunacağını deyirlər.

Tofiq HÜSEYN,

“Respublika”.