Təbiət yenə də türkləri sınağa çəkdi
Digər xəbərlər

Təbiət yenə də türkləri sınağa çəkdi

Türkiyə Alp geosinklinalı üzərində yerləşdiyi üçün bu ərazidə zəlzələnin baş verməsi ehtimalı yüksəkdir. Ona görə də insanların əsrlər boyunca düşüncəsində zəlzələ xofu mövcud olub və bu gün də var. Mütəxəssislər hər yerdə hər an baş verə biləcək bu qorxunc təbii fəlakətdən insanları və onların qurub-yaratdığı daşınmaz əmlakları qorumaq üçün elmi müstəvidə fərqli təkliflər səsləndirirlər. Bunlardan ilki və ən önəmlisi zəlzələyədavamlı binaların tikilməsi və insanları məhz həmin yeni evlərə köçürməkdir. Amma baxaq görək, az qala 90 milyona yaxın əhalisi olan Türkiyədə 8-9 bal gücündə zəlzələyə davam gətirəcək nə qədər bina tikilib və xüsusilə də çox böyük risk daşıyan bölgələrdəki şəhərlərdə yaşayan insanları belə mənzillərlə təmin etmək mümkün olubmu?

Son 10-15 ildir Türkiyədə həm dövlət, həm də özəl sektor tərəfindən zəlzələyədavamlı binaların tikintisi sürətləndirilib. Məsələn, İstanbul, Ankara, İzmir və sair kimi çoxmilyonlu əhalisi olan şəhərlərdə yeni göydələnlər ucaldılan rayonlar salınır, istismar vaxtını keçmiş köhnə binalar isə bir qayda olaraq sökülür. Təbii ki, Türkiyədə eyni proses indiki zəlzələnin baş verdiyi cənub-qərb vilayətlərinin şəhərlərində də gedir. Amma əlbəttə, təbiət gözlənilmədən oyanır və qoynunda bəslədiyi insanlara öz şıltaqlığını göstərir...

Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Ekspertlərin fikrincə, bölgənin ən böyük - Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır. Bu isə zəlzələ və təkanların tez-tez baş verməsinə gətirib çıxarır. Türkiyənin Fəlakət və Fövqəladə Hallar Agentliyi 2022-ci ildə 22 mindən çox təkan qeydə alıb. Onlardan çoxu dağıdıcı həddə olur. Ən çox insan tələfatı ilə nəticələnən sonuncu ağır zəlzələ 1999-cu ildə İzmitdə 7.6 bal gücündə olmuşdu. Həmin təbii fəlakət nəticəsində 17 mindən çox insan həyatını itirmişdi.

Zəlzələnin baş verdiyi qeyri-sabit region Şərqi Anadolu tektonik zonası adlanır. Bu qırılma xətti Türkiyənin şimal-qərb və cənub-şərq sərhədləri boyu uzanır. Burada 100 ildən çox müddətdə hər hansı ciddi tektonik fəallıq qeydə alınmasa da, keçmişdə baş verən dağıdıcı zəlzələləri əsas gətirən seysmoloqlar ərazinin çox təhlükəli olduğunu deyirlər.

Xüsusilə də 1882-ci il avqustun 13-də həmin qırılma xəttinin səbəb olduğu 7.4 bal gücündə zəlzələ buna nümunə ola bilər. Lakin həmin zəlzələ bu gün 7.6 bal gücündə baş verən zəlzələdən aşağı olub.

Buna baxmayaraq, XIX əsrdə baş verən zəlzələ həmin ərazidə yerləşən şəhərlərin dağılmasına və tək Hələb şəhərində 7 min nəfərin ölümünə səbəb olmuşdu. Dağıdıcı afterşoklar isə düz bir ilə yaxın davam edib.

Bu təbii hadisə prizmasından yanaşaraq, Türkiyədə 1900-cü ildən üzübəri keçən 123 il ərzində baş vermiş zəlzələləri xatırlayaq: 1903-cü ildən 2023-cü il fevralın 6-dək olan dövrdə 5.5 - 8.0 bal gücündə 120-dək zəlzələ baş verib və bütün bu hadisələr zamanı ümumilikdə 85 mindən artıq insan həyatını itirib.

Əlbəttə, indiki Türkiyənin yerləşdiyi ərazidə 526-cı ildə baş vermiş və 250 min insanın ölümünə yol açmış Antakya zəlzələsi və ya 1268-ci ildə Kilikyada qeydə alınmış, 60 min insanın həlak olması ilə nəticələnən zəlzələ faktları da mövcuddur.

Türkiyədə son illərin ən dəhşətli zəlzələsi fevralın 6-da mərkəzi ocağı Kahramanmaraşda yerləşən və bölgənin 10 vilayətini darmadağın edən, 7.6 - 7.7 bal gücündə baş verən zəlzələ hesab olunur. Türkiyəyə yardım əlini uzadan, qardaş ölkənin yaralarını sarımağa tələsən ilk ölkə isə Azərbaycandır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri artıq xilasetmə əməliyyatlarına başlayıblar. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən - qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarətdir. Mobil səhra hospitalı ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. FHN-in peşəkar tibbi heyətinin xidmət göstərəcəyi hospital bütün lazımi dərman və preparatlarla təchiz edilib. İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar gətiriləcək.

 Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Operativ Qərargah yaradılıb. Operativ Qərargah Azərbaycan Respublikasının İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında yaradılmış Operativ Qərargahlarla əlaqəli şəkildə zəlzələdən zərərçəkmiş Azərbaycan vətəndaşlarını müəyyənləşdirməkdədir. Səfirlik Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, AFAD, digər əlaqədar dövlət qurumları, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardıma gəlmiş nümayəndə heyəti ilə daimi operativ əlaqə saxlayır. Səfirliyin qaynar xətt nömrələrinə Türkiyədə yaşayan və müvəqqəti burada olan Azərbaycan vətəndaşları və onların yaxınlarından müraciətlər daxil olmaqdadır.

Esmira YAZKAN,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.