TƏBİİ SƏRVƏTLƏRİMİZ: Qarayazı Dövlət Təbiət Qoruğu
Ekologiya

TƏBİİ SƏRVƏTLƏRİMİZ: Qarayazı Dövlət Təbiət Qoruğu

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət qoruqları seriyasından Qarayazı Dövlət Təbiət Qoruğu haqqında yazını dərc edirik.

"Respublika".

 

Qarayazı Dövlət Təbiət Qoruğu 1978-ci il mart ayının 2-də Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6000 hektara yaxın ərazidə yaradılmışdır. Lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verilmişdir. 2003-cü ilin iyun ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırılmışdır.

Qoruğun yaradılmasında əsas məqsəd Kürqırağı Qarayazı düzündə Tuqay meşələrinin mühafizəsi və bərpası olmuşdur. Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada-Amudərya və Sırdərya çayları boyunda və onların ətrafında yayılmışdır. Burada bitən sıx meşələr "Tuqay" meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir. Azərbaycanda Tuqay meşəsinin çox hissəsi Qarayazı qoruğunda saxlanılmışdır. Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur.

Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişmişdir. Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlərə ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində başlanmışdır.

Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərq hissəsi Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı-Tbilisi dəmir yolu, cənubda Kür çayı ilə əhatə olunur. Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bunun da çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə olmayan sahə təşkil edir. Meşəsiz sahə əsasən qumluqlardan, su sahələrindən, bataqlıqlardan və s. ibarətdir.

Ərazidə qışı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır iqlim tipi hakimdir. Bu iqlim tipi qışın quraq və mülayim, yayın isə quraq və isti keçməsi ilə fərqlənir. Havanın orta illik temperaturu 12-20 dərəcədir. Yalnız yanvarda orta temperatur dərəcədən aşağı düşür. İllik yağıntının miqdarı 400 mm olduğu halda, illik buxarlanma bundan 2,3 dəfə artıqdır.

Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloji xüsusiyyətləri, Kür çayının təsiri, qrunt suyunun səthə yaxın olması, bitki örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlıq, allüvial-çəmən, allüvial-çəmən-meşə və çəmən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratmışdır.

Kürün sahilindən uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nəzərə çarpır. Çay yatağının sahili boyunca söyüd, böyürtkən, iydə, zirinc və s. kollar yayılmışdır. Onların əmələ gətirdiyi kolluqların eni bir neçə metrə çatır. Sahildən uzaqlaşdıqda kolluqları tipik tuqay meşələri əvəz edir. Bu meşələr çoxyarusludur. Birinci yarusu ağyarpaq qovaq, ikinci yarusu isə palıd, qızılağac təşkil edir. Burada tuqay meşələrinə xüsusi görkəm verən lianlara da rast gəlinir. Meşəaltı kollar, cavan ağaclar meşənin nisbətən seyrək yerlərində daha çox inkişaf etmişdir. Bunlar əsasən ağyarpaq qovaq, palıd, yemşan, böyürtkən, amorf, söyüd, qaramurdarça, iydə, göyəm və s. ibarətdir.

Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlincik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi və s. məməlilər yaşayır. Ərazi daimi və köçəri quşlarla da zəngindir. Sıx meşələrdə və kolluqlarda daha çox rast gəlinən qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçınların sayı 2000-ə qədərdir. Burada ördək, su fərəsi, suya maraq göstərən quşlar və həmişə sevilən bülbül də qorunur.

Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır. Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar Kürün daimi sakinləridir.

Qarayazı qoruğunun adı "qara" və "yazı" sözlərindən götürülmüşdür. Burada "qara" böyük, "yazı" isə qədim türk dilində olan "düzənlik", "çöllük" mənasını verir. Beləliklə, Qarayazı - "Böyük düz", "Böyük çöl" deməkdir.

Kamil İSMAYIL,

"Respublika".