TƏBİİ SƏRVƏTLƏRİMİZ: Türyançay Dövlət Təbiət Qoruğu
Ekologiya

TƏBİİ SƏRVƏTLƏRİMİZ: Türyançay Dövlət Təbiət Qoruğu

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət qoruqları seriyasından Türyançay Dövlət Təbiət Qoruğu haqqında yazını dərc edirik.

"Respublika".

 

Türyançay Dövlət Təbiət Qoruğu Azərbaycan dövlətinin 6 may 1958-ci il tarixli Qərarı ilə 12344 hektar ərazidə yaradılmışdır. 2003-cü ildə Nazirlər Kabinetinin Qərarı ilə qoruğun ərazisi genişləndirilərək 22488 hektara çatdırılmışdır. Qoruq Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində dəniz səviyyəsindən 400-650 metr hündürlükdə təşkil olunmuşdur.

Türyançay Dövlət Təbiət Qoruğu Böyük Qafqazın cənub ətəyində Bozdağın ərazisində qərbdən şərqə 35 km, şimaldan cənuba 5 km məsafədə yerləşir. Qoruğun yaradılmasında əsas məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası Bozdağın arid meşə landşaft kompleksinin qorunmasıdır.

 Qoruğun ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan alçaq dağ təpələrindən ibarətdir. Ərazi kəskin parçalanmış relyefə malikdir. Geomorfoloji cəhətdən burada arid denudasiya (çılpaqlaşma) relyef tipi səciyyəvidir. Ərazi quru, dərin dərələrlə şiddətli dərəcədə parçalanmışdır. Relyefin parçalanması burada arid iqlim şəraitində bitki örtüyünün zəif inkişafı, torpaq örtüyünün isə az qalın və münbit olması ilə nəticələnmişdir.

Quru subtropik iqlim Türyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada yayı isti, qışı quraq keçən mülayim-isti yarımsəhra və bozqır iqlim tipləri hakimdir. Orta illik temperatur 140 dərəcədir. İl ərzində yağıntının miqdarı 500 mm-ə, yağıntılı günlərin sayı isə 90 günə çatır.

Qoruğun ərazisində qəhvəyi dağ meşə, bozqırlaşmış dağ-qəhvəyi, qonur, alluvial çəmən-meşə torpaqları inkişaf etmişdir. Ərazidə yarımsəhra və bozqır bitki formasiyaları mövcuddur. Qoruğun özünəməxsus arid bitki örtüyü vardır. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf etmişdir.

Qoruğun sahəsinin 73 faizini meşə zolaqları təşkil edir, qalan sahələrdə isə meşə yoxdur. Vaxtilə kəsilmiş ağacların yerində yovşan, dənli bitkilər, çoxillik və cürbəcür ardıc kolları, palıd, qaraağac, qovaq ağacı, qızılağac, söyüd ağacı, iydə ağacı, doqquzdon kolu və başqa bitkilər yetişdirilmişdir. Qoruqda 4 növ ardıc kolları vardır. Bir hektar ardıc meşəsi 10-15 min əhalisi olan şəhərin havasını təmizləmək gücünə malikdir. Qoruğun sahəsində 60 növ ağac və kolluqlara rast gəlinir.

Qoruğun heyvanlar aləmi sayca az olsa da, tərkibi çox müxtəlifdir. Burada 24 növ məməlilər, 20 növ sürünənlər, 112 növ quşlar, 3 növ suda-quruda yaşayan heyvanlar mövcuddur. Qoruğun ərazisi heyvanların ən əlverişli qışlaq yeridir. Sürünənlərdən müxtəlif ilanlara və kərtənkələlərə rast gəlinir. İlanlardan gürzə daha çoxdur. Türyançayın sularında Xəzər tısbağasına da rast gəlinir. Yerli quşlardan - kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda adları Azərbaycanın "Qırmızı kitabı"na düşən ayı, şahin, berkut, çöl qartalı da vardır.

Burada çöl donuzu, qonur ayı, cüyür, vaşaq, dələ, tülkü, dovşan, məməli vəhşi və çöl heyvanları məskunlaşmışdır. Qış aylarında Böyük Qafqazın yamaclarının sərt hava şəraiti, qalın qar örtüyü heyvanların nisbətən aşağı dağ sahələrində, xüsusilə Türyançay qoruğunun ərazisində toplaşmağa məcbur edir. Heyvanların təhlükəsizliyini təmin edən və çoxalmasına şərait yaradan qoruq həm də onların ən əlverişli qışlaq yeridir.

Kamil İSMAYIL,

"Respublika".