Təbii sərvətlərimizin talanmasına son qoyulmalıdır
Digər xəbərlər

Təbii sərvətlərimizin talanmasına son qoyulmalıdır

Sülhməramlıların mandatı dünyada sülhə və əməkdaşlığa şərait yaratmaq, tərəfsiz olmaq, insan haqlarının pozulmasına yol verməməkdən ibarətdir. Lakin son günlər Laçın yolunda baş verən hadisələr birmənalı şəkildə sübut etdi ki, Rusiya sülhməramlıları ermənilərin Azərbaycanın sərvətlərini daşımasına göz yumur, öz missiyasını düzgün həyata keçirmir, erməni cinayətkarlarını himayə edir.

Azərbaycanın ictimaiyyət nümayəndələrinin və ekoloqların Qarabağda erməni talanlarına qarşı başladığı dinc etiraz aksiyası erməniləri və onların havadarlarını çətin duruma salıb. Ona görə də, ermənilər köhnə vərdişlərini işə salmağa cəhd edir, vay-şivən qoparır, yenə də məzlum, yazıq olduqlarını bildirir, humanitar fəlakətdən dəm vurur və köhnə əyyamlarda olduğu kimi, dünyanın gözünə kül üfürməyə başlayıblar. Ermənilər yalan məlumatlar yayır, öz cinayətkar əməllərini ört-basdır edir, rus "sülhməramlı"larını da öz çirkin oyunlarında oyuncağa çevirirlər. Ermənistanın və erməni separatçı-terrorçuların insan hüquqları və təhlükəsizlik kimi faktorlardan manipulyasiya etmək cəhdləri isə tamamilə məntiqsiz və mənasızdır. Çünki Azərbaycan öz pozulan suveren hüquqlarını müdafiə edir və hər hansı zorakılığa da qətiyyən əl atmır.

Ermənistanın və onun havadarlarının yalan ifraz edən hay-küyünə Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda bildirilir ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının ifadəsidir.

Xatırladaq ki, cari il dekabrın 3-dən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub. Lakin Azərbaycan nümayəndə heyəti adıçəkilən yataqların ərazisinə buraxılmayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XİN-in inzibati binasında diplomatik korpusla görüş zamanı bildirib ki, işğal dövründə Azərbaycanın ətraf mühitinə ziyan dəyib, təbii resursları qanunsuz şəkildə istismar olunub və bu, indi də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə müşahidə olunur. Biz "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarında qeyri-qanuni istismarın intensivləşdiyini müşahidə etdik. Bu məsələ Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırıldı və Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığına müraciət etdi. İlk görüş Rusiya sülhməramlılarının rəhbərliyi ilə Xocalıda baş tutdu və dekabrın 10-da müvafiq qurumların "Qızılbulaq"da monitorinqinin aparılması razılaşdırıldı. Bu qeyri-qanuni fəaliyyət dayandırılmalı, ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Artıq üç gündür keçirilən aksiyanın iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirir, Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər. Azərbaycan xalqı öz torpaqlarının və təbii sərvətlərinin sahibi olduğunu, erməni təxribatlarına sərt cavab verəcəyini bildirir, beynəlxalq hüquq normaları çərçivəsində tələblərini həyata keçirməkdə israrlı olduğunu nümayiş etdirir.

Salman ALIOĞLU,

"Respublika".