Təbriz əsilli tədqiqatçı: “Ermənilərin viran qoyduqları yerlər  yenidən canlanır
MÜSAHİBƏLƏR

Təbriz əsilli tədqiqatçı: “Ermənilərin viran qoyduqları yerlər  yenidən canlanır"

Mən fəxr edirəm ki, Şuşa və Qarabağı görmək şərəfinə nail olmuşam. Şuşa bizim xatirələrimizdə yaşıl, abad şəhər kimi canlanıb hər zaman. Ermənilər çalışıblar ki, Azərbaycanın tarixini, izini silsinlər, desinlər ki, burada türk milləti, azərbaycanlı olmayıb. Ancaq Şuşa qalası o qədər əzəmətlidir ki, təxribatlar və vandalizmdən sonra belə öz qüdrətini qoruyub saxlamağı bacarıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şuşada səfərdə olan hazırda Fransada yaşayan Təbriz əsilli yazıçı, tədqiqatçı Maşallah Rəzmi deyib.

"Hazırda ermənilərin viran qoyduqları yerlər yenidən canlanır, binalar tikilir. Biz hər zaman Qarabağdan danışanda, Şuşadan da danışmışıq. Şuşa və Qarabağ sözləri dilimizdə birgə səslənib. Buna görə də Qarabağın azadlığını Şuşanın azadlığı hesab etmişik. Ümid edirəm ki, əl-ələ verib Qarabağın yenidən canlanmasına nail olacağıq", - deyə M.Rəmzi qeyd edib.

AZƏRTAC