Təbriz, nə gözəldir camalın sənin
Sosial həyat

Təbriz, nə gözəldir camalın sənin

Gözəl bir atalar sözü var: "Yaxın qonşu, uzaq qohumdan yaxşıdır". Azərbaycan hər zaman yaxın qonşuları ilə dost münasibətində olub. Qonşularımızın yaxşı, yaman günündə yanında olmuşuq, dost əlimizi uzatmağı,  kömək, dəstək olmağı bacarmışıq. Amma nədənsə, qonşu sarıdan heç də hər zaman bəxtimiz gətirməyib. Humanist, yardımsevər olmağımızdan istifadə edərək, lütfümüzü özümüzə qarşı istifadə edənlər də olub. Ərazilərimizə göz dikib yurd yerlərimizə sahib olmağa çalışıblar. Ancaq biz yenə də öz böyüklüyümüzü,  daxili mədəniyyətimizi göstərmişik. Qonşularımızı da ədəbli, mədəniyyətli olmağa çağırmışıq. Hətta bu addımları mədəni tədbirlər, əlaqələr çərçivəsində etməyi üstün tutmuşuq.

Yaxın qonşularımızdan olan İran dövləti ilə mədəni əlaqələrimiz dərin tarixi köklərə söykənir. Xalqlarımızı yaxın qonşu kimi həm də mənsub olduğumuz İslam dini də birləşdirir. Əsrlər boyu bərabər, yaxın qonşular kimi yaşasaq da, İranla - Rusiya arasında 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra o vaxt Qacarlar imperiyasının ərazisi olan Azərbaycan ikiyə bölündü. Böyük bir hissəsi indiki İranın tərkibində qaldı. Yəni hadisələr o qədər də uzaq müddətdə baş verməyib. Hazırda İranda 40 milyona yaxın azərbaycanlı öz ata-baba torpaqlarında yaşayırlar. Azərbaycan bütün bunları nəzərə alaraq İranla dostluq, qardaşlıq münasibətini qoruyub inkişaf etdirməyə çalışır.

İranın ən böyük şəhərlərindən biri olan Təbriz qədim dövrlərdə Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri idi. Hazırda Təbriz yaxınlığında Allahu-Əkbər dağı üstündə (Baba dağ yaxınlığında) möhkəm daş divarlarla əhatələnmiş atəşgah binasının qalıqları qalmaqdadır. Xalq arasında bu atəşgah Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur. Azərbaycanın yaranışından odlar ölkəsi adlanmasının da bu atəşgahla nə qədər bağlı olduğunu açıq şəkildə göstərir. Hətta Təbriz sözünün haradan qaynaqlandığı,  hansı məna kəsb etdiyi haqda da bir çox mülahizələr mövcuddur. Bəzi mənbələr Təbriz sözünü "günəş saçan" mənasında izah edərək, onun əsasının qoyulmasını daha qədimlərə dayandığını söyləyərək atəşpərəstliklə əlaqələndirirlər.

 Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzi olan Təbriz uzun müddət beynəlxalq karvan yollarının qovşağında yerləşməklə Avropa-Asiya ticarətini tənzimləyib. Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqaz, İberiya və Qafqaz Albaniyasından cənuba doğru isə Mesopotamiya və Hindistana gedən ticarət yolları bu şəhərdən keçmişdir. Beləliklə, Təbriz şəhərinin inkişaf etməsində mühüm amillərdən biri də ticarət yolları olmuşdur. Onu da qeyd edək ki, ilk dəfə Təbriz şəhərində birinci çap evi, məktəb və digər binaların tikilməsi ilə əlaqədar olaraq İranda Təbrizə birincilər şəhəri  də deyilir.

 Təbrizdə yerləşən  Tərbiyət kitabxanası İranın ilk kitabxanasıdır. Birinci çap evi ərəb əlifbası ilə Mirzə Zeynalabdin Təbrizi vasitəsilə 1233-cü hicri-qəməri tarixi ilə Təbrizdə qurulub. Həmin dövrlərdə çap kəlməsi işlənmirdi, basmaxana, mətbəə deyərdilər. Təbriz tarix boyu dəfələrlə zəlzələlərə məruz qalıb. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv edib, viran qoyub. Onların içərisində salamat qalanlar isə Ərk qalası və Göy məsciddir. Təbriz şəhərində "Azərbaycan", "Məşrutə", "Ölçü", "Şəhriyar", "Ustad Bohtuni", "Təbiət", "Bələdiyyə" adlı 8 böyük muzey fəaliyyət göstərir.  Eyni zamanda,  Ərk qalası, Göy məscid, Təbriz bazarı, Xəqani parkı, Şairlər məzarı, Gülüstan bağı, Bağlar bağı, Behman evi, Qarı körpüsü, Cümə məscidi, Nobar hamamı kimi tarixi abidələr də şəhərə xüsusi gözəllik verir. Təbriz şəhərində 7 universitet, 2 böyük kitabxana var. Tarixi Azərbaycan şəhəri olan Təbriz ən gözəl şəhərlər sırasında yer tutur.

Zəlzələlər nəticəsində salamat qalan abidələrdən biri Göy məsciddir. Orta əsrlərə aid olan tarixi Azərbaycan memarlıq abidəsi Qaraqoyunlu dövlətinin yadigarıdır. Vaxtilə böyük və əzəmətli memarlıq kompleksi kimi tanınan bu abidə feodal ara müharibələri zamanı dağıdılmış, bu günə isə ancaq xarabalığı gəlib çatmışdır.

 XV əsrdə Təbriz memarlığı özünün çiçəklənmə dövrünü yaşayıb. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları - Cahanşah Həqiqi (1438-1467), Uzun Həsən (1453-1478) və Sultan Yaqub (1478-1490) tərəfindən bu dövrdə Azərbaycanın paytaxt şəhərində önəmli şəhərsalma tədbirləri həyata keçirilib. Bir sıra iri memarlıq kompleksləri - Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Azərbaycan memarlığının digər möhtəşəm və dəyərli nümunələri yaradılıb. Cahanşah Həqiqinin hökmdarlığı dövründə Təbrizdə xeyli sayda gözəl binalar tikilib. Həmin dövrün ən möhtəşəm abidəsi Müzəffəriyyə memarlıq kompleksidir. Kompleksin tərkibinə Cümə məscidi, xanəgah, kitabxana,  mədrəsə,  türbə və digər tikililər daxildir. Nəhəng və möhtəşəm memarlıq kompleksindən yalnız memarlıq tarixinə Göy məscid adı ilə daxil olan əzəmətli Cümə məscidi qalıb.

Təbriz şəhərinin mərkəzində yerləşən, dünyanın ən böyük bazarlarından biri olan Təbriz bazarı UNESCO-nun dünya irs siyahısına salınmışdır. Aparılan tədqiqatlara görə, Təbriz bazarı eramızın IV əsrində tikilib. Bazar 15 min kvadratmetr ərazidə yerləşir. Bazarda irili-xırdalı 5 min dükan və ticarət mərkəzi var. Şəhər Böyük İpək yolunun üstündə yerləşdiyindən bazar bütün ətraf ölkə tacirləri üçün cəlbedici olmuşdur. Monqollar XIII əsrdə İranı işğal edərkən burada Elxanilər dövləti yaratmışlar. Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb olmuş,  Elxanilər sülaləsinin banisi Hülaki xanın (1256-65) hakimiyyəti illərində Marağa rəsədxanası tikilmişdir. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə Təbriz şəhəri önəmli memarlıq-sənətkarlıq mərkəzinə çevrilmişdir. Həmin dövrlərdə yaşamış tarixçi alim Həmdullah Mustovfi Qəzvini öz qeydlərində Təbriz şəhərinin olduqca böyük bir şəhər olduğunu yazaraq bildirirdi ki, Təbriz bazarında dünyanın bütün nazı-nemətlərini tapmaq olar. Bazar XII əsrdə baş verən zəlzələ zamanı dağılsa da, Qacarların hakimiyyəti dövründə memarlar bazarı bərpa edib, yenidən tikirlər. İqtisadi və memarlıq əhəmiyyətindən əlavə, Təbriz bazarı öz sosial fəallığı ilə də məşhurdur. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının aparıcı mərkəzi Təbriz bazarı idi. Bununla yanaşı, "Yaşıl hərəkat" da, "Səttarxan hərəkatı" da və ötən əsrin 70-ci illərində İranda şaha qarşı xalq etirazları zamanı Təbriz bazarının böyük rolu olmuşdur. Təbriz bazarı turistlərin də sevimli məkanıdır. Bəzən insanlar bura alış-veriş üçün yox, sadəcə çay və qəhvə içməyə gəlirlər.

Təbriz şəhəri Azərbaycanın qədim mənəvi və mədəni paytaxtı olmaqla yanaşı, həm də nağıllar, möcüzələr şəhəridir. Şəhər tarix boyu Yaxın Şərqin ən önəmli elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Təbriz həm də dünyanın ən uzunmüddətli paytaxtlarından biri kimi də tarixə düşmüşdür. Bu möhtəşəm nağıllar, əfsanələr diyarı Rəvvadilər, Atabəylər, Xarəzmşahlar, Elxanilər, Çobanilər, Cəlairilər, Qaraqoyunlular,  Ağqoyunlular, Səfəvilər,  Azərbaycan xanlıqları, Qacarlar, Azadistan və Azərbaycan Milli Hökuməti dövrlərində paytaxt olmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".