Tədarük məntəqələrinə 275 min tondan çox pambıq təhvil verilib
İQTİSADİYYAT

Tədarük məntəqələrinə 275 min tondan çox pambıq təhvil verilib

“Ağ  qızıl” - 2022

Azərbaycan iqtisadiyyatının güclənməsi və bu hesaba xaricdən yüksək keyfiyyətli pambıqyığan maşınların vaxtında alınması sahədə tədricən əl əməyini aradan qaldırır. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, respublikada mexanikləşdirilmiş üsulla kütləvi pambıq yığımı davam edir. Bu günədək fermerlər tərəfindən kondisiya çəkidə 275327 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı hər hektardan 26.41 sentner təşkil edir. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, İmişli, Saatlı, Tərtər, Yevlax və Zərdab rayonlarında orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən daha yüksəkdir.

Artıq birinci yığım başa çatmış, bəzi bölgələrdə isə pambığın ikinci dəriminə  başlanıb.

Qeyd edək ki, bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonlarının ərazisində əkilib. Bu rayonların hər birisinin  ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu məhz  bu 4 rayonun payına düşür.

Pambıq yığımı prosesinə 447 ədəd kombayn və 3085 traktor yedəyi cəlb olunub. Pambıqyığan kombaynların sayının çoxalması sahələrdən məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verir.

Dövlət dəstəyinin genişləndirilməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək yüksək gəlir əldə etməyə sövq edir.

Respublikada pambıq yığımının optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Nəriman CAVADOV,

“Respublika”.