Təhsil İnstitutunun 90 illik yubileyinə həsr olunan hesabat tədbiri keçirilib
Elm və təhsil

Təhsil İnstitutunun 90 illik yubileyinə həsr olunan hesabat tədbiri keçirilib

Dekabrın 20-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) 90 illik yubileyinə həsr olunan hesabat tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə ARTİ-nin direktoru Rüfət Əzizov institutun fəaliyyətindən bəhs edib. Vurğulayıb ki, ARTİ hər zaman Azərbaycanda pedaqoji fikrin inkişafında vacib rol oynayıb. Ölkədə son illərdə baş verən təhsil islahatlarının tam mərkəzindədir. İnstitut öz səriştələrini yeni dövrün tələblərinə transformasiya edib. Gələcəyə istiqamətlənən çağırışlar axtarışındadır, cari işlərlə yanaşı, yeni imkanları da araşdırır.

Rüfət Əzizov qeyd edib ki, Təhsil İnstitutu həm nəzəri, həm də praktiki məsələləri diqqətdə saxlayır. Praktiki əhəmiyyətli layihələr icra edir. İnstitutun hazırladığı ehtiyat dərslikləri minlərlə şagird oxuyur. Müəllimlərin işə qəbulu müsabiqəsində də institut fəal iştirak edir. "STEAM Azərbaycan" layihəsi uğurla icra olunur. Layihə çərçivəsində indiyədək 25 mindən artıq müəllim üçün təlim keçilib. Habelə olimpiadaların kütləviləşməsində institutun rolu böyükdür. Eyni zamanda, institutda metodik xidmətin təşkili ilə bağlı mühüm addımlar atılıb.

Təhsil naziri Emin Əmrullayev institutun keçdiyi yola nəzər salıb. Nazir ölkənin təhsil sisteminin yenilənməsi və inkişafı üçün Təhsil İnstitutunun qarşısında duran vəzifələrdən bəhs edib. Bildirib ki, institut təhsilin inkişafı istiqamətində icra olunan layihələr üçün platforma rolunu oynamalıdır.

Nazir vurğulayıb ki, Təhsil İnstitutunda icra olunan icma əsaslı məktəbəqədər təhsil, ehtiyat dərsliklər, "STEAM Azərbaycan" layihələri təhsil sistemi üçün çox əhəmiyyətlidir. Təhsil sahəsinin inkişafı üçün elmi-tədqiqatlar aparılmalıdır. Yeni təhsil modelləri yaradılmalı, tədqiq edilməlidir. Yeni təhsil modeli yaradılarkən digər ölkələrin təhsil modelləri də nəzərdən keçirilməlidir. Bu modellər birbaşa deyil, pilot layihə kimi tədricən tətbiq olunmalıdır.

Tədbirdə ARTİ-nin direktor müavini Ənvər Abbasov institutun təşkili illəri, müxtəlif illərdə instituta rəhbərlik edən şəxslər, institutun yetirmələri, fəaliyyət istiqamətləri, dövrlər üzrə araşdırılan məsələlər haqqında ətraflı məlumat verib. Təqdimatda ARTİ-nin yığcam tarixi xronikası, fasiləsiz milli təhsil konsepsiyası, təhsil standartları və kurikulumların hazırlanması, dərsliklərin inkişafı, müasir pedaqoji məsələlərə dair tədqiqatlar yer alıb.

ARTİ-nin direktor müavini Ülkər Babayeva ümumi təhsildə məzmun, tədris resursları, qiymətləndirmə tədqiqatları, inklüziv təhsil, olimpiadalar, müxtəlif yerli və beynəlxalq tərəfdaşlarla birgə icra edilən layihələrdən söz açıb.

Tədbirdə ARTİ-nin əməkdaşlarına dövlət təltifləri və fəxri fərmanlar təqdim edilib.

Yubiley tədbirində Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanmış musiqi və rəqs nömrələri təqdim olunub.

Tədbirdə ARTİ-nin, Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, bir sıra dövlət qurumlarının və özəl müəssisələrin rəhbər şəxsləri iştirak ediblər.

AZƏRTAC