Təhsil işçiləri qayğı ilə əhatə olunub
Region

Təhsil işçiləri qayğı ilə əhatə olunub

Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən sosial islahatlar uğurla davam edir. Ölkə Prezidentinin sərəncamları ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas və sosial cəhətdən zəif təbəqənin sosial ödənişlərinin, minimum əməkhaqqının, sosial müavinətlərin və təqaüdlərin artırılması vətəndaş məmnunluğuna hesablanıb. Son 5 ildə dördüncü olan yeni sosial paketdə elm və təhsil işçilərinin və tələbələrin təqaüdlərinin məbləğinin artırılması dövlətin bu sahəyə olan qayğısının daha bir nümunəsidir.

Dövlətin həyata keçirdiyi sosial siyasət xəttinə əsaslanan Həmkarlar İttifaqlarının da fəaliyyətində işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, əmək və istirahət hüququnun təmin edilməsi xüsusi yer tutur. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Quba rayon komitəsi də bu sahədə işini səmərəli və məqsədyönlü qurmağa çalışır. Komitə tərəfindən ötən il bu istiqamətdə xeyli iş görülmüşdür. Bu barədə bir qədər ətraflı məlumat verən komitə sədri İradə İsrailova deyir: Quba rayonu geniş təhsil şəbəkəsinə malikdir. Rayonumuzda xeyli sayda ümumtəhsil məktəbləri, uşaq bağçası-körpələr evi, Quba Dövlət Sosial İqtisad Kolleci, Quba Peşə Liseyi, Quba Xüsusi Peşə məktəbi, Zərdabi qəsəbə valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəbi, Quba fizika, riyaziyyat və informatika təmayüllü lisey fəaliyyət göstərir. Komitə öz ətrafında 134 ilk təşkilatda 5742 nəfər ittifaq üzvünü birləşdirir.  

Məlum olduğu kimi, son illər ölkəmizdə vətəndaşların maddi rifah  halının yüksəldilməsi və sosial problemlərinin həllinə diqqət daha da artmışdır.  Həmkarlar İttifaqı təşkilatı kimi gündəlik fəaliyyətimizdə biz də bunu əsas  tutur, işçilərin maddi vəziyyəti ilə bağlı müraciətlərinə həssaslıqla yanaşırıq.  Bəzi faktlara diqqət çəkmək istəyirəm. Ötən il təhsil müəssisələrində çalışan 59 qrup əlilliyi olan təhsil işçisinə əməkhaqqına əlavələrin ödənilməsi üçün tərəfimizdən lazımi köməklik göstərilmişdir. İlk təşkilatlardan daxil olan qərarlar və ərizələrə vaxtında reaksiya verilmiş, 891 nəfər aztəminatlı təhsil işçisinin müraciəti öz müsbət həllini tapmışdır. Əhalinin həssas qrupu olan  müharibə veteranları, qazilər və şəhid ailələrinə qayğı daim diqqət mərkəzindədir. Ötən il təhsil sahəsində çalışan I və II Qarabağ müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailələrinin 50 nəfərinə ATİAHİ Quba rayon komitəsi tərəfindən maddi yardım göstərilmişdir. Rayon komitəsinə şəhid və qazi ailələri, müharibə iştirakçıları tərəfindən sanatoriyalara yollayış və maddi yardımla bağlı olunan müraciətlərə əsasən 2 nəfər qazi, 1 qazi valideyni yollayış ilə təmin edilmiş, 3 nəfər qazi və 1 nəfər müəllim işləyən qazi anası  və 1 nəfər müəllim qaziyə maddi yardım göstərilmişdir. Rayonun Qam-qam kənd orta məktəbinin müəllimi, həmkarlar təşkilatı fəalı, Vətən  Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyevin anası Niftəliyeva Xalidə Rza  qızının 60 illik yubileyi qeyd olunmuş, o, rayon komitəsinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

Tələbələri də unutmuruq. Ötən il rayonumuzda fəaliyyət göstərən Dövlət Sosial İqtisad Kollecinin 20 nəfər təhsildə fərqlənən fəal tələbəsi  tərəfimizdən mükafatlandırılmış, onlara Fəxri fərmanlar təqdim olunmuşdur. Bundan başqa, 2022-ci ildə rayonumuz üzrə ali məktəblərə qəbul zamanı 600-dən yuxarı bal toplayan 15 nəfər tələbəyə qiymətli hədiyyələr verilmişdir.   

Məlum olduğu kimi, təhsil işçisinin sağlamlığı, asudə vaxtını səmərəli keçirməsi tədrisin keyfiyyətinə öz müsbət təsirini göstərir. Bunu nəzərə alaraq rayon komitəsi tərəfindən pedaqoji kollektivlərin həmkarlar ittifaqı üzvlərinə  sanatoriyalarda dincəlmək üçün yollayışlar verilir, asudə vaxtlarının səmərəli keçirilməsi üçün ekskursiyalar təşkil edir. Ötən il yollayış üçün müraciət edənlərdən 70 nəfər “Bilgəh”, “Naftalan”, “Günəşli”, “Abşeron” sanatoriyalarına, 40 nəfər isə Nabran zonasında yerləşən “Təhsil”, “Xəzər”, “Şahdağ” istirahət mərkəzlərinə göndərilmişdir. Bundan başqa, istirahət və bayram günlərində işçilərin arzusuna uyğun olaraq respublikanın tarixi, görməli, gəzməli, səfalı yerlərinə ekskursiyalar təşkil olunmuşdur. Yeri gəlmişkən deyim ki, işçilərimiz istirahət etmək üçün çox da uzağa getmirlər. Onlar daha çox Quba, Qusar, Şabran rayonlarının tarixi yerlərinə, turizm məkanlarına üz tuturlar. Ötən il ittifaq üzvləri, həmçinin Bakı şəhərinə, Şəki, Qobustan, Göygöl və digər rayonların tarixi və gəzməli-görməli yerlərinə səfər etmişlər.

Rayon komitəsi kütləvi tədbirlərdə, xüsusilə bayram şənliklərində, idman yarışlarının təşkilində yaxından iştirak edir. Belə ki, 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba sektoru üzrə təhsil sahəsində çalışan 15 nəfər Qarabağ qazisinin hər birinə pul mükafatı və həmkarlar təşkilatının Fəxri fərmanı təqdim edilmişdir. Rayon komitəsinin təşəbbüsü ilə Vətən müharibəsi qaziləri və şəhid ailələri üçün Zəfər Günü münasibətilə bayram süfrəsi təşkil olunmuşdur. Bayram tədbirində qazi və şəhid ailələri ilə bərabər, komitənin 60 nəfər fəal üzvü iştirak etmişdir. Ümumilikdə, komitənin 13 ilk təşkilatında Zəfər Gününə həsr olunmuş idman tədbirləri keçirilmiş, qaliblər mükafatlandırılmışdır. Rayon komitəsi və Quba şahmat məktəbinin təşəbbüsü ilə təhsil işçiləri arasında keçirilən şahmat yarışında  xeyli həvəskar idmançı iştirak etmişdir. Tədbirlər çərçivəsində Xınalıq kənd orta məktəbinin ilk təşkilat sədri, Qarabağ müharibəsi iştirakçısı Babayev Səyavuş Ələddin oğluna fəal işinə görə pul mükafatı verilmişdir.

“Sağlam bədəndə sağlam ruh olar” prinsipini əsas götürən ATİAHİ Quba rayon komitəsi həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının daha səmərəli təşkili, onların sağlamlıqlarının bərpa edilməsi, sosial problemlərin həlli istiqamətində fəaliyyətini daha da genişləndirəcəkdir.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.