Təhsilə qayğı öz bəhrəsini verir
Region

Təhsilə qayğı öz bəhrəsini verir

Sabirabad şəhərində bu il ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, icra başçısının müavini Ceyran Xəlilova, YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Həsənova, rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdi.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev tədbir iştirakçılarını salamlayaraq təhsilə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov 15 sentyabr “Bilik günü” münasibətilə gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edib, onlara növbəti fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən respublikanın hər bir bölgəsində olduğu kimi Sabirabad rayonunda da təhsilə xüsusi diqqət və qayğı göstərilir.

Bildirildi ki, ümumilikdə Sabirabad rayonu üzrə ümumtəhsil məktəblərindən 1122 nəfər şagird məzun olub, 356 şagird qəbul imtahanlarında müvəffəqiyyət qazanıb, onlardan 44 nəfəri 500-dən, 6 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

600-dən yuxarı bal toplamış 6 abituriyent Sabirabad Rayon İcra Hakimiyyətinin  Fəxri fərmanı ilə təltif edilib, onlara hədiyyələr təqdim olunub.

   Tofiq HÜSEYN,

    “Respublika”.