Təhsilin uğurları işgüzarlığın, qayğıkeşliyin bəhrəsidir
Region

 Təhsilin uğurları işgüzarlığın, qayğıkeşliyin bəhrəsidir

On-on iki il bundan öncə Balakənin sosial-iqtisadi həyatından bəhs edən yazı hazırlayanda ömrünün ağsaqqallıq çağını yaşayan bir ziyalının dediyi -- rayonumuzdakı bugünkü mühit, xüsusilə təhsil sahəsində əldə edilən ürəkaçan nəticələr bütün istiqamətlər üzrə yaradılan yüksək işgüzarlığın, qayğıkeşliyin, məsuliyyətin bəhrəsidir -- sözləri bu gün də öz qüvvəsində qalır. Ona görə ki, Balakəndə təhsilə diqqət də, dövlət tərəfindən qayğı da ön plandadır. Hər şeydən öncə rayon təhsil şöbəsindən başlamış, bütün ümumtəhsil müəssisələrinədək yüksək intizam, nöqsanlara qarşı barışmazlıq, vətəndaş müraciətinə məmur qayğısı bir nömrəli vəzifəyə çevrilib. Təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsinə rayon icra hakimiyyətinin rəhbərliyi, digər qurumların yaxından köməkliyi, dəstəyi bir gün olsun gündəmdən düşmür.

Bütün bunlara görə də 2020-2021-ci dərs ilini yaxşı nəticələrlə başa vurmuş, yenicə başlanan dərs ilinin ilk ayından uğurlu start götürmüşük, -- deyə rayon təhsil şöbəsinin müdiri Elçin Musayev söhbətinin davamına aşağıdakı təhlillə başladı.

-Rayonda 48 ümumtəhsil məktəbi, o cümlədən 4 ibtidai, 9 ümumi orta, 35 tam orta məktəb və 2 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir. Şagirdlərin 11335 nəfəri Azərbaycan, 1560 nəfəri rus, 150 nəfəri isə gürcü dilində təhsil alır. Onların təlim-tərbiyəsi ilə 1418 nəfər müəllim məşğul olur. 42 məktəbdə 59 məktəbəhazırlıq qrupu təşkil olunmuş, 935 nəfər 5 yaşlı uşaq həmin qruplara cəlb edilmişdir. Birinci sinifə 126 nəfər qəbul olunmuşdur. Təhsil Nazirliyinin bölgüsünə uyğun olaraq dərsliklər dərslər başlananadək şagirdlərə çatdırılmışdır. Qabaqcıl təhsil işçilərimizin xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir. Müəllimlərdən 8 nəfəri “Əməkdar müəllim” adını daşıyır. 14 nəfəri Tərəqqi medalı, 25 nəfəri isə Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif olunmuşdur.

Rayonumuzda məktəblərin maddi- texniki bazasının möhkəmləndirilməsinə də xüsusi fikir verilir. Məktəblərdən 39-u birtipli layihə əsasında tikilmiş, 2-si modul tipli layihə əsasında quraşdırılmış binalardır. Yalnız 6 məktəb uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Hazırda Yeni Şərif kənd tam orta məktəbi üçün 360 şagird yerlik binanın tikintisi aparılır. Növbəti tədris ili başlananadək bu binanın istifadəyə verilməsi planlaşdırılır. Məktəblərdə təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin qarşılaşdıqları problem və çətinliklərin aradan qaldırılması, onların pis vərdişlərə qurşanmaması üçün təhsil şöbəsi və məktəb rəhbərlərinin, digər əlaqədar qurumların iştirakı ilə vaxtaşırı tədbirlər keçirilir. Hər tədris ilində təlimdə çətinlikləri olan, emosional, davranış və digər problemləri, eyni zamanda sosial- məişət çətinlikləri ilə qarşılaşan şagirdlər dəqiqləşdirilir və onlarla lazımi iş aparılır. Maarifləndirmə işinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə hələ 23 aprel 2019-cu il tarixdə rayon təhsil şöbəsində "Uşaqları internetdən qoruyaq", "Mavi balina oyunu" haqqında bilmədiklərimiz, "Uşaqlar niyə intihar edirlər?" mövzusunda konfrans keçirilmişdir. Məktəb direktorları və təşkilatçılarla birlikdə məktəblərin psixoloqları, valideyn assosiasiyalarının fəalları da konfransda iştirak etmişlər. Konfransda  qeyd edilmişdir ki, aşkar olunan bu və ya digər belə neqativ halların qarşısını almaq üçün məktəb-valideyn münasibətlərinin düzgün qurulması çox vacibdir. Ötən tədris ilində məktəb rəhbərləri, valideyn assosiasiyaları fəallarının iştirakı ilə Qabaqçöl zonasından 8 məktəbin iştirakı ilə Şərif kənd 1 saylı tam orta məktəbində və Qazma zonasından 6 məktəbin iştirakı ilə Hənifə kənd tam orta məktəbində "Riskli davranışlara yox deyək" mövzusunda, 4 şəhər və 8 şəhərətrafı məktəblərin iştirakı ilə Nəsimi adına şəhər 2 saylı tam orta məktəbində və Kortala zonasından 4 məktəbin iştirakı ilə İtitala kənd tam orta məktəbində "Siqaret çəkməyə yox deyək" mövzusunda dəyirmi masalar keçirilmişdir. Qaysa kənd tam orta məktəbində rayon polis şöbəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniyaya qarşı mübarizə, dini radikalizm" mövzusunda elmi-praktik konfrans təşkil olunmuşdur. Polis İşçiləri Təhsil Şöbəsinin əməkdaşları və məktəb rəhbərlərinin iştirakı ilə axşam vaxtı rayonda fəaliyyət göstərən internet klublarında reydlər keçirmiş, aşkar edilmiş neqativ halların qarşısını almaq üçün əlaqədar təşkilatlarla birlikdə tədbirlər görülmüşdür.

COVID-19 pandemiyası ilə mübarizədə də ötən dərs ili ərzində ardıcıl mübarizə işləri aparılmışdır. Dərs ilinin ilk günləri ibtidai siniflərdə "Gigiyena qaydalarına necə əməl edirəm", X-XI siniflərdə "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir" mövzularına, cari tədris ilində isə ilk dərslər "Qarabağ Azərbaycandır" mövzusuna həsr edilmişdir.

Balakən Rayon Təhsil Şöbəsi tərəfindən pandemiya dövründə məktəblərə kifayət qədər dezinfeksiyaedici ləvazimatlar verilmişdir. Hər bir məktəbin daxilində karantin otağı yaradılmış, məktəb binasına maskasız daxil olmasına yol verilməmiş, hər bir məktəb binasının girişində "Maskasız giriş qadağandır!", "Sosial məsafə gözlə!" kimi xəbərdarlıq bildirən məlumatlar yerləşdirilmişdir.

Müəllim və şagirdlərin "Virtual məktəb" layihəsindən istifadə bacarıqlarının inkişaf etdirilməsinə, bura daha çox şagird cəlb edilməsinə müntəzəm diqqət yetirilmişdir. Şagirdlərimizin orta hesabla 60 faizi virtual məktəbdə qeydiyyatdan keçmişdir. Virtual məktəblərdə Microsoft TEAMS platformasında onlayn dərslərdə iştirak edənlər isə 40 faizi olmuşdur. Təxminən eyni sayda şagirdlər digər platformalardan dərslərə qoşulmuşdur. 18-20 faizə yaxın şagird də teledərsləri izləmişdir. Müəllimlərimizdən Ulduz Hacıyeva, Altay Məmmədov, Nigar Mollayeva, Təranə Paraşova, Vəfa Emçiyeva, Nəzani Bullayeva, Dinarə Səfərova, Günay Gondolova, Nailə Osmanova, Kəmalə Qayxanova fənn olimpiadalarının respublika turunda, Nizami adına şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi -- Uluxan Uluxanlı tarix fənnindən, Qazbinə kənd tam orta məktəbin 9-cu sinif şagirdi Xəzri Saxrayev İnformatika fənni üzrə I yeri tutmuşdur.

Bu il də ali məktəblərə qəbul imtahanlarından yüksək nəticələr əldə edilmiş, 258 nəfərdən 236 nəfər respublikanın ali məktəblərinə qəbul olmuşdur. Məzunlardan 34 nəfər 500 baldan, 9 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir. Son 2 ildə təlimdə qazandıqları yüksək nailiyyətlərə görə rayonun ümumtəhsil məktəblərinin məzunlarından 1 nəfər qızıl, 4 nəfər gümüş medal almışdır. Təhsildə qazanılan uğurları daha da artırmaq üçün 2021-2022-ci tədris ilində bütün qüvvələr səfərbər ediləcək, rayon təhsil şöbəsi tərəfindən pedaqoji kollektivlərə rəhbərlik və nəzarətin keyfiyyəti yüksəldiləcəkdir.

Rasim AMANOV,

“Respublkia”.