Tələbə komandaları mükafatlandırılıb
Elm və təhsil

Tələbə komandaları mükafatlandırılıb

Bakı Mühəndislik Universitetində "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalında uğur qazanmış BMU-nun tələbə komandalarının üzvlərinin mükafatlandırılması mərasimi təşkil edilib.

Öncə universitetin foyesində komandaların üzvlərinin təqdimatında sərgiyə çıxarılmış texnoloji layihələrə baxış keçirilib.

Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov festival barədə ümumi məlumat verib. Ali təhsil müəssisəsinin 7 tələbə komandasının ("TexnoMex", "RED", "İ.Asimov", "BÖRÜ", "Curiosity", "CabEx", "Iradus Eko") öz innovativ layihələri ilə dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST"də təmsil olunduğunu və final mərhələsinə yüksəldiyini önə çəkən rektor onlardan "RED" komandasının Robotexnika kateqoriyası üzrə birinci yeri tutaraq qaliblər sırasında qərarlaşdığını bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev AMEA-nın "TEKNOFEST"in aktiv iştirakçılarından biri olduğunu bildirib. Vitse-prezident təmsil etdiyi qurumun elmi-tədqiqat institutlarının sərgilədiyi layihələrin iştirakçıların böyük marağına səbəb olduğunu da qeyd edib. Akademik final mərhələsində qələbə çalan BMU komandasını AMEA-nın rəhbərliyi adından təbrik edib və bunu böyük nailiyyət kimi qiymətləndirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, festivalda təşkil olunan müsabiqələrin əsas məqsədi bacarıqlı gəncləri üzə çıxarmaq, həmçinin onların inkişafına dəstək olmaqdır. Festival çərçivəsində 8 texnoloji müsabiqə və 3 beynəlxalq tədbirin baş tutduğunu bildirən nazir müavini bu yarışların pilotsuz uçuş aparatları, peyk modelləşdirilməsi, robototexnika və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərməyə imkan verdiyini vurğulayıb.

Sonra festivalda uğur qazanmış BMU-nun tələbə komandalarının üzvlərinə Fəxri Fərman və mükafatlar təqdim olunub.

Müşfiq MİRZƏ,

"Respublika".