TƏLƏBƏLƏR TƏHSİLLƏRİNİ AVROPADA DAVAM ETDİRƏCƏK
Elm və təhsil

TƏLƏBƏLƏR TƏHSİLLƏRİNİ AVROPADA DAVAM ETDİRƏCƏK

Azərbaycan Texnologiya Universitetinin missiyası Azərbaycanın bütün strateji sahələrində texnologiyaların inkişafına təkan verən yüksək ixtisaslı kadrlar yetişdirməkdir. Eyni zamanda universitetin amalı özünü doğrultmuş dünya təcrübəsindən faydalanaraq, daim mükəmməlliyə doğru irəliləyən bir təhsil müəssisəsi olaraq, gənclərdə texnologiyalara maraq və həvəsi maksimum dərəcədə yüksəltməkdir.

Bu baxımdan bu il də, Azərbaycan Texnologiya Universitetinin 6 tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Almaniya, İspaniya və Polşa universitetlərində bir semestr müddətində təhsilini davam etdirmək imkanını əldə edib. Tələbələrlə görüşən universitetin rektor səlahiyyətlərini müvəqqəti icra edən dosent Yaşar Ömərov həmin tələbələrlə görüşərək onları təbrik edib və öz tövsiyələrini verib. Rektor əvəzi onlara təhsillərində müvəffəqiyyətlər arzulayaraq beynəlxalq mübadilə proqramlarının ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın, İspaniya, Almaniya, Rumıniya, Slovakiya, Polşa, və s. kimi ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir. Almaniya, İspaniya və Polşada təhsil alacaq həmin tələbələrin bütün xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanır.

Z.XƏLİLOV,

“Respublika”.