Təmirə ehtiyacı olan məktəb
Region

Təmirə ehtiyacı olan məktəb

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Ümummilli lider Heydər Əliyev demişdir: "Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır".

Dünyada bütün sahələrdə olduğu kimi, təhsildə də geniş inteqrasiya zərurəti yaranmışdır. Təcrübə göstərir ki, interaktiv təlim metodları dərsin keyfiyyətini artırmaqda mühüm vasitədir. Bu metodlar dərsi maraqlı və cəlbedici edir. Şagirdlərin yaradıcılıq qabiliyyətinin formalaşmasına, təlimin keyfiyyətinin yüksəlməsinə şərait yaradır. İmişli rayonunda Birinci Qarabağ şəhidi Yusif Sadatxanov adına Aranlı kənd tam orta məktəbində olduq. Məktəblə yaxından tanışlıqdan sonra tədris sahəsində görülən işlərlə də maraqlandıq. 2012-ci ildən məktəbin direktoru olan Anar Ələkbərov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı fikirlərini açıqladı. Qeyd etdi ki, məktəbdə 2021-2022-ci tədris ilinə 477 nəfər şagird 13 sinif komplektində təhsilə iki növbədə cəlb olunub ki, onların təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olur. 2022-ci tədris ilində onbirinci sinif üzrə 19 nəfər şagird buraxılış imtahanlarında iştirak etmişdir. Onların hamısı imtahanlarda müvəffəqiyyət qazanıblar. Onbirinci sinif üzrə attestat almış şagirdlərdən 7 nəfər ali məktəbə sənəd vermişdir ki, bunlardan 5 nəfəri ali məktəbə qəbul olunub.

Məktəb direktoru bildirdi ki, məktəbimizin müəllimləri şagirdlərimizin təhsil almaları və təlim-tərbiyəsi üçün səylə çalışırlar. Belə bir məsəl var: sağlam bədəndə sağlam ruh olar. Məktəbimizin indiki vəziyyəti nə müəllimlərimizə, nə də şagirdlərimizin normal təhsil alması üçün yararlı deyil. İnsafən hazırkı vəziyyətdə stol-stul və dərs ləvazimatı ilə bağlı heç bir problemimiz yoxdur. Əsas məsələ ondadır ki, 1969-cu ildə məktəbin bünövrəsi qoyulub, 1972-ci ildə istifadəyə verilib. 1993-cü ildən 1997-ci ilə qədər məktəbin çox hissəsində Füzulidən olan məcburi köçkünlər məskunlaşıb və hətta mal-qaralarını da burada saxlayıblar. Elə həmin vaxt onların bəziləri qış vaxtı mal-qarasını da axşamlar məktəbin idman zalına salırmışlar. İndi özünüz görürsünüz qapılar bərbad halda, pəncərələrin şüşələri yox. İdman zalının taxtadan olan 5 pəncərəsi çürüyüb, heç birinin şüşəsi yoxdur. Pəncərənin böyüklüyünü görürsünüz, onları şüşələməyə bizim gücümüz çatan deyil. Divarların suvaqları uçub tökülür, regiondan bizə hər aya 130 litr neft və odun verirlər. Bu odunlar da yaş, keyfiyyətsiz olduğundan heç sobalar da yanmır. Qış qapını alıb, əslində 15 noyabrdan bütün siniflərdə sobalar yanmalıdır, odun sobalarına tüstü çəkən boruları da verməyiblər. İndiyə kimi məktəb 1980-ci ildə bircə dəfə cari təmir olunub. Millət vəkili Razi Nurullayev kəndimizdə olanda sakinlər bu acınacaqlı vəziyyəti ona da bildirdilər və köməklik etməsini xahiş etdilər. R.Nurullayev 2023-cü ilə burada yeni məktəb tikiləcəyini bildirdi. Anar müəllim qeyd etdi ki, bu məktəbin əsaslı təmiri və ya burada yeni məktəb binasının tikilməsi ilə bağlı vədlər ötən illər ərzində çox olub. İmişlinin keçmiş icra hakimiyyəti başçısının kəndimizdə səyyar görüş-qəbul vaxtı da bu məsələ dəfələrlə gündəmə gətirilib. Məktəbə baxılıb və tezliklə burada 528 şagird yerlik məktəbin tikilisinə söz də verilib, təəssüflər olsun ki, verilən heç bir vədə əməl olunmayıb.

Bir sözlə, hər bir insanın ömür, həyat yolu məktəbdən başlayır. Peşəsindən asılı olaraq cəmiyyətdə özünə layiqli yer tutan hər bir insan deyərdim ki, müqəddəs məktəbə borcludur.

Ərəstun ABDULOV,

"Respublika".