Təmiz dünya - sağlam gələcək naminə
İqtisadiyyat

Təmiz dünya - sağlam gələcək naminə

Hazırda dünyada bir çox proseslər gedir. Bunlar əsasən, ətraf mühit, qlobal istiləşmə, müharibələr, insan tələfatı, aclıq, susuzluq və sairdir. Beynəlxalq arenada ölkə başçıları bu məsələlərin həlli üçün bir sıra mühüm addımlar atır, görüşlər keçirirlər.

Yer kürəsində bu kimi proseslərin getdiyi bir vaxtda özəl və ya dövlət təşkilatlarının, şirkətlərin problemin həlli üçün alternativ təkliflər irəli sürməsi xüsusi önəm kəsb edir. Ölkəmizdə bu ilin ikinci rübündə British Petroleumun (BP) vasitəsilə həyata keçəcək "Şəfəq" layihəsi də bu mənada xüsusi yerə malikdir. Qeyd edək ki, Azərbaycanla BP arasında tarixə söykənən köklü əlaqələr mövcuddur. Şirkət 1992-ci ildən başlayaraq bu günə qədər sərhədlərimiz daxilində bir çox böyük işlərin müəllifi, icraçısı olub. BP-nin əməliyyatçısı olduğu dünyasəviyyəli layihələr Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevirməklə onun inkişafına töhfə verib. Şirkətin Azərbaycanda mövcudluğu bir çox mənada ölkəmizə müsbət təsir göstərib. Belə ki, BP hazırda ölkədə ən böyük xarici investorlardandır. Həmçinin iqtisadiyyatın güclənməsi, yeni əhəmiyyətli gəlir axınının təmin edilməsi, dənizdə karbohidrogen hasilatı sektoruna əsasən müasir texnologiyaların inkişafına, dünyanın ən müasir neft və qaz emalı qurğularından birinin inşasını, dünya səviyyəli tikinti və istehsal obyektlərinin yaradılmasını və Azərbaycanın digər ölkələrlə qurduğu yeni kommersiya əlaqələrinin inkişaf etdirilməsini özünə prioritet seçib.

Davamlı olaraq əlaqələrin güclənməsinə töhfə verən, layihələrin şaxələndirilməsi üçün əlindən gələni edən şirkət bu günlərdə yeni perspektivlərlə bağlı müjdə verib. Belə ki, Azərbaycanın cənub-qərbində yerləşən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda "Şəfəq" layihəsi üzrə iş proqramı çərçivəsində layihə üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantı hazırlanıb və dərc edilib. Müvafiq sənəddə "Şəfəq" layihəsi üzrə fəaliyyətin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilib və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilib. Layihənin icraçısı olan BP elan edib ki, ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir. Bundan başqa, layihə çərçivəsində fotovoltaik (PV) günəş elektrik stansiyasının yaradılması nəzərdə tutulub. Qeyd edək ki, günəş enerjisini elektrik cərəyanına çevirən texnologiyaya fotovoltaik texnologiyası deyilir. Silikona bənzər materiallar günəş enerjisini birbaşa elektrik enerjisinə çevirmək qabiliyyətinə malikdir. Bu da fotovoltaik effekt adlanır. Bununla yanaşı, günəş batareyaları da fotovoltaik prinsip əsasında işləyir. Bu o deməkdir ki, işıq düşəndə onun uclarında elektrik gərginliyi yaranır. Günəş hüceyrələri fotonları udur və fotonların enerjisini elektrona çevirir. Bu elektronlar hüceyrələrin ön və arxa hissəsində saxlanılır. Burada meydana gələn gərginlik elektrik cərəyanı yaradır. Nəticədə təbiətdən alınan enerji ilə ətraf mühitə zərər vermədən enerji əldə edilir və istifadə olunur.

Cəbrayıl rayonunda yaradılacaq "Şəfəq" layihəsi çərçivəsində PV günəş elektrik stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan (MVtAC) gücünə malik olacaq. Layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələndirilməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir. Proyekt üzrə tikinti işlərinin 2024-cü ilin ikinci yarısında başlanacağı və təxminən 18 ayadək davam edəcəyi gözlənilir.

Layihə ilə bağlı məlumatlandırıcı sənədlər həm Azərbaycan, həm ingilis dillərində rəsmi sayta yerləşdirilib. Burada əsas məqsəd maraqlı tərəflərlə məsləhətləşməkdir. Bu da ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəy və təkliflərinin dinlənilməsi və sənədləşdirilməsi prosesi kollektiv fikirlərin layihənin planlaşdırılmasında və ƏMSSTQ-də nəzərə alınmasını təmin edir.

2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un cari ilin noyabrında paytaxtda baş tutması və BP kimi dünya miqyaslı şirkətin Cəbrayıl rayonunda belə layihələr həyata keçirməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla biz dünyaya bir daha sübut edirik ki, Odlar yurdu Yer kürəsinin problemlərinə biganə deyil. Ölkəmiz baş verən  proseslərə səssiz qalmır, problemləri aradan qaldırmaq üçün əlindən gələni edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".