Teodora Gençovska: Bolqarıstan Azərbaycan ərazilərinin minalardan təmizlənmə prosesinə töhfə verməyə hazırdır
Siyasət

Teodora Gençovska: Bolqarıstan Azərbaycan ərazilərinin minalardan təmizlənmə prosesinə töhfə verməyə hazırdır

Mayın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bolqarıstanlı həmkarı Teodora Gençovska ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iki ölkənin xarici işlər nazirləri arasında təkbətək başlanan görüş sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə strateji dialoqla davam edib.

Dialoq görüşündə nazir Teodora Gençovska azərbaycanlı həmkarını səmimiyyətlə salamlayıb və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağı ərəfədə reallaşan səfərin əhəmiyyətini vurğulayıb. O, son 30 il ərzində ölkələrimiz arasında bir sıra sahələrdə, o cümlədən enerji, nəqliyyat və bağlantı, turizm və digər sahələrdə əməkdaşlığın inkişafını məmnunluqla vurğulayıb.

Nazir Ceyhun Bayramov dəvətə görə həmkarına təşəkkürünü ifadə edib və ölkələrimiz arasında ikinci strateji dialoq görüşünün diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd olunacağı ərəfədə keçirilməsinin rəmzi xarakter daşıdığını qeyd edib. Nazir iki ölkə arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə hörmət və qarşılıqlı anlaşma ruhunda inkişaf etdiyini bildirib. O, ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoqun, iqtisadi sahədə də müsbət artım dinamikası ilə müşayiət olunduğunu vurğulayıb.

Nazirlər ölkələrimiz arasında iqtisadi əlaqələrin özəyini təşkil edən enerji sektoru, habelə nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər. Cari il ərzində keçirilməsi planlaşdırılan Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının ikitərəfli əməkdaşlığın genişləndirilməsinə müsbət töhfə verəcəyindən əminlik ifadə edilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə mərhələsində bölgədə mövcud olan vəziyyət, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının ağır nəticələrinin aradan qaldırılması üçün görülən işlər, o cümlədən azad olunan ərazilərdə minaların təmizlənməsi, bərpa və quruculuq işləri, habelə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar və bölgədə sülh və tərəqqinin təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyi barədə məlumatlandırıb.

Nazir Teodora Gençovska Bolqarıstanın Azərbaycan hökumətinin həyata keçirdiyi minalardan təmizləmə prosesinə töhfə verməyə hazır olduğunu ifadə edib.

Tərəflər ikitərəfli müstəvi ilə yanaşı, qlobal və regional beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdən sonra nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olub və mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC