Terrorçular layiqli cəzalarını almalıdır
MÜSAHİBƏLƏR

Terrorçular layiqli cəzalarını almalıdır

İranda Azərbaycan səfirliyinə edilən silahlı hücum, səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsi, iki nəfər əməkdaşın yaralanması hər birimizi dərindən kədərləndirir. Azərbaycan dövlətinə, Azərbaycan ərazisinə hücum, terror aktı olan bu dəhşətli olay İran tərəfindən ailə-məişət zəminində baş vermiş hadisə kimi qiymətləndirilir.

Həmsöhbətimiz Şəmsəddin Əliyev Masallı rayonunun Qodman kəndində dünyaya göz açıb. Respublikamızda təcrübəli, peşəkar hüquqşünas, istedadlı yazıçı-publisist kimi tanınır. Daxili işlər orqanlarında 30 ildən artıq rəhbər vəzifələrdə işləməklə ömrünü bu məsul, şərəfli xidmətə həsr edib. İstefada olan polis polkovniki "Polisə Dəstək" İctimai Birliyinin sədridir. Təcrübəli, peşəkar polis veteranı Ş.Əliyev səfirliyimizə hücumu əks etdirən videogörüntüləri təhlil edərək deyir:

- İran vətəndaşı Yasin Hüseynzadə maşınla ölkəmizin Tehrandakı səfirliyinin qarşısına gələrək səfirliyə məxsus maşını arxadan vurur. Zərbənin səsi aydın eşidilsə də, səfirliyin binasını qoruyan İran polisi buna heç bir reaksiya vermir. Terrorçu əlindəki "Kalaşnikov" markalı avtomatla maşından düşüb həmin polisin yanından keçir və əli ilə ona işarə edərək səfirliyin binasına daxil olur. Bu polis tərəfindən cinayətkar heç bir müqavimətə rast gəlmir. Göründüyü kimi, bunlar əvvəlcədən razılaşdırılmış, məqsədli, düşünülmüş qaydada baş verir. Əslində, səfirliyimizin maşınına arxadan zərbə vurulan andan polis cəld hərəkətə keçməli, bu barədə məlumat verməli, cinayətkarın qarşısını almalı idi. Lakin polis seyrçi mövqe tutmaqla faciənin baş verməsinə bilavasitə şərait yaradır.

Hadisənin detalları üzə çıxdıqca həqiqət daha da aydınlaşır. Daha bir yeni videogörüntü diqqətimizi cəlb edir.Terrorçu içəridə səfirliyimizin əməkdaşlarına atəş açarkən çöldə bir nəfər içəri girməyə cəhd edir və hətta müqavimət də göstərir. Əlində Molotov kokteyli tutmuş ikinci şəxs kokteyli binaya atmaq istəyərkən səhvən öz üzərinə düşür və yana-yana hadisə yerindən qaçaraq uzaqlaşır. Bu görüntülər faciənin ən azı 3 nəfər, yəni qrup şəklində törədildiyini sübut edir. Həm də təəccüblü odur ki, təxminən yarım saat davam edən hadisə zamanı İran polisi köməyə gəlmir, ərazidə xidmət edən polis əməkdaşı isə prosesə heç bir müdaxilə etmir.

Bu hücum birbaşa ölkəmizə qarşı yönəlmiş terror aktıdır və beynəlxalq hüququn kobud şəkildə pozulmasını təsdiqləyir. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası və digər mühüm sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binalarını istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir". Bu terror aktı göstərdi ki, İran diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməyib.

Rəsmi Tehran törədilmiş ağır cinayəti hərtərəfli, dərindən araşdırmaq əvəzinə terrorçunu televiziyaya çıxarır, hadisənin təfərrüatlarını gizlətməyə çalışır. Lakin dünyanın heç bir ölkəsində, hətta inkişaf etmiş demokratik dövlətlərində belə terrorçu istintaq zamanı ekrana çıxarılmır.

Ölkəmizin Tehrandakı səfirliyinə qarşı edilən hücumun beynəlxalq səviyyədə pislənilməsi, onu təşkil edən və həyata keçirən şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilməsi ilə bağlı ölkəmizin Xarici İşlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara, o cümlədən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosuna, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə kommunike və bəyanat layihələri təqdim edilib. İran tərəfi buna etiraz edərək sənədlərin qəbuluna maneçilik göstərib. Hətta üzvü olduğu beynəlxalq təşkilatlarda təmsil olunan ölkələrdən dəstək istəyib. Qoşulmama Hərəkatında 120 ölkə arasında ancaq Hindistan və Suriya onu dəstəkləyib.

Göründüyü kimi, artıq dünya dəyişib. Haqqı gizlətmək mümkün deyil. İran terrorist dövlət kimi bütün dünyada tanınmalı, səfirliyimizə qarşı törədilən terror aktı beynəlxalq müstəvidə pislənilməli, cinayətkarlar layiqli cəzalarını almalıdırlar.

Əlisəfa HƏSƏNOV,

"Respublika".