Tərtər: Kəngərli şəhidlərinin xatirəsi əbədiləşdirilib
Sosial həyat

Tərtər: Kəngərli şəhidlərinin xatirəsi əbədiləşdirilib

Respublikamızda Vətən uğrunda canlarından keçən oğullarımızın xatirəsi ehtiramla anılır və əbədiləşdirilir. Tərtər rayonunun Kəngərli kəndində birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsinin açılışı olub.

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib,  abidənin önünə əklillər və  gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Vətən müharibəsində məkrli düşmən beynəlxalq hüquq normalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla rayonun 40 yaşayış məntəqəsinə  16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Şəhid polkovnik leytenant, Vətən Müharibəsi Qəhrəmanı Əliyev Anarın atası Əliyev Vaqif və şəhid baş leytenat Qənbərli Qənbərin atası Qənbərli Bəhruz çıxış edərək  Azərbaycan ordusunun qüdrətindən, hərbçlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Məktəblilərin ifasında Vətənə, qalib ordumuza və şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Şəhid ailələri və qazilər diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Kənddə Vətən müharibəsi şəhidi Quluzadə Elmin Şəmsi oğlunun xatirəsinə tikilmiş bulaq da istifadəyə verildi.

Vəli VƏLİYEV,

“Respublika”.