Tərtər - Vətən müharibəsində ən çox zərərçəkən, dağıntılara məruz qalan rayon
Region

Tərtər - Vətən müharibəsində ən çox zərərçəkən, dağıntılara məruz qalan rayon

1988-ci ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı kütləvi şəkildə vəhşicəsinə doğma yurdlarından qovdular, bununla kifayətlənməyərək yeni əraziləri işğal etmək eşqinə düşdülər. Öz havadarlarının birbaşa dəstəyi ilə Azərbaycanın dilbər guşələrindən olan Qarabağı və ətraf rayonları işğal edərək 30 il ərzində tamamilə yer üzündən sildilər. Azərbaycana külli miqdarda maddi ziyan vurdular, ekoloji terrorlar törətdilər. Eyni zamanda işğal etdikləri ərazilərdən fasiləsiz olaraq dinc əhalini atəşə tutdular.

Bütün bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev dünya birliklərininə, beynəlxalq aləmə özlərini sülh carçısı adlandıran, demokratiyanın beşiyi sayan böyük dövlətlərə məsələni sülh yolu ilə həll etməklə torpaqların işğaldan azad olunması ilə bağlı müraciət etsə də, heç bir müsbət nəticə əldə olunmadı, əksinə, atəşkəs imzalanmasına baxmayaraq, snayperlərdən və digər silahlardan atəş açaraq hətta qadınları və körpələri də qətlə yetirməkdən çəkinmədilər. Tərtər əhalisi 30 il ərzində səksəkədə və qorxu içində yaşadılar. Lakin hər bir tərtərli bu illər ərzində ata-baba yurdlarında yaşamağa üstünlük verərək gündəlik qayğıları ilə məşğul oldular. Sözsüz ki, bu proses uzun sürə bilməzdi. Artıq xalqın səbir kasası daşmışdı. Hər kəs silaha sarılaraq vətənin müdafiəsinə, müqəddəs torpaqların murdarlardan təmizlənməsində israrlı idi. Nəhayət, 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyev əks-hücum əməliyyatının keçirilməsi ilə bağlı xalqın çoxdan gözlədiyi əmri verdi. Bütün müasir silahlarla təchiz olunmuş Müzəffər Ordumuz döyüşün ilk anlarında üstünlüyü tam ələ keçirdi. Cəsur Azərbaycan əsgərləri döyüş meydanında bəşər tarixində görünməmiş hərbi əməliyyatlar nümayiş etdirdi. Hər gün Ali Baş Komandan efir vasitəsilə əsgərlərimizin qələbəsini xalqa çatdırırdı. Təəssüflər olsun ki, cəsur Azərbaycan döyüşçüsündən fərqli olaraq ermənilər döyüş meydanında igid əsgərlərimizlə bacarmadıqda mülki əhalini hədəf seçirdi. Bütün insani hisslərdən uzaq, vəhşiləşmiş ermənilər öz acizliklərini dünyaya göstərdi.

44 günlük Vətən müharibəsində ən çox zərərçəkən Tərtər olmuşdur. Rayon mərkəzi, eyni zamanda digər yaşayış məntəqələri dayanmadan qadağan olunmuş silahlardan, toplardan atəşə məruz qalırdı. Hazırda rayona atılmış raketlərin qalıqlarının bir hissəsi sübut üçün saxlanılır. Rayona düşən mərmilərin sayından insan dəhşətə gəlir. O qədər də böyük olmayan Tərtərə 16277 top, qrad mərmisi və 21 qadağan olunmuş raket atılmışdır, nəticədə 12 körpələr evinin binasına, 16 orta ümumtəhsil məktəbinə, peşə təhsili məktəbinə, 10 ədəd tibb mərkəzinə, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə ciddi ziyan dəymişdir. 60 fərdi yaşayış evi, 6 sahibkarlıq obyekti, 2 sosial obyekt, 8 nəqliyyat vasitəsi tam yararsız vəziyyətə düşmüşdür. Bundan başqa, 5344 fərdi yaşayış evinə, 301 qeyri-yaşayış sahəsinə, 178 sahibkarlıq obyektinə, 30 inzibati binaya, çoxlu sayda kənd təsərrüfatı texnikasına ciddi ziyan dəymişdir. Tərtər atəşə tutulan zaman 16 nəfər mülki şəxs şəhid olmuş, 63 nəfər ağır yaralanmışdır. 10 nəfər Tərtər şəhər sakini, 3 nəfər Şıxarx qəsəbəsi, 1 nəfər Azad Qaraqoyunlu kəndi, 1 nəfər Kəbirli kəndi, 1 nəfər isə Cəmilli kəndində şəhid olmuşdur. Tərtər şəhəri Elman Səfərov küçəsində İsmayılov Sahib Səfər oğlunun evi mərmi düşməsi nəticəsində tamamilə yararsız hala düşmüşdür. Dövlət tərəfindən vətəndaşa 4 otaqlı yaşayış evi tikilmiş, bərbad hala düşmüş, dağılmış ev isə muzey kimi saxlanılır. Sözsüz ki, dəyən maddi zərər ödənilsə də, insanlara dəyən mənəvi zərər beyinlərdə əbədi qalacaq.

Tərtər şəhər sakini, ziyalı Elfuzə Vəliyeva Vətən müharibəsi zamanı, eləcə də əvvəllər ermənilərin törətdikləri vəhşiliklərdən danışaraq bildirdi ki, tarixən iblis xislətli erməni mənfurlarının törətdiyi faciədə və buna bənzər düşmənçilik siyasətindən əziyyət çəkənlərdən biri də sakini olduğum Tərtər rayonudur. Tərtər həmişə mənfur qonşuların xəyanətlərinə düçar olub. Lakin mərd, igid insanların mübarizliyi, birliyi, vətənpərvərliyi sayəsində doğma torpağımızın bir qarışı belə düşmənə təslim olmayıb. Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi Tərtər erməni faşizmi nəticəsində ikinci Stalinqrada çevrilmişdir. I Qarabağ müharibəsində atəşkəs elan olunmasından sonra günahsız dinc sakinlər erməni vandalizminin qurbanlarına çevrilmişdir. Əkin-biçinlə məşğul olanlar, otlaq sahəsində heyvan otaranlar və başqaları erməni gülləsinə tuş gəlmişdir. 2015-ci il sentyabr ayının 1-də rayonun Qapanlı kəndində 4 yaşlı qızcığaz Zəhra, nənəsi Müşgünaz azğınlaşmış ermənilərin atəşinə məruz qalmışlar. Həmin insanların sağlamlığı hələ də tam bərpa olunmamışdır. Vətən müharibəsi zamanı hər birimizin gözü qarşısında şəhər və kəndlər aramsız atəşə tutulur, hətta qəbiristanlıqda dünyasını dəyişmiş doğmasını dəfn etməyə gedən vətəndaşlar da qətlə yetirilmişdir. Rayon sakinləri İsgəndər Əmirov, bir ailənin yeganə oğlu Pərviz Orucov şəhirin ən xeyirxah insanlarından Vasif Rüstəmov və onlara köməyə gələn Şakir Zamanov şəhid olmuşdur. Sözsüz ki, istər mülki, istərsə hərbi şəhidlərin qisası alındı, qanları yerdə qalmadı.

Hazırda dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Tərtərdə aparılan irimiqyaslı quruculuq, abadlıq işləri rayonu müasir məkanlardan birinə çevirmişdir.

Vəli VƏLİYEV,

"Respublika".