TƏRTƏRDƏ ÇİYİD SƏPİNİ BAŞLAYIB
Region

TƏRTƏRDƏ ÇİYİD SƏPİNİ BAŞLAYIB

Respublikamız üçün ənənəvi gəlirli sahələrdən olan pambıqçılığın inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzində saxlanılır. Xam pambığın alış qiymətinin hər il qaldırılması, verilən subsidiyalar, fermerlərin bu vacib sahəyə marağını daha da artırır.

Qarabağ iqtisadi rayonuna daxil olan Tərtər rayon pambıqçıları becərmədə aqrotexniki qaydalara ciddi əməl etməklə hər il yüksək məhsuldarlığa nail olur, pambıq istehsalında qabaqcıl yerlərdə qərar tuturlar, ilbəil məhsul istehsalında artım müşahidə olunur. Sözsüz ki, yüksək məhsuldarlığın əldə olunmasında vaxtlı-vaxtında suvarma suyuna olan tələbatın ödənilməsi vacib şərtdir. Bu baxımdan 2020-ci ildə işğaldan azad olunan Suqovuşan Su Anbarının suvarma ilə bağlı mövcud olan problemlərin aradan qaldırılmasında böyük əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Hazırda Tərtərdə çiyid səpininə start verilib.

Bu il rayonda 2439,7 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

Ərazidə fəaliyyət göstərən "MKT İstehsalat Kommersiya" MMC tərəfindən 408 istehsalçı "Azərpambıq" MMC tərəfindən isə 302 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə kimyəvi preparatlarla tam təmin edilirlər. Rayonda səpinə 24 aqreqat cəlb olunub bu işlərin 15-20 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.

Rayon rəhbərliyi mütəmadi olaraq tarlalara baş çəkir. Sarıcalı kənd sakini Hüseyn Cəbrayılovun sahəsində səpin işlərinin gedişini izləyərkən isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fermerlərə müvafiq tövsiyələrini verib.

Vəli VƏLİYEV,

"Respublika".