TƏRTƏRİN QIŞ QAYĞILARI
Region

TƏRTƏRİN QIŞ QAYĞILARI

Respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da qışa hazırlıq məsələsi vaxtında diqqət mərkəzində saxlanılmışdır. Belə ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qış aylarında əhalinin heç bir problemlə üzləşməməsi üçün əlaqədar idarə və təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir. Yollarda avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün 42 nömrəli Yol İstismarı MMC tədbirlər planına uyğun olaraq zəruri, qabaqlayıcı tədbirlər görmüş və işlər davam etdirilir.

Sürüşkənliyin qarşısını almaq məqsədilə yolların mailliyinin çox olan hissələrində, döngələrdə istifadə etmək üçün 600 kubmetr qum, 20 ton duz tədarük olunmuş, əraziyə daşınması davam etdirilir. Müəssisəyə məxsus olan texnikalara, nəqliyyat vasitələrinə baxış keçirilmiş, bir ədəd avtoyükləyici, 2 ədəd avtoqreyder, 1 ədəd buldozer, 1 ədəd ekskavator, 2 ədəd fəhlə maşını, 5 ədəd yükünü özüboşaldan avtomobil saz vəziyyətə gətirilmişdir. Kifayət qədər benzin, dizel yanacağı və sürtkü yağları ehtiyatı yaradılmışdır.

Avtomobil yollarında əmələ gələn çalalar təmir olunmuşdur. İşçilər isti geyim və çəkmələrlə təmin edilmişlər. Payız-qış mövsümü ilə əlaqədar müəssisə daxilində növbətçilik qrafiki tərtib olunmuşdur. İstehsalat bina və qurğular qış mövsümünə tam hazırlıq vəziyyətinə gətirilmişdir.

Tərtər Şəhər Kommunal Təsərrüfat İdarəsi 2022-2023-cü il payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun şəhərin normal işıqlanması üçün maddi bazanın möhkəmləndirilməsi və yaradılması istiqamətində lazımi işlər görmüş, lampa və flakonların, dirəklərin izolyasiya materiallarının komplektləşməsi başa çatdırılmışdır. Şəhərin təmizlənməsi, məişət tullantılarının vaxtlı-vaxtında daşınması, zərərsizləşdirilməsi və abadlaşma işlərinin sürətini artırmaq üçün texnikalar təmir olunaraq saz vəziyyətə gətirilmişdir.

Tərtər Rayon Mənzil İstehsalat Təmir İstismar sahəsi qış aylarında sakinlərin rahat yaşayışını təmin etmək üçün tərtib olunmuş iş planına əsasən üzərlərinə düşən vəzifəni yerinə yetirirlər. İstismar sahəsinin balansında 104 kommunal yaşayış binasında 1258 mənzil mövcuddur.

Çoxmərtəbəli yaşayış binalarının əksəriyyətində dam örtüklərində təmir işləri aparılmış, navalçalar təmizlənmiş, bloklarda qapı və pəncərələr quraşdırılmışdır. Beşmərtəbəli və ikimərtəbəli yaşayış binalarında tüstü bacaları yenilənmiş, digər tüstü bacalarına baxış keçirilmiş, təmizlənməyə ehtiyacı olanlarda təmizlik işləri aparılaraq qış mövsümünə hazır vəziyyətə gətirilmişdir. Qış aylarında binaların girişinə (buz olarsa) tökmək üçün duz-qum tədarük olunmuşdur.

Tərtərdə əhaliyə qış aylarında nümunəvi rabitə xidməti göstərmək üçün Mərkəzi Aran Regional filialı Tərtər şöbəsi rabitə xətlərinə mane olan ağacları budamış, ərazidə əyilmiş rabitə dirəkləri texniki normaya çatdırılmış, dibi çürümüş dirəklərə dəmir-beton salınmış, bu istiqamətdə işlər davam etdirilir. Kabel kanalizasiya quyuları təmizlənmiş, kabellərin texniki normaya uyğun vəziyyətə yığılması və quyuların germetekliyi təmin olunmuşdur.

Maşın-mexanizmlər və dizel yanacağı ilə işləyən generatorlar ehtiyat yanacağı ilə təmin olunurlar. Qış aylarında əhalinin ən çox üzləşdiyi problem elektrik verilişində fasilələrin yaranmasıdır. Bu problemin olmaması üçün qabaqlayıcı tədbirlər həyata keçirilmiş, ağac dayaqlar yenilənmiş, transformatorun boşaldıcıları və izolyatorlar dəyişdirilmişdir.

Əhalinin davamlı şəkildə keyfiyyətli təbii qazla təmin edilməsi üçün qaz təsərrüfatında 109 ədəd qaz tənzimləyici şkaf quraşdırılmışdır. Bundan başqa, şəhərin Famil Qulami, Bəsti Bağırova küçələrində və rayonun Sarıcalı, Buruc kəndlərində təmir işləri aparılmışdır.

Tərtər qışa hazırdır.

Vəli VƏLİYEV,

«Respublika».