Təsərrüfat qayğı, zəhmət tələb edir
Region

Təsərrüfat qayğı, zəhmət tələb edir

2021-ci ilin təqvimində son günlər vərəqlənir. Şanlı Zəfər Qələbəmizin ildönümünün bayram etdiyimiz 2021-ci il həm də təsərrüfatın bütün sahələrində əldə olunmuş nailiyyətlərlə,bəzi hallarda qayğı və müəyyən çətinliklərlə yadda qalmışdır. Kürdəmir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılov aqrar sahədə görülən işlər barədə məlumat verdi:

Kürdəmir rayonunda kənd təsərrüfatına yararlı sahələr 111.320   hektardır, hamısı suvarılan sahələrdir. 2021-2022-ci ilin təsərrüfat ilində 50 min hektar sahədə taxıl əkini proqnozlaşdırılmışdır. Bundan 17 min hektar sahədə buğda, 33 min  hektar sahədə isə arpa əkilməsi nəzərdə tutulmuşdur.

Pambıqçılıq sahəsində 2021-ci ildə rayon üzrə "P-Agro" MMC tərəfindən 1200 hektar, MKT tərəfindən 518,5 hektar, "Kürdəmir-Pambıq" ASC tərəfindən 753,4 hektar və "Azərpambıq" tərəfindən 30 hektar, ümumilikdə, 2501,9  hektarda pambıq əkini keçirilmişdir. 2021-ci ildə 176 kümçüyə 500 qutu tut ipəkqurdu verilmişdir. Rayon üzrə 13.680,15 kiloqram barama tədarük edilərək "Azər İpək" MMC-yə təhvil verilmişdir. 2019-cu ildə rayon ərazisində 28.416 ədəd, 2020-ci ildə rayona  Çin Xalq Respublikasından 26.600 və 2021-ci ildə 20 min yerli tut tingi gətirilmiş və paylanaraq əkilmişdir.

Heyvandarlıq sahəsində də göstəricilərimiz qənaətbəxşdir. Cari ildə 5377 baş heyvan süni mayalandırılmış, 1831 baş süni mayalanma yolu ilə buzov doğulmuşdur. Süni mayalanma yolu ilə doğulmuş 588 baş buzova görə heyvan sahiblərinə subsidiya verilmişdir.

Kürdəmir rayonu üzrə təsərrüfatlarda  65 min   başdan çox  iribuynuzlu mal-qara, 137 min baş xırdabuynuzlu (qoyun-keçi) və 368.410 baş quş bəslənilir. Kürdəmir Rayon Baytarlıq İdarəsi tərəfindən  heyvanlarda müxtəlif xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılmışdır. Müxtəlif həcmli obyekt və ərazi dezinfeksiya edilmişdir.

Kürdəmir Rayon Bitki Mühafizə Mərkəzi  tərəfindən 2021-ci ilin 9 ayı ərzində rayonun kənd təsərrüfatı sahəsində siçanabənzər gəmiricilərə qarşı 12.228 hektar sahədə mübarizə tədbirləri aparılmışdır. Rayon üzrə ümumilikdə 23.257 hektar sahədə müşahidələr aparılmış, 14.308 hektar sahədə zərərvericilərlə sirayətlənmə qeydə alınmışdır. Təsərrüfat subyekti hesabına 1096 hektar sahədə mexaniki, 90849.2  hektar  sahədə kimyəvi, büdcə vəsaiti hesabına 1282.8 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılmışdır. Rayon üzrə 1272 hektar pambıq sahəsində defolyasiya aparılmışdır. 1120 ton toxum dərmanlanmışdır.

Kürdəmir rayonunda 1129 ədəd texnika qeydiyyatdadır. Bunlardan  670 ədədi carı ildə illik texniki baxışdan keçib.

Cari ildə həyata keçirilən tədbirlərin göstəricilərini sadaladım. Təsərrüfat qayğı, zəhmət tələb edir. Bütün bunlarla yanaşı suvarmada çətinliklər də olub. Lakin həm taxılçılıqda, həm də pambıq və digər əkin sahələrində məhsuldarlıq nəzərdə tutulan səviyyədə alınıb. Yeri gəlmişkən deyim ki, "ağ qızıl" toplanışı davam etməkdədir. Əkin aparılan taxıl sahələrində suvarma, yemləmə işləri normal həyata keçirilir.

Tofiq HÜSEYN,

 "Respublika".