Təsərrüfat qayğıları: Qışın yem tədarükü yayda həll olunur
Region

Təsərrüfat qayğıları: Qışın yem tədarükü yayda həll olunur

Uzun illərdir qış aylarında bəzi fermerlər ən çox mal-qaraya verilən yem qıtlığından şikayət edirlər. Soyuq aylarda bir kip  yoncanın qiyməti bəzən beş manata qalxır. Aydındır ki, belə olan təqdirdə heyvandarlıq məhsullarının qiymətində də bahalaşma yaranır. Amma belə hal heç də bütün fermer təsərrüfatlarına şamil edilmir. Planlaşmanı, təsərrüfat quruculuğunu dərindən mənimsəyən fermerlər pay, yaxud icarə torpaqlarının bir hissəsini yem bitkilərinin əkininə ayırırlar. Məsələn, Sabirabad rayonunun Azadkənd kəndində fermer təsərrüfatına rəhbərlik edən Namil Vəlişov yem bitkilərinin əkinində və tədarükündə yaxşı təcrübə qazanmışdır. Fermer mal-qara, qoyun-davar, at saxlayır və təsərrüfatı yemlə təmin etməklə yanaşı,  satışa keyfiyyətli yonca kipləri də çıxarır. Namil Vəlişov deyir:

-Torpaqda zəhmət hesabına yetişdirilən bütün məhsullar bərəkətli və qiymətlidir, o cümlədən yem bitkiləri. Düzdür, əvəzsiz qida məhsulu olan buğda, arpa əkinini normal qaydada apara bilməyən adamlar var ki, asan becərilən yoncaya üstünlük verirlər. Amma belə deyil, hər hansı bitki aqrotexniki tələblərə uyğun becərilsə, minerallarla yemlənsə, optimal müddətdə suvarma suyu ilə təmin olunsa, yüksək məhsuldarlıq əldə edilir.

Namil Vəlişov yonca bitkisinin əkin qaydalarından danışır:

- Yonca kənd təsərrüfatında geniş yayılmaqla heyvandarlıq üçün çox məhsuldar yem bitkisidir.  Qabaqcıl təsərrüfatların təcrübəsi göstərir ki,  il ərzində yoncadan 4-5 çalım aparmaqla hektardan 1000-1500 sentnerədək yaşıl kütlə və ya 200-300 sentner quru ot məhsulu götürmək olar.  Yüksək məhsuldarlıq ilə yanaşı,  yoncadan həm biçənək kimi istifadə etmək olur,  həm də ondan yüksəkkeyfiyyətli quru ot,  senaj,  ot unu,  briket və digər növdə yemlər hazırlanır. Yoncanın zülal tərkibi süddə zülalın miqdarını və süd məhsuldarlığını artırır.  Xam selülloza isə həzmi və gövşəmə fəaliyyətini yaxşılaşdırır.  

Fermer deyir ki, yonca heyvanlar üçün təkcə yem yox,  həm də müalicəvi əhəmiyyətlidir. Yonca bitkisinin kənd təsərrüfat əhəmiyyəti olduqca böyükdür.  Bu bitki heyvandarlığın inkişaf etdirilməsi,  məhsuldarlığın artırılması və yem bazasının möhkəmləndirilməsində mühüm rol oynayır.  Yonca bitkisinin müsbət təsərrüfat əhəmiyyətindən biri onun otlaq üçün səmərəli olmasıdır.  Heyvanlar yoncanı çox iştahla yeyirlər.  Bu bitkinin kökləri üzərindəki kök yumrusu bakteriyaları havanın sərbəst azotundan istifadə etdiyinə görə torpağı azotla zənginləşdirir.  Onun strukturunu yaxşılaşdırır,  münbitliyini artırır,  torpaqda baş verən eroziya və şoranlaşmanın qarşısını alır,  bəzi aqrobioloji proseslərin gedişini nizama salır.  Yonca bitkisi altından çıxmış sahələrdə başqa kənd təsərrüfatı bitkiləri becərdikdə məhsuldarlıq 60-70 faiz yüksəlir.

Namil Vəlişov əlavə edir:

-Paxlalılar fəsiləsinə aid olan bütün bitkilər kimi,  yonca bitkisini də ilkin əkildiyi sahəyə 3-4 ildən tez qaytarmaq olmaz.  Yoncanı əvvəlki sahəyə vaxtından qabaq qaytardıqda ziyanverici və xəstəliklərin sahədə çoxalması,  təzə əkilmiş yonca əkinlərinin torpaq vasitəsilə bu parazitlərə yoluxması nəticəsində məhsuldarlıq aşağı düşür.  Yonca üçün ən yaxşı sələflər dənli,  tərəvəz və bostan bitkiləri,  kartof,  qara herik,  yem çuğunduru və s.  hesab edilir.

Yonca əkini üçün münbit,  mexaniki tərkibcə yüngül,  azacıq qumsal,  boz-qonur,  qara,  şabalıdı torpaqların seçilməsi daha məqsədə uyğundur.  Yonca bitkisinin səpinləri üçün torpaq yay və payız fəsillərində hazırlanmalıdır.  Bu məqsədlə sələf bitkiləri sahədən yığılıb qurtaran zaman torpağın tipindən asılı olaraq 25-30 santimetr dərinlikdə əsas şum əməliyyatı aparılmalı,  bu iş yaz yonca əkinləri üçün fermer təsərrüfatlarında noyabrın 20-dən gec olmayaraq başa çatdırılmalıdır.  Respublikanın torpaq iqlim şəraitindən asılı olaraq yonca əkinlərinə qulluq işləri erkən yazda yemləmə gübrələrin verilməsindən,  suvarmadan,  alaq otlarına,  xəstəliklərə,  ziyanvericilərə qarşı mübarizədən ibarətdir.  Payızda yoncalıqlara fosfor və kalium gübrələri verildikdə onların qışa davamlılığı artır və məhsuldarlığı yüksəlir.  Yonca otunun tədarük edilməsində əsas məsələlərdən biri çalınmış otun qurudulmasıdır.  Yüksək və keyfiyyətli yem istehsal etmək yoncalıqların vaxtında çalınmasından asılıdır.

Yonca bitkisi suvarma şəraitində həyatının birinci ilindən yüksək ot və toxum məhsulu verir.  Bunun üçün yonca əkinləri alaqlardan təmizlənməli,  suvarma müddətləri və normaları düzgün müəyyən edilməlidir.  Suvarılan bölgələrdə qrunt səviyyəsindən,  torpağın nəmliyindən və suvarma üsulundan asılı olaraq 15-25 gündən bir suvarma əməliyyatı həyata keçirilməlidir.  Payız səpinindən sonra yonca sahələrini şaxtalar düşənə qədər 2 dəfə suvarmaq lazımdır. Biz Aran yonca sahəsində növbəti suvarmanı  mart ayında aparırıq.  Yoncanın ən intensiv su sərfi birinci çalımdan sonra, hər çalım müddəti daxilində isə yoncanın intensiv böyüməsi dövründə,  yəni qönçə bağlamadan çiçəklənmənin əvvəlinə qədər olan dövrdə müşahidə olunur.  Buna müvafiq olaraq həmin dövrdə yonca əkinləri aqrotexniki tələblərə uyğun suvarılmalıdır.  Əgər yonca sahələri hər biçindən sonra 2 dəfə suvarılarsa, il ərzində 5 dəfə biçin əməliyyatının aparılması mümkündür.

Hazırda qışa yem tədarükünün qızğın dövrüdür. Təsərrüfat rəhbərləri, fermerlər yonca kiplərini tayalara vurur, yanğın təhlükəsizliyini təmin edir, qışda yarana bilən çətinlikərə indidən tədbir görürlər.

                                     Tofiq HÜSEYN,

                                    “Respublika”.