Təsərrüfatların üzüm sahələri genişlənir
Region

Təsərrüfatların üzüm sahələri genişlənir

Üzümçülük Azərbaycanda insanların təsərrüfat həyatında tarixən əhəmiyyətli rol oynayıb, kənd adamlarının əsas dolanışıq mənbələrindən biri olub. Ona görə də onun ölkəmizin təsərrüfat tarixində bir neçə min illik tarixi var.

Üzümçülük həm insanların məşğuliyyət sahəsi, həm də dolanışıq mənbəyi olduğundan bu sahədəki təcrübə nəsillərdən-nəsillərə ötürülüb. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə sahə daha da inkişaf etdirilib. Məhz onun səyi və nüfuzu sayəsində 1979-cu ildə Sov. İKP MK və SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul etdi. Məhz bu diqqət və qayğı sayəsində 1981-ci ildə respublikamızda üzüm istehsalı 1.7 milyon tonu ötdü ki, bu da 15 il ondan əvvəlkindən (1966-cı il) 7,9 dəfə artıq idi.

Amma ötən əsrin 80-ci illərinin ortalarında Sovet hökumətinin üzümçülüyün məhvinə yönələn qərarı Azərbaycana ağır zərbə vurdu. Üzümçülüyü müstəqillik əldə etdikdən sonra da uzun müddət bərpa etmək mümkün olmadı.

Əhalinin ərzaq təminatında əhəmiyyətli rol oynadığına görə Prezident İlham Əliyev də ölkədə üzümçülüyün inkişafına ciddi qayğı göstərir. Dövlət başçısının 3 may 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunan "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı" bu qayğı və dəstəyin bariz nümunəsidir.

Dövlət Proqramının icrası istiqamətində ötən illər respublikamızda olduqca çox iş görülüb. Bölgələrimizdə kifayət qədər yeni üzüm sahələri salınıb ki, onun da əksəriyyəti intensiv bağlardır. Xatırladaq ki, ölkəmizdə insanların üzümə olan tələbatı ildə 17 kiloqramdır.

Məlumat üçün bildirək ki, 2021-ci ilin yekununda respublikamızda 16 min hektar üzüm bağları olub. Həmin sahələrdən 210 min tona yaxın məhsul toplanıb ki, bu da hər hektardan 98 sentnerdən artıq üzüm deməkdir.

2022-ci ilin 10 ayında yeni intensiv bağ sahələrinin həcmi artıb, 205 min ton məhsul toplanıb.

Göründüyü kimi, respublikamızda üzüm bağlarının sahələri ildən-ilə artır.

Nəriman CAVADOV,

"Respublika".