Təxribat nəticəsində yaralanmış hərbi qulluqçularımız tibbi müəssisəyə təxliyə edilib
Digər xəbərlər

Təxribat nəticəsində yaralanmış hərbi qulluqçularımız tibbi müəssisəyə təxliyə edilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatla əlaqədar yeni məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutduğu bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub qarşı tərəf xeyli sayda itki verib.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunub.