Təxribatlar davam edərsə, uduzan yenə də düşmən olacaq
Siyasət

Təxribatlar davam edərsə, uduzan yenə də düşmən olacaq

Xalqımız  ərazi bütövlüyü uğrunda  apardığı Vətən müharibəsində qalib gəldi.  Heç kimin torpaqlarında gözü olmayan, heç bir ölkənin ərazi bütövlüyünə xələl gətirəcək addım atmayan  müstəqil Azərbaycan  işğal olunmuş ərazilərini geri almaq  üçün XXI əsrin müharibəsini apardı. Ən son beşinci nəsil silahlarla silahlanmış, dünyanın 50 güclü ordusu sırasında qərarlaşan  ordumuz İkinci Qarabağ müharibəsində misilsiz rəşadət göstərərək torpaqlarımızın 30 illik işğalına son qoydu. Müasir texnologiyalara, hərbi üstünlüyə malik olan Azərbaycan Ordusu  döyüş əməliyyatlarını hərb meydanında apararaq düşmənə layiqli cavab verdi. Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

Ən mötəbər kürsülərdən dəfələrlə: “heç vaxt  imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın”, - deyən Azərbaycan Prezidenti hərb yolu ilə tarixi torpaqlarımızı işğaldan azad etdikdən sonra regionda əmin-amanlığın bərqərar olması, sabitliyin, təhlükəsizliyin təmin edilməsi, xalqların mehriban qonşuluq şəraitində birgə yaşaması üçün  məğlub tərəfə sülh təklif etdi. Qalib ölkə olsa da, humanistlik nümayiş etdirən sülhsevər Azərbaycanın bu təklifinə məhəl qoymayan Ermənistan hələ də öz-özünü aldatmağa, boş, mənasız xəyallarla xalqının güzəranını daha da çətinləşdirməyə  davam edir. İkinci Qarabağ müharibəsində Zəfər çalan ölkəmizin yaratdığı reallıqları qəbul etməyən düşmən  imzaladığı təslimolma aktının müddəalarını yerinə yetirməkdən boyun qaçırır. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Federasiyasının prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları üçtərəfli Bəyanatın bütün müddəalarına riayət edən Azərbaycan isə qarşı tərəfdən də bunu tələb edir.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına səy göstərən və bu istiqamətdə önəmli addımlar atan Avropa İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın 4 dəfə görüşü olmuşdur. İki ölkə lideri  Brüsseldə danışıqlar əsasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyasının aparılması üçün İşçi Qrupunun yaradılması barədə razılığa gəlsələr də, Ermənistanın vədinə əməl edəcəyi inandırıcı görünmür. Hər dəfə olduğu kimi, öz xislətindən əl çəkməyən, riyakar, ikiüzlü ermənilər sülh müqaviləsini reallaşdırmaq yerinə, əksinə, davamlı olaraq təxribatlar törədir. Təxribat əməlləri ilə nəyəsə nail olacağına ümid edən ermənilər hələ də anlamırlar ki, Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti yürütmək, onun ərazi bütövlüyünə göz dikmək onlara baha başa gəldi. İkinci Qarabağ müharibəsindən sonra onlar özləri özlərinə düşmən oldular. Belə ki, Ermənistanda mövcud siyasi durum bunu aydın şəkildə təzahür edir. Ermənistanın Azərbaycan fobiyası, xalqımıza qarşı düşmənçilik siyasəti onların iflasına gətirib çıxarsa da, hələ də alçaq niyyətlərindən əl çəkmirlər. Lakin Ermənistan rəhbərliyi də, erməni xalqı da, onların havadarları da çox yaxşı bilir ki, Ermənistan güclü, qüdrətli Azərbaycanın qarşısında durmaq iqtidarında deyil. Buna görə də onların yalnız bir yolu var: öz qonşuları ilə normal münasibətlər qurmaq və Azərbaycana qarşı ərazi iddiasından əl çəkmək.

Artıq Azərbaycan regionda söz sahibidir. Müstəqil dövlətimizin nüfuzu bütün dünyada günbəgün artır. Bölgədə bütün kommunikasiyaları, enerji xətlərini çəkən, dəmir yollarını, nəqliyyat layihələrini digər qonşu dövlətlərlə birgə həyata keçirən Azərbaycan  indi  düşməndən geri aldığı torpaqlarında bərpa-quruculuq işləri həyata keçirir. Və Azərbaycana heç bir qüvvə, heç bir təxribat əməlləri mane ola bilməz. Bu baxımdan, Ermənistan “Dağlıq Qarabağ” kəlməsini unudaraq, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul etməli, sərhədlərin müəyyən edilməsi istiqamətində təxirəsalınmaz iş aparmalı, delimitasiya üzrə İşçi Qrupunu yaratmalı və sülh müqaviləsini imzalamalıdır. Çünki işğalçı, təxribatçı ölkənin bundan başqa yolu yoxdur. Əgər  təxribat əməllərini davam etdirib, regionda sülhə, sabitliyə təhdid yaradarsa bu, Ermənistanın sonunu gətirəcək.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü  zamanı demişdir: “Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi... Ermənistanın isə əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik”.

Bəli, müharibədən sonra ölkəmiz daha da güclənib,  milli ordumuzun maddi-texniki bazası möhkəmləndirilib. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin reallaşdırdığı layihələr, Boyük Qayıdışa hazırlıq işləri geniş vüsət alıb. Lakin Ermənistan nə İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən, nə də postmüharibə dövrünün reallıqlarından nəticə çıxarmayıb.

Belə ki, bu il avqust ayının 3-də erməni silahlı birləşmələri Qarabağda vəziyyəti gərginləşdirmək məqsədilə səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutmuş, Ermənistanın qanunsuz silahlı qüvvələrinin həyata keçirdiyi terror-təxribat nəticəsində Azərbaycan ordusunun bir əsgəri şəhid olmuşdur. Azərbaycan ordusu tərəfindən Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin terror əməliyyatının qarşısı alınmış və ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidimizin qisası yerdə qalmamışdır. "Qisas" antiterror əməliyyatı zamanı düşmən layiq olduğu cavabı alsa da,  sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında  Ermənistan sərhəddə növbəti dəfə  təxribat törətdi. Hər zaman olduğu kimi, bu dəfə də qəhrəman Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərdi. Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri, hərbi infrastrukturu  darmadağın etdi. Ordumuzun yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyatlar nəticəsində qarşı tərəfin  xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, hərbi obyektləri və onlarla postu, xeyli sayda hərbçisi məhv edildi,  Azərbaycan Silahlı Qüvvələri həmin bölgədə bütün nəqliyyat- kommunikasiya sistemini, mühüm yüksəklikləri nəzarətə götürdü. Son çıxış yolunu təxribatlar törətməkdə görən Ermənistanın bu əməllərinin davamlı olacağı şübhəsizdir. Lakin alacaqları cavab da gün kimi aydındır. Əgər bu təxribatlar davam edərsə, sonda Ermənistan peşman olacaq.

Ermənistan hakimiyyəti anlamır ki, terror- təxribat əməlləri ilə heç nəyə nail ola bilməyəcək. Nə işğal etdiyi torpaqlara bir daha “qayıda biləcək”, nə də xalqını düçar etdiyi çətin, gərgin vəziyyətdən çıxara biləcək. Əksinə, bu hərəkətləri ilə ölkədəki gərgin vəziyyəti daha da gərginləşdirəcək. Buna gorə də  nə qədər ki, Azərbaycan sülh təklif edir, bu təklifi dəyərləndirməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan hər zaman sülh təklif etməyəcək: “... Ancaq yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq”.

Mehparə ƏLİYEVA,

“Respublika”.