Tibb elminin inkişafında misilsiz xidmət
Sosial həyat

Tibb elminin inkişafında misilsiz xidmət

15 aprel görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Onun vəfatından 38 il ötür.

Zərifə Əliyeva orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktikası fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra aspirantura təhsili alıb və eyni zamanda o vaxtlar ölkəmizdə geniş yayılmış traxoma infeksion xəstəliyinin müalicəsi istiqamətində uğurlu elmi-tədqiqat işləri aparıb. Zərifə xanım xəstəliyi araşdıraraq səbəbini və müalicəsini tapmaq məqsədilə Moskvaya üz tutur. Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçdikdən sonra Azərbaycana həkim-oftalmoloq kimi qayıdır.

Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə xanım həkim kimi fəaliyyəti ilə yanaşı, elmi araşdırmalarını da davam etdirir. O, elmi fəaliyyətinin ilk mərhələsini məhz traxoma xəstəliyinin müalicəsinə həsr edir. Zərifə xanım elmi axtarışlarını əzmlə davam etdirir. Namizədlik dissertasiyasını uğurla müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi alır. Alimin təklif etdiyi müalicə metodunun tezliklə bütün respublikada istifadəsinə başlanılır. Beləliklə, bu xəstəliyə qarşı mübarizədə ciddi dönüş əldə olunur.

Zərifə xanım həm də gözəl pedaqoq idi. O, gənc həkimlərin diqqətini həkim-xəstə münasibətinə cəlb edərək deyirdi: "Həkim xəstənin ən doğma adamıdır". Zərifə xanımın bir çox məqalələri həkimin mənəvi tərbiyəsinə, həkim etikasına və əxlaqına həsr edilib. Həmin məsələlər bu gün də öz aktuallığını itirməyib.

Ömrünü insanlara yardım etməyə, gözlərinə işıq verməyə həsr edən görkəmli alim traxoma xəstəliyi ilə apardığı mübarizədən sonra qlaukoma adlanan göz xəstəliyinin tədqiqinə başlayır. Həm elmi tədqiqatlarına davam edir, göz xəstəliklərinin müalicə yollarını axtarır, həm də cərrahiyyə əməliyyatları aparırdı. Zərifə xanım heç vaxt qazandığı uğurlarla kifayətlənməmiş, tədqiqatlarının mövzusunu daha da zənginləşdirmiş və dünya təcrübəsində ilk olaraq aşağı konsentrasiyalı faktorların görmə orqanına erkən xroniki təsirini aşkar etmişdir. Zərifə xanım apardığı fundamental tədqiqat işlərinin nəticələrinə əsasən "Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

 Zərifə Əliyeva doktorluq dissertasiyasını müdafiəsindən sonra həm də Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmişdir. 1983-cü ildə o, həmin kafedranın müdiri vəzifəsinə yüksəlib. Həmin il görkəmli alimin təklifi ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdi. Belə bir möhtəşəm tədbir respublikamızda ilk dəfə keçirildiyindən böyük təşkilatçılıq bacarığı, gərgin zəhmət və təcrübə tələb edirdi və bu işin ağırlığı Zərifə xanımın üzərinə düşürdü. Akademik Zərifə Əliyeva bu işlərin öhdəsindən uğurla gəldi. Bu plenum həm Azərbaycanda, həm də keçmiş ittifaqda maraqla qarşılandı. Zərifə Əliyeva 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə o zaman oftalmologiya aləmində ən yüksək mükafat sayılan SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafata layiq görüldü. Zərifə xanım həmin mükafatı alan ilk qadın idi. Akademik Zərifə Əliyeva ictimai işlərdə də fəal iştirak etmiş, keçmiş SSRİ-nin Sülh Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülh Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyətin İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi.

Görkəmli alim Zərifə Əliyeva böyük elmi məktəb yaratmış alimlərdəndir. Onun gərgin əməyi sayəsində ərsəyə gələn dərs vəsaitləri, monoqrafiyalar bu gün təkcə Azərbaycanda deyil, dünya oftalmologiya elminin inkişafında gənc həkimlərin və bu sahədə tədqiqatlar aparan alimlərin yetişməsində mühüm rol oynayır. "Kəskin virus konyunktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və digər elmi əsərləri Zərifə xanımın tibb elminə sanballı töhfələridir. Alim göz yaşı aparatı xəstəliklərinin öyrənilməsinə də xüsusi diqqət yetirmiş, bu mövzuya həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının banisinə çevrilmişdir. Elmi araşdırmaları nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirdi. Bütün bunlar dünya elmi ictimaiyyətinin diqqətini cəlb edən əsərlər idi.

Zərifə xanım həm xeyirxah, həm də qüdrətli şəxsiyyət idi. O, elmi fəaliyyətləri, uğurları ilə yanaşı, həm də insani keyfiyyətləri ilə seçilirdi. Elə insansevərliyi sayəsində tibb sahəsində bu qədər uğurlara imza ata bilmişdi. Zərifə xanım hər zaman öz dərin duyumu, həssaslığı ilə hamını heyran edirdi. Onun bədii duyumu, istedadı da bənzərsiz idi. Professor, əməkdar elm xadimi N.Şulpina öz xatirələrində yazır: "Azərbaycanda Ukrayna incəsənəti ongünlüyü keçirilərkən onun etdiyi parlaq çıxışı xatırlayıram. Ukrayna artistləri ilə bir qrupda Xəzər dənizinin məşhur "Neft Daşları"na getmişdik. Zərifə Əziz qızı da bizimlə idi. Bu, mənim həyatımın ən unudulmaz səhifələrindən biridir. Hər şey gözəl idi, dənizin coşqun dalğaları da, sənət adamlarının həmişə maraq doğuran dünyası da, "Neft Daşları" da, orada toplaşdığımız salon da... Amma ki, o günə Zərifə xanım xüsusi rövnəq verirdi. Sanki hamı tərəfindən kəşf olunan Zərifə xanım masa arxasında çıxış etdi, respublikanın qazandığı uğurlardan, səhiyyə və mədəniyyət sahəsindəki önəmli hadisələrdən danışdı. Onun çıxışı həqiqətən, parlaq və faktlarla zəngin idi. Mən eşitdiklərimə heyrət edirdim... Fəxr edirdim ki, bizim aramızda təbiətin xoş çağında yaranmış zəngin mənəviyyatlı bir insan yaşayır". Yüksək insani keyfiyyətləri, hər şeyi incəliyi ilə qiymətləndirmək bacarığı, insanlarla dil tapmaq qabiliyyəti ictimai fəaliyyətində Zərifə xanıma böyük kömək göstərmişdir. Zərifə xanımın zəngin daxili aləminin formalaşmasında valideynlərinin böyük rolu olmuşdur. Tanınmış alim və həkim, keçmiş SSRİ-də böyük nüfuz qazanmış Əziz Əliyevin qızı məhz Zərifə xanım kimi olmalı idi.

Zərifə Əliyeva qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı missiyasını da uğurla yerinə yetirirdi. O, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı olmuşdur. Zərifə xanım həm də ona görə xoşbəxt idi ki, o, xalqımıza dəyərli övladlar bəxş etmişdir. Zərifə Əliyevanın fəxri adları, elmi titulları, mükafatlarının sayı-hesabı yoxdur. Onun dəyərli və praktik elmi irsi 14 monoqrafiyada, 150-dən artıq fundamental məqalədə Moskvada, Bakıda və xarici ölkələrdə çap olunub. Lakin bunlar arasında ən şərəflisi ana adıdır. Zərifə xanım cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə edib. Bəlkə də, bəşər tarixində nadir şəxslərə qismət olmuşdur ki, dövlət xadiminin övladı, həyat yoldaşı və anası kimi şöhrətin ən uca mərtəbəsinə yüksəlsin, lakin özünün qazandığı insanlıq zirvəsini hər şeydən uca tuta bilsin.

Ulu öndər Heydər Əliyev xatirələrində deyirdi ki, mən Zərifə xanım kimi həyat yoldaşımın olması ilə xoşbəxt idim. Üç böyük tarixi şəxsiyyətin həyatında izi olan Zərifə xanım həm də ailə və övlad dəyərləri ilə yaşadı.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novodeviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Ümummilli lider Heydər Əliyev dünyasını vaxtsız dəyişən ömür-gün yoldaşını həmişə böyük məhəbbətlə və ehtiramla xatırlayırdı: "Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla ailə həyatı quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhvali-ruhiyyədədirlər".

İnsanların həyatında böyük rol oynayan, xoş əməl sahibi olan Zərifə xanım kimi şəxsiyyətlər heç zaman unudulmur. Görkəmli alimin həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngindir ki, bütün fəaliyyətində bu gözəl insanın nəcib və xeyirxah şəxsiyyət olması bir daha öz təsdiqini tapır. Zərifə Əliyeva elmə verdiyi töhfələri və ən əsası da gözəl şəxsiyyəti ilə hər zaman Azərbaycan xalqının xatirəsində yaşayacaqdır.

Nəzrin CAVADZADƏ,

"Respublika".