Toivo Klaar: Avropa İttifaqı bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazırdır
Siyasət

Toivo Klaar: Avropa İttifaqı bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazırdır

Fevralın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycanın üçtərəfli bəyanatların icrası ilə bağlı gördüyü işlər barədə məlumat verib. Nazir bölgədə sülh quruculuğu səylərinin dəstəklənməsində Aİ-nin fəal rolunu, xüsusilə də Aİ Şurasının Prezidentinin təşəbbüsü ilə keçirilən yüksəksəviyyəli görüşləri qeyd edib. O, bu görüşlərdə əldə olunan razılaşmalardan bəhs edərək, Ermənistan tərəfindən verilən vədlərin yerinə yetirilməsinin, o cümlədən hələ Birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatın təqdim edilməsinin vacibliyini vurğulayıb.

Ceyhun Bayramov Aİ-nin ölkəmizin azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesini, habelə digər bərpa quruculuq işlərini dəstəkləməsinin tərəfimizdən yüksək qiymətləndirildiyini bildirib.

Xüsusi nümayəndə Toivo Klaar Azərbaycan Prezidenti ilə keçirilən görüşə istinad edib. O, Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğulayıb. Həmçinin səfəri çərçivəsində ANAMA ilə görüşün nəzərdə tutulduğunu və minaların təmizlənməsi prosesinə yardımın artırılması imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

Tərəflər, həmçinin Aİ və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqların yekunlaşdırılmasına dair fikir mübadiləsi aparıb və bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.

AZƏRTAC