“Tokio-2020”də  uğurla çıxış edən milli Paralimpiya komandamızın üzvlərinin  sonuncu qrupu Vətənə qayıdıb
İdman

“Tokio-2020”də  uğurla çıxış edən milli Paralimpiya komandamızın üzvlərinin  sonuncu qrupu Vətənə qayıdıb

“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən milli Paralimpiya komandamızın üzvlərinin sonuncu qrupu sentyabrın 7-də Vətənə qayıdıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paralimpiyaçıların yaxınları və jurnalistlər iştirak ediblər.

Paralimpiyaçılarımızın qarşılanması mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov jurnalistlərə müsahibəsində deyib: “Bu gün xalqımız və ölkəmiz üçün əlamətdar gündür. Tokiodan qayıdan qəhrəman paralimpiyaçılarımızı qarşılayırıq. Onlar XVI Paralimpiya Oyunlarında parlaq qələbə qazanaraq hamımızı sevindirdilər. Paralimpiadada Azərbaycanın 163 ölkə arasında 10-cu pillədə qərarlaşması böyük zəfər və nailiyyətdir.

A.Kərimov bildirib ki, Azərbaycan Prezidenti əlilliyi olan şəxslər üçün sosial müdafiə tədbirlərinin görülməsinə, onların idmana cəlb olunmasına, fəal idman tədbirlərinə maraq göstərmələrinə daim böyük önəm verir. Dövlətimizin başçısı onlarla dəfələrlə görüşüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər qələbədən sonra paralimpiyaçılarımızı təbrik edib. Bu diqqət və qayğı idmançıları daha da ruhlandırıb və onların mübarizə əzmini artırıb. Bunun nəticəsində ölkəmiz yüksək nəticələr qazanıb.

Prezident İlham Əliyevin ölkəmizdə Paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğısından danışan nazir müavini 2008-ci ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə MDB məkanında ilk dəfə Sumqayıtda beynəlxalq standartlara uyğun Paralimpiya İdman Kompleksinin açılışını qeyd edib. Bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən həmin kompleks paralimpiyaçıların yüksək səviyyədə təlim-məşq prosesi keçməsində mühüm rol oynayır.

Diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin idmana aktiv şəkildə cəlb edilməsi üçün genişmiqyaslı işlər aparılmaqla, Milli Paralimpiya Komitəsinə illik əsasda maliyyə dəstəyi də ayrılır. Son üç ildə həmin vəsaitin məbləği iki dəfə artırılaraq 2,2 milyon manatı ötüb. Paralimpiyanın inkişafına göstərilən dövlət dəstəyi bu sahədə mühüm uğurlarla nəticələnir. Əgər əvvəlki 6 Yay Paralimpiya Oyunlarında milli Paralimpiya komandamız cəmi 9 qızıl medal qazanmışdısa, Tokioda keçirilən sonuncu Paralimpiya Oyunlarında 14 qızıl medal qazanıb. Bu, böyük tarixi uğurdur və Azərbaycanın “Tokio-2020” Paralimpiya Oyunlarında qələbələri ilə hər birimiz qürur duyuruq.

Komandamızın Tokioya güclü heyətlə yollandığını vurğulayan Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib: “Paralimpiyaçılarımızın Tokioda uğurla çıxış edəcəklərini gözləyirdik. Düzdür, qızıl medal gözlədiyimiz bəzi idmançılar öz potensiallarından aşağı səviyyədə çıxış etdilər. Digərləri isə gözləmədiyimiz halda Paralimpiya çempionu oldular. Çünki uşaqlarda qələbə ruhu var idi. Azərbaycan xalqına, paralimpiyaçıların dostu olan Prezident İlham Əliyevə təşəkkür edirik. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində paralimpiyaçılarımız Vətənə zəfərlə qayıdıblar”.

İ.Rəhimov bildirib ki, Vətən müharibəsində qazanılan Şanlı Zəfər paralimpiyaçıların çıxışlarına da öz təsirini göstərib: “Vətən müharibəsində qazanılan böyük Qələbə idmançılarımızı çox ruhlandırdı. Söz verirəm ki, paralimpiyaçılarımız bundan sonra daha məsuliyyətli hazırlaşacaqlar. Parisdəki Paralimpiadaya cəmi üç il qalıb. Qısa müddətdə hazırlıqlarımızı görməliyik. Yeni komanda formalaşdırılmalıdır. Təbii ki, indiki heyətdən yeni komandada da yer alan idmançılar olacaq. Çünki komandamız çox gəncdir. Biz seleksiya işlərini davam etdirməli və yeni idmançıları cəlb etməliyik. Bu istiqamətdə işlər görülür. Əsas işlərimizdən biri Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin Paralimpiya hərəkatına cəlb edilməsidir. Çoxlu sayda gənc paralimpiyaçılarımız var. Onlar idmanın istənilən növü ilə məşğul ola bilirlər. Biz seleksiya işlərini aparacaq və çalışacağıq ki, Parisə daha güclü heyətlə yollanaq”.

Paralimpiya çempionu Lamiyə Vəliyeva qızıl medal sevincini bölüşərkən deyib: “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etməyimlə qürur duyuram. Yarışa gedərkən özümə verdiyim sözü yerinə yetirdiyim üçün çox şadam. Məni dəstəklədiyinə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Söz verirəm ki, bu uğuru “Paris-2024”də də davam etdirəcəyəm”.

Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov isə komandanın bu uğurunun xalqımızın qələbəsi olduğunu vurğulayıb: “Milli Paralimpiya komandamızın “Tokio-2020” XVİ Yay Paralimpiya Oyunlarında parlaq zəfəri bütün Azərbaycan xalqının uğurudur. Qəhrəman Azərbaycan əsgəri kimi, idmançılarımız da öz iradəsini, gücünü bütün dünyaya göstərdi. Bu uğur paralimpiyaçılarımızı qarşıdakı yarışlarda daha böyük qələbələrə ruhlandırır. Qarşıda bizi “Paris-2024” Yay Paralimpiya Oyunları gözləyir. Xalqımızı Paris Paralimpiadasında da yeni qələbələrimizlə sevindirəcəyik”.

Qeyd edək ki, Paralimpiadada 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanan Azərbaycan komandası ümumi sıralamada onuncu pillədə qərarlaşıb. Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.

Raman Salei Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Hamid Heidəri qızıl medala sahib olub. Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb. Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

AZƏRTAC