Törətdiyi təxribatlar Ermənistan üçün yaxşı heç nə vəd etmir
MÜSAHİBƏLƏR

Törətdiyi təxribatlar Ermənistan üçün yaxşı heç nə vəd etmir

Türkiyə

Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini pozmaqda davam edir. Onlar Laçın-Xankəndi yolundan sui-istifadə edərək silah və qanunsuz yüklərin daşınmasını həyata keçirir. O cümlədən Azərbaycanın təbii sərvətləri talanaraq Ermənistana daşınır.

Laçın-Xankəndi yolunda ekofəalların keçirdiyi aksiya nəticəsində təbii sərvətlərin daşınmasının qarşısı alınıb. Ermənilər bu aksiya səbəbindən həmin yoldan istədikləri kimi istifadə edə bilmirlər. Amma buna baxmayaraq, təəssüf ki, yenə də çirkin əməllərinə son qoymurlar. Təbii ki, bunun qarşısı alınmalıdır. Ermənilər martın 5-də səhər saatlarında növbəti təxribata əl atsalar da, Azərbaycan Ordusu bu dəfə də qətiyyət göstərərək təxribatın qarşısını aldı. Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, general Yücel Karauz bildirib.

O deyib: "Son günlər baş verən hərbi təxribatlar bir daha göstərir ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri Laçın yolunda etiraz aksiyası keçirməkdə tamamilə haqlıdırlar. Qarabağda fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələri ötən ilin dekabrından Laçın yolu vasitəsilə qanunsuz daşımalar, həmçinin cinayətlər törədə bilmirlər. İş o yerə çatıb ki, Ermənistan Xankəndiyə gizli, qaçaq yollarla silah-sursat, minalar daşımağa cəhd edir. Azərbaycan tərəfi də öz suveren hüquqlarından istifadə edərək bu cinayətin qarşısını qətiyyətlə alır. Bütün dünya görür ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağdakı terrorçu dəstələr bölgədə sülh istəmirlər. Ermənilər Laçın-Xankəndi yolundan öz nəqliyyat vasitələrinin keçməsinə maneə törədirlər ki, blokada görüntüsü yaratsınlar. Əslində, onlar Rusiyanın və Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələrindən istifadə edirlər. Bununla da, dünyaya məlumat yayırlar ki, guya yol blokadaya alınıb, erməni nəqliyyat vasitələri keçə bilmir. Lakin bu vəziyyətə onlar özləri maneə olurlar''.

Y.Karauzun sözlərinə görə, Qarabağda fəaliyyət göstərən separatçı rejimin hər hansı üzvünün səsləndirdiyi bəyanatlar Azərbaycan dövləti tərəfindən ciddiyə alınmır və alınmayacaq da. Həmin separatçıların məqsədi yenə də bölgədə sülhə və təhlükəsizliyə təhdid yaratmaq, əsassız bəhanələr gətirməklə dünya ictimaiyyətini çaşdırmaqdır. Azərbaycan Laçın yolunu bağlamayıb, yol açıqdır. Yolun kənarında, sadəcə, etiraz aksiyası keçirilir. Bunu bütün dünya bilməlidir. Separatçıların məqsədi yeni münaqişə ocağı yaratmaq, vəziyyəti gərginləşdirməkdən ibarətdir. Bu da Ermənistan və onun Qarabağdakı tör-töküntüləri üçün yaxşı heç nə vəd etmir. Azərbaycan dövlətinin səbrinin tükənməz olmadığını, gücünü və qüdrətini Ermənistan 44 günlük Vətən müharibəsi zamanı yaxşı gördü. Görünür, bu, onlar üçün ya yetərli dərs olmayıb, ya da birdəfəlik məhv olmaq istəyirlər. O ki qaldı, separatçıların hazırda Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiya etməsinə qarşı çıxmasına, bu da sülh quruculuğu prosesinə yönəlmiş növbəti təxribatdır. Seperatçılar unutmasınlar ki, Xankəndi və ətraf ərazilərdə məskunlaşan etnik ermənilər Azərbaycan vətəndaşlarıdır. Sülh prosesi çərçivəsində Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası, ölkənin istənilən bölgəsində yaşayan vətəndaşlarla eyni hüquqa sahib olması, rahat yaşaması təbiidir. Onların hüquqlarına, sosial təminatlarına, həyat şəraitinə Azərbaycan dövləti zəmanət verir.

Qarabağ bölgəsində yaşayan dinc etnik ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır. Məlumdur ki, Ermənistan tərəfi davamlı olaraq Qarabağdakı ermənilərə "status" verilməsi tələbi ilə sülh danışıqlarını pozur, manipulyasiya ilə məşğul olur. Bunu aradan qaldırmaq lazımdır. Bunun ikinci yolu yoxdur. Erməni milliyyətindən olan Azərbaycan vətəndaşları ya Azərbaycan qanunları altında yaşamalı, bunu qəbul etməyənlər isə yaşadıqları əraziləri birdəfəlik tərk etməlidirlər. İnanıram ki, əgər o bölgədə referendum keçirilsə, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcək və onlar sülh prosesinə öz töhfələrini verəcəklər. Yücel Karauz vurğulayıb ki, 44 günlük müharibənin yaratdığı reallıqdan sonra Qarabağda hansısa qondarma rejimin varlığından, separatçıların idarəetməsindən söhbət belə gedə bilməz. Hətta Münxen Konfransında Prezident İlham Əliyev növbəti dəfə bəyan etdi ki, Azərbaycan ərazisində "Dağlıq Qarabağ" deyilən yer yoxdur, bunu hər kəs bilməlidir. Azərbaycanla Ermənistan arasında sülh yalnız birbaşa danışıqlar, mövcud fikir ayrılıqlarının həlli yolu ilə təmin edilə bilər. Belə ki, bu prosesə hər hansı digər ölkənin cəlb olunması əlavə çətinliklərə və xaosa gətirib çıxarar. Çünki hər bir ölkənin öz maraqları var.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.