“Torpaq da danışır-dinləyə bilsən”...
Sosial həyat

“Torpaq da danışır-dinləyə bilsən”...

Bir fermerin dedikləri

O, yaxşı müsahibdir. Geniş dünyagörüşü var. Kənd mühitində böyüsə də,  intellekti yüksəkdir. Savadlı adamdır, Azərbaycan Dövlət Universtitetinin (BDU) coğrafiya fakültəsini bitirib.  Diplomla kifayətlənməyib. Daima axtarışdadır. Dünyada baş verən hadisələri,  xüsusilə elmi yenilik və kəşfləri diqqətlə izləyir. Doğulduğu Saatlı rayonunun Mustafabəyli kənd orta məktəbində coğrafiya müəllimi, dərs hissə müdiri işləyib. Rayonda bir sıra məsul vəzifələrdə çalışıb. 1996-cı ildə ailə-fermer təsərrüfatı yaratdıqdan sonra bütün vəzifələrə və müəllimlik fəaliyyətinə son verib.

“Ali təhsilli müəllim-fermer”-heç şübhəsiz ki, bu formulanın özü yazı-pozu adamı üçün maraqlıdır. Bu maraq sayəsində Əlabbas Şəmmədovla bir çay stolu arxasında söhbətimiz baş tutdu. “Müvəffəqiyyət, nailiyyət, məhsuldarlığın artımı, problemlər” və sair-bu sayaq ənənəvi sual-cavab olmadı aramızda. Bütün bunlara rəğmən Əlabbasın dilə gətirdiyi mətləblər xeyli maraqlı göründü:

-Deyirlər arzudan arzu doğur, yəni insan bir arzusuna nail olursa, ondan yaranan digər arzusunun ardınca gedir. Amma çox vaxt həyatın diqtəsi arzularla ölçülmür. İnsan məcburiyyət qarşısında qalıb özünə çıxış yolu axtarırsa, bunun arzuya bir elə dəxli olmur. Mən nə vaxtsa fermer təsərrüfatı yaratmağı nəinki arzulamış, heç təsəvvürümə gətirməmişdim. Kənddə yaşayıb kiçik təsərrüfat yaratmasan, gözün onun-bunun qapısında olacaq. Birinə yumurta, digərinə süd-qatıq, başqa birinə toyuq-cücə, çolpa üçün ağız açacaqsan. Müəllim işləyəndə özümə babat təsərrüfat düzəltmişdim. Həyətdə bir neçə baş qoyun-quzu  saxlayırdım. Hər səhər davarları qapıdan buraxır, çobana təhvil verirdim. Bəzən çoban gec gələndə narazılıq yaranırdı. Heyvan qonşulardan kiminsə əkinini korlayır, ya təzə əkilən ağaca zədə yetirirdi. “Əlabbas müəllimin qoyunları həyətimizi kor qoydu”-giley-güzarı qulağımıza çatırdı. Bu elə bir vaxt idi ki,  ölkədə azad sahibkarlıq fəaliyyətinə meydan açılmağa başlamışdı. Ulu öndər Heydər Əliyev bazar iqtisadiyyatına keçidlə əlaqədar sahibkarlığın inkişafına mane olmamaq barədə göstərişlər verir, adamlarda özünə inam, ruh yüksəkliyi yaradırdı. Günlərin birində oturub ulu öndərin adına məktub yazdım. Yadımdadır, məktubda kənddə yaşadığımı, coğrafiya müəllimi olub Azərbaycanın hər bir bölgəsi, bu bölgənin torpağı, relyefi barədə məlumatlı olduğumu, öhdəmə kiçik bir torpaq sahəsi verilsə, təsərrüfat yaradıb nəyəsə nail ola biləcəyimi yazdım. Dəqiq xatırlayıram, cəmisi üç gün keçdi, dedilər səni rayonda axtarırlar. İcra hakimiyyətinə getdim. Başçı dərhal qəbul elədi. “Prezidentə məktub yazıbsan, dedi, təcili göstəriş gəlib, neçə hektar istəsən sənə torpaq verəcəyik, 200-300 hektar, nə qədər istəsən”... Dedim lazım deyil, gücüm çatmaz, 50 hektar bəsimdir.

100 hektar dedilər, axırda 80 hektara razılaşdım. Arazın qırağında dövlət fondundan 83 hektar torpaq götürdüm. Ərazi çətin olsa da, özüm seçmişdim. Ailəmlə birlikdə əziyyətə qatlaşıb torpağı ərsəyə gətirmək, əkinəyararlı hala salmaq-gələcək işimizdə bizə çox lazımlı idi. Hazırın naziri olmamaq, əzabına qatlaşdığının qədrini bilmək, onu göz bəbəyi kimi qoruyub qeydinə qalmaq-təsərrüfatdakı işlərin əsas stimulu hesab olunur. 

Belə də etdik. Səhərləri sahədə açdıq. Sahə də nə sahə. Ərazi başdan-başa tikan, kol-kos, alaqdan ibarət idi. Çətinliklə də olsa, düz bir ilimizi  torpağı yararlı hala  gətirməyə sərf elədik. Torpaqla bağlı çox şey bilirdim, ancaq həmin günlərdə dərk elədim ki, torpağın da dili var, sadəcə olaraq onu dinləməyi, ona qulaq asmağı bacarmalısan. Qabaqlar söz var idi; “Torpaq deyir öldür məni, dirildim səni”. Öldürmək yox, onu əzizləmək, onu doğma hesab eləmək lazımdır. Yer kürəsində bütün insanların-şəhərdə, kənddə yaşamağından asılı olmayaraq,  hamısının kənd təsərrüfatına ehtiyacı var.

Plan tərtib elədim. Ərazinin bir hissəsində pambıq, digərində taxıl, başqa hissəsində yem bitkiləri əkini aparmaq qərarına gəldim. Sahənin bir hissəsində qoyun-quzu saxlamaq üçün tikililər düzəltdim. Qonşuların danlaq-dansağına ehtiyac qalmadı. Əslində mənim fermerlik niyyətimə də elə bir növ qonum-qonşunun narazılığı səbəb olmuşdu.

Bütün elmi kəşflər özünü təcrübədə doğrultmalıdır. Nəzəriyyə real həyatda sınaqdan çıxmırsa, onun bir qəpiklik qiyməti olmur. Mən torpaqdan elmi əsaslarla istifadə etməyə çalışdım. “Aqrotexniki qaydalar” -çox  vaxt gəlişigözəl söz kimi işlədilir. Amma əslində bu sözün dərin mənası var. Torpağa hansı vaxt hansı gübrə, hansı miqdarda verilməli, hansı vaxt hansı qaydada suvarılmalı-bütün bunların hamısı aqrotexniki biliklərə əsaslanmalıdır. Yüz cür şərt var, toxumu seçməkdən başlamış hazır məhsulu yığana kimi... Bunların hamısına bir qayda olaraq əməl etməlisən. İndi bu qaydaları  sadalamaq fikrində deyiləm. Qaydalar yerli şərait nəzərə alınmaqla tətbiq olunmalıdır. Məsələn, Rusiyanın qaratorpağını bizim torpaqla müqayisə etmək olmaz.

Torpaqla bağlı bir əhvalatı da danışmaq yerinə düşər. Əkin ərəfəsində  qonşu sahələrdən birində bostan əkildiyini gördüm. Şumladı, baraza çəkdi, yuva düzəldib toxum atdı. Bir dəfə təsadüfən dedim qonşuya baş çəkim, görüm nə işlə məşğuldur? Gözümə inanmadım, bostançı təzəcə qulaqlanan toxumun dibinə qabla sliter(boy maddəsi)tökür, suvarmasız-filansız guya xeyir iş görür. Torpağı zaya çıxardacağını, əziyyətinin hədər gedəcəyini dedim. Amma artıq gec idi. Məhsul vaxtı dediklərim həqiqət oldu. Tağlar üstündəki yemiş-qarpızla yanıb qovruldu. Bostandan heç nə ələ gəlmədi. Bəlkə inanmayacaqsınız, fermer həmin ərazini  indinin özündə də hala gətirə bilmir. Torpaq zəhərlənib.

... Çay stolu arxasında söhbətimiz beləcə uzanır. Əlabbas hazırda ən böyük problem olan su qıtlığından danışır.  Bu problemin hansı yolla həlli barədə Əlabbasın fikri məndən ötrü maraqlı idi. “Məsələnin həlli ancaq qışda mümkündür”, dedi. Yayda Yer üzündəki su mənbələrindən  buxarlanma (buxarlanmanın həcmini də deyir, elmi mübahisə yarada biləcəyindən ehtiyat edib rəqəm göstərmirəm) gedir, qışda bir o qədər də su- yağış, qar halında Yerə düşür. Bir çox ölkələrdə olduğu kimi,  biz də dəryaçalar yaradıb qışdakı yağıntılardan su ehtiyatı əldə etməliyik. Çox sevindirici haldır ki, dövlət başçımız cənab İlham Əliyevin artıq bu sahədə çox mühüm sərəncamları var. Yaxın vaxtlarda məsələ yəqin ki, müsbət həllini tapacaq.

Yuxarıda dediyimiz kimi Əlabbas rəhbərlik etdiyi “Elçin-Ş” ailə-fermer təsərrüfatının əldə etdiyi göstəricilər barədə ətraflı danışmaq istəmir. Amma biz, sözarası öyrənirik ki, fermer təsərrüfatı 2008-ci ildən toxumçuluq üzrə ixtisaslaşıb. Respublika Kənd Təsərrüfatı Nazirliyindən lisenziyası var. Buradan müxtəlif  təsərrüfatlara tələbat olduğu halda toxum satılır. Ailə-fermer təsərrüfatı mövsümlə əlaqədar işə cəlb olunan adamlara normal əməkhaqqı ödəyir. Əlabbas Şəmmədov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən daima qayğı və diqqət gördüyünü deyir; “Nazirlik bizə hər cür köməklik göstərir, toxumun seçilməsində məsləhət alırıq, subsidiyalar verilir, bir sözlə, müraciətimiz dərhal yüksək keyfiyyətlə icra olunur”.

“Elçin-Ş” ailə-fermer təsərrüfatından həm müştərilər, həm də burda çalışanlar razılıq edirlər.

Tofiq HÜSEYN,

“Respublika”.