Torpaq uğrunda canını fəda edən vətən övladı  
Sosial həyat

Torpaq uğrunda canını fəda edən vətən övladı  

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan  xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha  tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı,  şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.   

Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi və torpaqlarımızın düşmən tapdağından azad olunması ilə yekunlaşdı. Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə  Ordumuz şanlı tarix yazaraq düşməni darmadağın etdi.    2020-ci il Azərbaycan tarixinə Zəfər ili, torpaqlarımızın işğaldan azad olunduğu il kimi düşdü. Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başladığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Bu haqq savaşında qələbəyə görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bircə hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!

Vətən müharibəsi şəhidi Ruslan Səlim oğlu Hümbətov 20 may 1987-ci ildə dünyaya göz açıb. Gəncə şəhər 17 saylı orta məktəbdə təhsil alıb. 2005-ci ildə məktəbi bitirib. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən  hərbi xidmətə çağırılmış, Daxili İşlər Nazirliyinin  Daxili  Qoşunlarının “N” saylı  hərbi hissəsində xidmət etmişdir. Ruslan ingilis, rus, gürcü, ərəb və alman dillərində sərbəst danışmağı  bacarırdı.

2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə medal və xüsusi fərmanla mükafatlandırılıb. 2018-ci ildə Xüsusi Təyinatlı Qoşunlar arasında keçirilən beynəlxalq yarışda Azərbaycanı təmsil edib və birinci yerə layiq görülüb. Xidməti dövründə “Azərbaycan Ordusunun 95, 100 illiyi yubiley və  "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilmişdir. Xidmət illərində ABŞ, Fransa, Gürcüstan və bir neçə ölkədə xüsusi kurs keçib.  Doğmalarının söylədiklərinə görə, Ruslan hər ay əməkhaqqısının bir qismini bir neçə hərbi yoldaşı ilə ehtiyacı olan insanlara və xəstələrə sərf edirmiş.

Xüsusi Təyinatlı Dəstələrin giziri olan Ruslan Hümbətov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut, Suqovuşan, Qubadlı, Murov və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib, şücaətlə vuruşub. Ruslan 5 oktyabr 2020-ci ildə Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşdə şəhid olur.  Oktyabrın 7-də   Gəncə şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılır.  2 övladı Vətənə əmanətdir

Prezident İlham Əliyevin sərəncamları ilə  Ruslan Hümbətov "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə",  "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək  şəhidlik  zirvəsinə  ucalmaq isə ən böyük şərəf və qürurdur. Şəhidlərin xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. 

Vətən uğrunda canından, qanından keçən  Ruslan Hümbətovun ailəsi üçün ən böyük təsəlli odur ki, artıq heç bir şəhidin qanı yerdə qalmayıb. İşğal olunan torpaqlarımız geri alınıb və o torpaqlarda yeni həyat başlayıb. 

                                                                                                       M.MİRZƏ,

                                                                                                   “Respublika”.