Torpaq  uğrunda  ölən  varsa,  vətəndir
Region

Torpaq  uğrunda  ölən  varsa,  vətəndir

Azərbaycan  Prezidenti, Müzəffər  Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə  rəşadətli Azərbaycan  Ordusu  böyük şücaət  və  yüksək  döyüş  hazırlığı  göstərərək  27  sentyabr  2020-ci  il tarixdən  başlayaraq  44 gün müddətində  torpaqlarımızı işğaldan,  düşmən tapdağından azad etdi.  Vətən  müharibəsində  tarix  yazan  qəhrəman ordumuz,  əsgər və zabitlərimiz  Azərbaycanın  haqq  uğrunda  apardığı mübarizə  əzmini, əsl  döyüş  ruhunu  bütün  dünyaya  nümayiş etdirdi.

Torpaqlarımızın  bütövlüyü  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına şəhid  olanlardan biri  də Beyləqan  rayonunun Əlnəzərli  kənd  sakini  İsmayılov  Elvin  Tələt  oğludur.  E.İsmayılov  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  aparılan  döyüş  əməliyyatlarında  şəhidlik  zirvəsinə  yüksəlib.  Şəhidimizin  doğum  günü  münasibətilə  Beyləqan  Rayon  İcra  Hakimiyyəti  başçısının müavini,  ictimai-siyasi  və  humanitar  məsələlər şöbəsinin  müdiri  Yeganə  Məmmədova,  aparatın  şöbə  müdirləri  İlqar  Quliyev,  Heybət  Əliyev,  Rayon  Təhsil  şöbəsinin  müdiri  Suliddin  Əsgərov, şəhidin  ailə  üzvləri  və  yaxınları,  ictimaiyyət   nümayəndələri  şəhidin  məzarını  ziyarət  edərək  önünə qərənfillər   düzüb,  əziz  xatirəsinə   ehtiramlarını  bildirdilər. 

Elvin  Tələt  oğlu  İsmayılov  1989-cu il martın  9-da  Beyləqan  rayonunun  Əlinəzərli  kəndində  anadan  olub.  Müharibəyə  gedərkən  Elvin yenicə  ailə  həyatı  qurmuşdu.  İsmayılov  Elvin 2020-ci il sentyabrın  27-də  Azərbaycan  Silahlı  Qüvvələri  tərəfindən  Ermənistan  işğalı  altında  olan  ərazilərin  azad  edilməsi uğrunda   başlanan  Vətən müharibəsi  zamanı  Füzuli  rayonu  istiqamətində  gedən  döyüşlərdə olub. Döyüşlərdən  bir addım   belə  geri  atılmayan  qəhrəmanımız  Cəbrayılın  Nüzgar  kəndi  uğrunda  gedən  ağır  döyüşlər  zamanı  qəhrəmancasına   şəhidlik  zirvəsinə   qovuşub.  Beyləqan  rayonu,  Şəhidlər  xiyabanında  dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi   hissə  qarşısına  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə   Azərbaycan Prezidenti   İlham   Əliyevin   müvafiq   sərəncamlarına   əsasən İsmayılov   Elvin  Tələt  oğlu    ölümündən   sonra “Vətən  uğrunda”,  "İgidliyə  görə",  "Cəbrayılın  azad  olunmasına  görə", “Füzulinin  azad  olunmasına  görə” medalları   ilə  təltif  edilib.

Ərəstun ABDULOV,

“Respublika”.