Torpaqlarımızın azad edilməsi tarixi və hüquqi haqqımızdır
Siyasət

Torpaqlarımızın azad edilməsi tarixi və hüquqi haqqımızdır

Milli tariximizin bizə qürur gətirən, eyni zamanda ağrılı-acılı məqamları çox olub. Himayədarlarının əli ilə ermənilərin Qarabağımızı işğal etmələrinin, onların zaman-zaman bizi öz doğma yurd-yuvamızdan didərgin salmalarının, vətəndaşlarımızı uşaqlı-böyüklü xüsusi amansızlıqla qətlə yetirmələrinin, diri-diri yandırmalarının, başlarına dəmir mıx çalmalarının, bəşəri cinayət olan Xocalı faciəsinin və digər faciələrin tariximizdən gələn fəryad səslərini bu gün də eşidirik. Şuşanın işğalından sonra dahi Üzeyirin, Bülbülün, Xan qızı Natəvanın heykəllərinin güllələnməsi, sonra sökülərək əridilib pula çevirmək məqsədilə Ermənistana aparılması, bir müddət orada əsir saxlanılmasının acılarını bu gün də yaşayırıq.

Qarabağ torpağının çəkdiyi ağrıları təsəvvür etmək belə mümkün deyil. Bu ağrı başqa ağrılara, acılara bənzəməz. Bütün bu əzab-əziyyətin məlhəmi tarixi ədalətin bərpa olunması, Qarabağın işğaldan azad edilməsi, onun övladlarının doğma yurd-yuvalarına geri qayıtması ola bilərdi. Rəşadətli ordumuz, qəhrəman xalqımızla əl-ələ verərək milli qeyrət, cəsarət, qətiyyət göstərib ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə ədaləti bərpa etdi. Şuşamız, Qarabağımız işğaldan azad olundu. Natəvan, Üzeyir, Bülbül yurd-yuvasına qaytarıldı  və bununla da tariximizin yeni, möhtəşəm bir nəğməsi – Qarabağ nəğməsi yarandı.

Qarabağımızın işğaldan azad edilməsi tarixi həqiqətin zəfər nəğməsidir. Bu nəğmənin müəllifi isə qüdrətli Azərbaycan ordusu, yenilməz Azərbaycan xalqı, baş qəhrəmanı xalq-ordu-dövlət birliyinin təşkilatçısı Ali Baş Komandan cənab İlham Əliyev, leytmotivi onun “Qarabağ Azərbaycandır!” şüarıdır…

Müzəffər Azərbaycan Ordusu Qarabağın işğaldan tam azad olunmasını 44 gündə döyüş meydanlarında müasir silahlarla döyüşərək qələbə ilə başa çatdırdı. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi azad olunandan sonra Ali Baş Komandanın dediyi kimi, “düşmən diz çökdü və bu gün də diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibələrinin birində deyir: “Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin”.

Azərbaycan ordusu 2020-ci ilin payızında böyük şücaət, qəhrəmanlıq göstərdi: düşmənin hərbi qüvvələrini darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu, hər bir Azərbaycan vətəndaşının xoşbəxtliyidir.

30 illik işğal dövründə ermənilər həmin əraziləri viran qoymuş, cəhənnəmə çevirmişdir. Müharibə başa çatdıqdan sonra indi işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri başlayıb. Ölkə başçısı bununla bağlı deyib: “Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək, Azərbaycan xalqı yenə də birləşərək dağılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə də sözümüzü demişik, istədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”. Həqiqətən də belədir. Qarabağda yeni yaşayış məntəqələri, kənd və şəhərlər salınacaqdır. Xalq-dövlət birliyi müstəqillik illərində ölkəmizi magistral inkişaf yoluna çıxardığı, düşmən üzərində tarixi qələbəyə imza atdığı kimi, bu məsələnin də həllinə nail olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldiyi andan ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağına söz vermiş, 18 illik fəaliyyəti dövründə sözünə sadiq qalmışdır. Qarabağın azad olunması da onun fəaliyyət istiqamətlərindən biri idi. Ölkə başçısı ümummilli liderin başladığı islahatların uğurla həyata keçirilməsinə də səy göstərdi, ölkə iqtisadiyyatı gücləndi, ordu quruculuğu davam etdirildi. Dünyanın ən güclü 50 ordusu sırasında özünə yer alan Azərbaycan ordusu isə döyüş meydanında öz sözünü dedi.

Ölkə həyatının bütün sahələrində, o cümlədən ədliyyə sistemində də köklü islahatlar aparıldı, beynəlxalq standartlar səviyyəsinə çatdırıldı. Əlbəttə bu sahədə mövcud olan ənənələr də qorunub-saxlanıldı. Müstəqil Azərbaycan dövləti özünün varisi saydığı Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənəsinə hörmətlə yanaşdı.

Məlumdur ki, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi -  müstəqil və demokratik idarəçilik ənənələrinin, eyni zamanda yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər görülməyə başlanıldı. 1918-ci il noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olundu.

1918-ci il mayın 28-dən 1920-ci ilə kimi mövcud notariat aktları da öz hüquqi qüvvəsini saxlayır, həmçinin əvvəllər fəaliyyət göstərmiş həm məhkəmələrin tərkibində olan notariat kontorları, həm də xüsusi notariuslar Azərbaycan Demokratik Respublikası dövründə də fəaliyyətlərini davam etdirirdilər. 1920-ci il aprel inqilabından sonra Azərbaycanda notariatın hüquqi statusu dəyişdirildi. Xüsusi mülkiyyət ləğv edildi.

Sovet dövründə, 1973-cü ildən sonra isə, SSRİ-də notariatın təşkili və fəaliyyəti “Dövlət notariatı haqqında” qanunla tənzimlənmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra notariat sistemi yeni mərhələyə qədəm qoydu. 1999-cu il noyabrın 26-da “Notariat haqqında” qanun qəbul edildi, 2000-ci il yanvarın 30-da isə qüvvəyə mindi. Bu qanun özündən əvvəlki qanunla müqayisədə xeyli təkmilləşdirilmişdi. Həmin qanunla xüsusi notariusların yaradılması və onlara dövlət notariusları ilə eyni hüquqlar verilməsi nəzərdə tutulurdu.

Ölkədə həyatın bütün sahələrində aparılan islahatlar ədliyyə sahəsini də əhatə edir. Bu gün sürətlə dəyişən dünyanın inkişafı fonunda ədliyyə, xüsusən notariat xidmətləri sahəsində yeniliklərin tətbiqi qaçılmaz olur. Belə ki, rəqəmsallaşma bütün dünyada sosial inkişafın əsas istiqamətlərindən biri olmaqla, rəqəmsal mühit fiziki və hüquqi şəxslərin hüquqlarının notariat vasitəsilə qorunması və təhlükəsizliyinin təminatına tələbatı kəskin şəkildə artırır. İnformasiya texnologiyalarının tətbiqi notariat prosesinin sürətini və keyfiyyətini artırmış, yeni növ notariat hərəkətlərinin yaradılmasına imkan vermişdir.

Bu gün ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq, Azərbaycan notariatı da təkmilləşir və müasirləşir, notariat fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaş məmnuniyyəti və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi davam etdirilir. 2007-ci ildən etibarən respublikanın notariuslarını vahid şəbəkədə birləşdirən mərkəzləşdirilmiş “Notariat sənədlərinin elektron məlumat bankı” informasiya sistemi yaradılmış və istifadəyə verilmişdir. 1999-cu ildə qəbul edilmiş “Notariat haqqında” qanuna uyğun olaraq elektron notariat sistemi də fəaliyyətə başlayıb. “Elektron notariat” sisteminin əsas yeniliyi olan “Elektron notariat köşkü” bütün sutka ərzində, 24 saat işləyir və notariat ofisinə getmədən müəyyən notariat hərəkətlərini yerinə yetirməyə imkan verir.

“Mobil notariat”ın tətbiqi isə digər yenilikdir. Bu tətbiq ən yaxın notariat ofisini, ofisin iş saatları və əlaqə məlumatlarını xəritədə tapmağa kömək edir.

Azərbaycan ədliyyəsinin 100 illiyi ərəfəsində Azərbaycan Respublikasının 15 noyabr 2018-ci il tarixli Qanunu ilə “Notariat Palatası” fəaliyyətinin hüquqi əsası müəyyən edilmişdir. Respublikada fəaliyyət göstərən notariuslar bu hüquqi zəmindən faydalanmış və 2019-cu ildə Azərbaycan Notariat Palatası təsis olunmuşdur. Qurumun yaradılmasında əsas məqsəd notariat fəaliyyətinin inkişafı, notariuslararası əlaqələndirmənin gücləndirilməsi, Beynəlxalq Notariat İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi, notariusların təlimi sahəsində formalaşmış beynəlxalq təcrübəni mənimsəməklə ölkə ərazisində tətbiq edilməsini və notariuslar tərəfindən qanunvericilikdəki yeniliklərin mütəmadi öyrənilməsini təşkil etməkdən ibarətdir.

Dövlət başçısı hər dəfə bəyan edir ki, Azərbaycanın dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Bu gün dərinləşməkdə olan islahatlar da vətəndaş məmnunluğuna istiqamətlənib.

Düşmən üzərində qələbənin ildönümünə az qalır. Ötən hər gün isə doğma yurd-yuvalarından didərgin düşmüş, 30 ildən bəri qaçqın, məcburi köçkün taleyi yaşayan insanların tarixi yurd yerlərinə Böyük Qayıdışını bir az da yaxınlaşdırır. 

Nadir VƏDƏTOV,

7 saylı xüsusi notariat ofisinin xüsusi notariusu.