Tovuz: Unudulmaz Vətən övladı
Region

Tovuz: Unudulmaz Vətən övladı

Tovuz rayonunun Güvəndik kəndində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Fərzalıyev Samiq Misir oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə rayon icra hakimiyyətinin başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov çıxış edərək Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, şərəfli döyüş yolu keçən Samiq və onun kimi oğullarımızın xatirəsi heç bir zaman unudulmayacaq.

Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Fərzalıyev Samiq Misir oğlu 8 iyul 1992-ci ildə Tovuz rayonunun Güvəndik kəndində anadan olub. 1998-2008-ci illərdə Güvəndik və Papaqçılar kənd tam orta məktəblərində, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edib və ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursa göndərilib və “leytenant” hərbi rütbəsi alaraq “N” saylı hərbi hissədə xidmətə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Samiq Fərzalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Samiq Fərzalıyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə baş leytenant Fərzalıyev Samiq Misir oğlu "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Vəli VƏLİYEV,

“Respublika”.