TRASEKA iqtisadi, siyasi sabitliyin qarantıdır
İQTİSADİYYAT

TRASEKA iqtisadi, siyasi sabitliyin qarantıdır

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 8 sentyabr 1998-ci ildə Bakıda Tarixi İpək Yolunun bərpası üzrə Beynəlxalq Konfrans  keçirilmişdir

Tarixi Böyük İpək Yolu Avropadan Asiyaya ən qısa marşrut olaraq, Cənubi Qafqaz ölkələrinin ərazisindən keçmişdir. "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi "TRASEKA (TRACECA – TRANSPORT CORRİDOR EUROPE CAUCASUS ASİA) Müstəqil Dövlətlər Birliyinə (MDB) göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. Bu layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) iştirakı ilə qəbul edilmişdir. Konfransın yekunlarına əsasən, TRASEKA regionlararası proqramın fəaliyyətinin əsaslarını qoymuş Brüssel Bəyannaməsi qəbul edilmişdir.

Müstəqilliyin ilk illərində yaranmış ağır sosial-iqtisadi vəziyyət, nəqliyyat-iqtisadi blokadanın davam etməsi, keçmiş təsərrüfat əlaqələrinin qırılması,  Avropa və Dünya bazarına çıxışın olmaması dövlət müstəqilliyimiz üçün ciddi təhlükə yaradırdı. Belə bir şəraitdə Avropa Komissiyasının müstəqillik əldə etmiş ölkələr üçün hazırladığı   TRASEKA layihəsi və ölkə rəhbərliyinin  bu layihəni qətiyyətlə dəstəkləməsi, dövlətçiliyimizin qorunması və onun iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi üçün geniş imkanlar açdı. Ümummilli lider Heydər Əliyev məqsədyönlü və kompleks tədbirlər həyata keçirməklə “Tarixi İpək Yolu”nun bərpası ideyasını xəyaldan reallığa çevirdi.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna)  dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi TRASEKA proqramının uğurla həyata keçirilməsi əməkdaşlığını daha yüksək səviyyəyə qaldırmaq, tarixi Böyük İpək Yolunun bərpasına dair proqram qəbul etmək üçün zəmin yaratmışdır və beynəlxalq konfrans da buna həsr olunmuşdur. Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir.

Keçən dövr ərzində respublikamızda TRASEKA Proqramı çərçivəsində Əsas Çoxtərəfli Sazişin şərtlərinin həyata keçirilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, dəhliz üzrə yeni avtomobil yollarının tikintisi, mövcud yolların təmiri və yüksək texniki dərəcəyə uyğunlaşdırılması məqsədilə iri layihələr həyata keçirilmişdir. Dəhlizin Azərbaycan ərazisində əsas magistral hesab edilən Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun uzunluğu 508 km-dir. Bunun 68.4 km Bakı-Ələt hissəsi 1-ci texniki dərəcəyə uyğun yenidən qurulmuş 6 zolaqlı, Ələt-Gəncə hissəsi də həmçinin 1-ci texniki dərəcəyə uyğun yenidən qurulmuş 4 zolaqlı və Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi olan hissəsi isə 2-ci texniki dərəcəyə uyğun təmir edilmiş və 2 zolaqlıdır.

TRASEKA nəqliyyat dəhlizi üzərində yerləşən Bakı-Böyük-Kəsik (Gürcüstan sərhədi) dəmir yolu xəttinin uzunluğu 503 km-dir. TRASEKA proqramı çərçivəsində dəmir yolu sahəsində həyata keçirilən ən böyük layihə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisidir. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin ümumi uzunluğu 840 km olmaqla 503 km hissəsi Azərbaycan ərazisində, 259 km hissəsi Gürcüstan, 78 km hissəsi isə Türkiyə ərazisində  yerləşir. Dəmir yolunun Azərbaycan ərazisində əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış, Gürcüstan ərazisində Marabda-Axalkələk stansiyaları arasındakı 153.1 km hissəsində təmir və reabilitasiya işləri həyata keçirilmiş, 29.3 km Axalkələk-Türkiyə sərhədi hissəsində isə yeni dəmir yolu xətti tikilmişdir. Hətta, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində Türkiyə sərhədinə qədər ilk sınaq qatarının hərəkəti təmin edilmişdir.

Azərbaycanın coğrafi və iqtisadi imkanları düzgün qiymətləndirilərək, ölkəmizin beynəlxalq ticarət daşımalarında fəal iştirakı ilə bağlı əməli işlər aparılır.

Ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanın hərtərəfli inkişafı ilə paralel, ölkəmizin nəqliyyat-tranzit potensialının müasirləşdirilməsi istiqamətində nəhəng işlər görülür. Azərbaycandakı  beynəlxalq hava limanları, Bakı yük terminalı, Ələt Ticarət Limanı, ən müasir yük gəmilərinə malik Xəzər dənizindəki yük donanması, 2017-ci ildə istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı–Tbilisi-Qars dəmir yolu xətti ölkəmizin nəqliyyat-tranzit sahəsində qısa müddətdə əldə etdiyi uğurlardır. Azərbaycan rəhbərliyi ölkəmizin coğrafi mövqeyi və qeyd olunan nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yük daşımalarında mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi iş aparır. 

    Bəybala  BƏYBALAYEV,

“Respublika”.