Triküspit qapağının təmirində yeni üsul
MÜSAHİBƏLƏR

Triküspit qapağının təmirində yeni üsul

Öz sənətini sevən, ona dərindən yiyələnən təcrübəli həkimlər həmişə nüfuz və hörmət sahibi olublar. İnsanların sağlamlığı keşiyində dayanan bu peşə sahiblərinin fədakarlığı sayəsində hər gün neçə-neçə insan ölümün pəncəsindən xilas olur, həyata yenidən qayıdır. Həqiqətən də, xalqın müqəddəs saydığı, həyatını etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətli bir işdir. Bu işin öhdəsindən layiqincə gələn, sevib-seçdiyi peşəsinə bağlı olan bacarıqlı həkimlərdən biri də İstanbul Bezmialem Vakıf Universitetinin tibb fakültəsinin Ürək-damar xəstəlikləri cərahiyyə şöbəsinin müdiri, professor Cengiz Köksaldır. Afyonda dünyaya göz açan Cengiz həkim orta məktəb illərindən ürək-damar cərrahı olmağa qərar vermişdir. Anasının ürək xəstəliyindən əziyyət çəkməsi, bir müddət sonra isə Mitral qapaq əməliyyatı zamanı dünyasını dəyişməsi onun bu fikrini daha da qətiləşdirmişdi. Onunla müsahibəmiz səmimi bir ortamda baş tutdu.

–Triküspit qapağının təmirində türk üsuluna imza atan ilk həkimsiniz. Ümumiyyətlə, ürək qapaqları və qapaqların zədələnməsi hallarında ortaya çıxan fəsadlar haqqında nə deyə bilərsiniz?

–Ürək dörd kameraya bölünür. Yuxarı kameraya sol atrium və sağ atrium deyilir. Alt kameralar isə sol və sağ mədəciklərdir. Septum adlanan əzələ ürəyin sol və sağ tərəflərini ayırır. Açılışlar və ya klapanlar kameralar arasında ürəyə daxil olan və çıxan qan axınını tənzimləyir. Qanın sərbəst axmasına imkan yaratmaqla yanaşı, həm də qanın axmasını dayandırır. Triküspit regürjitasiyası qapaq düzgün bağlanmadığı zaman baş verir. Bu nasazlıq qanın yenidən ürəyin sağ otağına axmasına səbəb olur. Triküspit qapaq çatışmazlığı adlandırılan bu vəziyyət tədricən ürəyi zəiflədir. Sağ mədəcik daha çox işləməyə məcbur qaldıqda kompensasiya etmək üçün böyüyür. Eyni zamanda, triküspit qapağı dəstəkləyən və açma-bağlama qabiliyyətini artıran toxuma halqası daha da böyüyə bilir.

Cengiz həkim 25 ildir ki, ürək-damar cərrahı kimi fəaliyyət göstərir. İstanbul Universitetinin tibb fakültəsini bitirdikdən sonra, İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində ürək-damar cərrahı ixtisası üzrə təhsil almış və 1998-ci ildə isə universiteti bitirmişdir. 1999-2017-ci illərdə bir neçə xəstəxanada cərrah kimi fəaliyyət göstərmiş, 2017-ci ildən Bezmialem Vakıf Universitetinin tibb fakültəsində fəaliyyətini davam etdirir. İngiltərə, İtaliya, Almaniya və s. ölkələrdə mitral qapaq təmiri ilə bağlı təhsil almışdır.

Ürək çatışmazlığı, ağciyər arteriyalarında yüksək qan təzyiqi yaradan vəziyyətlər və kardiomiyopatiya deyilən ürək əzələsinin anormal vəziyyəti triküspit çatışmazlığına səbəb ola bilər. Yorğunluq, qarın, ayaq və ya boyunda damarlar, anormal ürək ritmləri, boyunda nəbz və nəfəs darlığı triküspit xəstəliyinin əlamətləridir. Bu xəstəlik çox vaxt uşaqlıqda keçirilmiş revmatik qızdırma xəstəliyindən sonra ortaya çıxır. İltihablı proses ürəyin daxili astarını (endokard) tutaraq bütün qapaqlara yayılır. Yarpaq bağlama mexanizmi zədələnir. Bənzər dəyişikliklər şiddətli qrip və yüksək hərarətdən sonra da baş verə bilər.

Triküspit qapaq çatışmazlığı zamanı xəstənin vəziyyəti bir müddət dərman müalicəsi ilə normal saxlana bilər, lakin vaxt keçdikcə triküspit qapaq çatışmazlığını aradan qaldırmaq və ya minimuma endirmək üçün müdaxiləyə ehtiyac yaranır. Əvvəllər cərrahi müalicə iki yolla aparılırdı: qapağın təmiri və qapağın protezləşdirilməsi. Qapaq protezləşdirilməsi bioprotezlərlə və ya mexaniki protezlərlə icra edilirdi. Mexaniki protezlərdən istifadə edən xəstələr ömrünün sonuna qədər qan durulaşdırıcı dərmandan istifadə etməli olurdular. Bir müddət sonra xəstələr vəziyyətlərindən şikayət edirdilər. Bu səbəbdən qapaq təmiri əməliyyatlarına daha çox üstünlük verməyə başladıq. Apardığımız tədqiqatlar göstərdi ki, qapaq təmiri triküspit qapaq çatışmazlığı üçün ən yaxşı üsuldur. Mümkün olduğu qədər səbəbi istər revmatik, istər degenerativ olsun, triküspit qapaq təmir edilməlidir. Xəstəyə ən faydalı, ən sağlam və komplikasyonları ən az olan üsul "təmir"dir. Qapaq təmiri əməliyyatları müxtəlif cərrahi rekonstruktiv metodlardan istifadə edərək xəstənin öz ürək qapağının qorunub saxlanmasıdır. Daha aşağı risklə icra olunan bu əməliyyatlarla daha uzunmüddətli müsbət nəticələr əldə olunur və xəstələrin qan durulaşdırıcı dərman istifadə etməsinə ehtiyac qalmır.

–Sözsüz ki, belə çətin əməliyyatlar zamanı həkimin təcrübəsi, biliyi ilə yanaşı, əməliyyatda iştirak edən heyətin də peşəkarlığı önəmlidir, elə deyilmi?

–Təbii ki, əməliyyatda bir neçə həkim və köməkçi heyət iştirak edir. Və əməliyyatın uğurlu alınmasında onların hər birinin, o cümlədən həmyerliniz, ürək-damar xəstəlikləri cərrahiyyə şöbəsinin mütəxəssis həkimi Səyaqət Musayevanın rolu və böyük zəhməti var. Səyaqətin gələcəkdə peşəkar ürək-damar cərrahı olacağına əminəm. Çünki o, gənc bir həkim kimi bu sahədə dərin biliyə və təcrübəyə malikdir.

Onu da qeyd etmək istəyirəm ki, artıq qrupumuzla birlikdə 30-dan çox xəstə üzərində ürəyi dayandırmadan, döş qəfəsini açmadan, sağ sinə altından kiçik bir kəsik ilə triküspit qapaq təmiri əməliyyatı həyata keçirmişik və müsbət nəticələr əldə etmişik. Bu üsulda sümük kəsilmədiyi üçün ağrı da az olur. Əməliyyat yarası infeksiyası və ya sümük infeksiyası isə yox dərəcədədir. Estetik nəticə səbəbi ilə xəstələr əməliyyat sonrası daha tez normal həyata dönürlər. Beləliklə, "təmir" ürəyin anatomiyasını və funksiyasını daha fizioloji şəkildə qorumaq üstünlüyünə malikdir.

–Sizə işlərinizdə uğurlar arzulayırıq.

–Təşəkkür edirəm.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.