Türk Dövlətləri Təşkilatı dərin kökləri olan türk xalqlarını daha da yaxınlaşdırır
Türk dünyası

Türk Dövlətləri Təşkilatı dərin kökləri olan türk xalqlarını daha da yaxınlaşdırır

Türkiyə-Azərbaycan arasında hər zaman dostluq, qardaşlıq, geniş əməkdaşlıq əlaqələri olmuş, bu əlaqələrin daim inkişaf etməsi üçün hər iki tərəfdən böyük səylər göstərilmişdir. Yalnız iki dost, qardaş türk dövləti arasında məhdudlaşmayan münasibətlər bütün türk dünyasını əhatə edir. Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan olmaqla, ümumtürk birliyinin yaranması türkdilli dövlətlər arasında beynəlxalq münasibətlərin bütün sahələrində müstəqil əlaqələrin qurulmasına, türkdilli dövlətlərin əməkdaşlığına, inkişafına geniş imkanlar açır.

Qədim, çoxəsrlik tarixi boyu bəşər mədəniyyətinə böyük töhfələr vermiş, zənginləşdirmiş türk xalqları zəngin kökləri, bir-birinə mənəvi bağlılığı ilə tarixi imtahanlardan, sərt sınaqlardan mətanətlə çıxmışdır. Yüz illərlə bir-birindən ayrı düşmüş, böyük imperiyaların dövlət siyasəti səviyyəsində həyata keçirdikləri məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş bəzi türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəlişə nail olmuş, müstəqil türk dövlətləri kimi həm ayrı-ayrılıqda, həm də birgə çoxtərəfli münasibətlərdə, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərirlər.

2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türk birliyinin, türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviq edilməsi, dünyada sülhün bərqərar edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaqdan ibarətdir. Eyni zamanda, türk dövlətləri arasında bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində, kütləvi informasiya vasitələrinin daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi kimi məsələlər də TDƏŞ-in fəaliyyətində əsas vəzifə olaraq nəzərdə tutulur.

Yarandığı vaxtdan etibarən bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynamış, mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmişdir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq əlaqələri yaradan TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.

TDƏŞ-ə üzv ölkələr arasında qardaşlıq və qarşılıqlı güvən əsasında formalaşan siyasi, iqtisadi, ticarət, mədəni və hərbi əməkdaşlıq bütün türk dünyasının hədəflədiyi uğurlara birlikdə çatmasına, sahib olduqları bütün potensialları türk birliyinin möhkəmləndirilməsinə və eyni zamanda, daha firavan, daha ədalətli bir dünyanın qurulmasına xidmət edir. Bu dövlətlər arasında mövcud olan ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirir.

Türk Dövlətlərinin Əməkdaşlıq Şurası bütün türk dünyasında enerji layihələrinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafı, regional təhlükəsizliyin möhkəmlənməsində türk dövlətlərinin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açmaqdadır.

2019-cu il oktyabr ayının 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Qırğız Respublikasının Prezidenti Sooronbay Şaripoviç Jeenbekov Qırğızıstanın TDƏŞ-ə sədrlik dövrünün başa çatdığını bildirərək demişdir: "Mən təşkilatımızda sədrliyi Azərbaycan Respublikasına verirəm. İlham Heydər oğlunun iqtisadi islahatları və investisiyaların cəlb edilməsi siyasəti artıq öz bəhrəsini verir. Bu gün Azərbaycan dünya siyasətində xüsusi və mühüm yer tutur. Biz qardaş Azərbaycanın uğurları barədə bütün xəbərləri sevinclə qarşılayırıq. İnanıram ki, Azərbaycanın sədrliyi ilə iqtisadiyyatın, ticarətin, investisiyaların və digər sahələrin inkişafı üzrə əməkdaşlıq daha da güclənəcək. Mən inanıram ki, Azərbaycanın sədrliyi səmərəli olacaq. Fikrimcə, bizim daha da inkişaf etmək üçün çox böyük imkanlarımız var. Əgər biz bütün potensialımızdan və imkanlarımızdan istifadə etsək, ölkələrimizin əməkdaşlığı əhalinin həyat şəraitini yaxşılaşdıracaq".

Ölkə başçısı cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçdiyini, üzv ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynadığını, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət göstərdiyini, təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: "Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir".

Ölkəmiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlər arasında iqtisadi əməkdaşlıq çərçivəsində ticarət, iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verərək üzv dövlətlərin ərazilərindən keçən Mərkəzi Nəqliyyat Dəhlizi boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması, Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı, regionun multimodal nəqliyyat potensialının artırılması, Xəzər dəniz keçidinin nizamlanması istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. Samsun, Bakı və Aktau limanları arasında əlaqələrin yaradılması bu istiqamətdə atılmış addımların bariz nümunəsidir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulmuşdur. Belə ki, 2020-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşündə pandemiya ilə mübarizə çərçivəsində birgə tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılmış, fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi qəbul edilmişdir. Zirvə Görüşünün nəticəsi olaraq ölkələr arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı dövlət başçılarının təlimatlarına uyğun olaraq iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, turizm və miqrasiya sahələrinin nazirləri ilə görüşlər keçirilmiş, qarşıda duran məsələlər müzakirə edilmişdir. Aprel ayının 28-də videokonfrans formatında keçirilən Türk Şurasına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclasında isə COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlıq perspektivlərinə, yoluxucu xəstəliklərlə mübarizədə müalicə üsullarına, epidemioloji və elmi metodlara, müxtəlif xəstəliklərlə mübarizədə "onlayn" bazanın yaradılmasına dair fikir mübadiləsi aparılmışdır.

Keçən ilin may ayının 6-da videoformatda keçirilən Türk Şurasına üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirlərinin və gömrükdən məsul qurumların rəhbərlərinin iclasında da COVID-19 pandemiyası dövründə mövcud vəziyyət, mövcud sosial-iqtisadi çağırışlar fonunda əlavə mexanizm kimi "Birgə Türk İnvestisiya Fondu"nun təsis olunması prosesinin yekunlaşdırılmasının sürətləndirilməsi, Macarıstan və Avropada xüsusi investisiya təbliğat proqramı müzakirə edilmişdir. May ayının 7-də isə miqrasiya sahəsində məsul qurumların rəhbərləri viza, yaşayış və iş icazələri, dövlətlərin bir-birilərinin ərazilərində müvəqqəti qalan, təhsil alan və işləyən vətəndaşlarına dəstək və köməklik göstərilməsini müzakirə etmişlər.

COVID-19 pandemiyasının üzv dövlətlərin turizm sektoruna təsiri, turistlərin təhlükəsiz səyahətlərinin təmin edilməsi, Türk Şurası Müasir İpək Yolu Birgə Tur Paketi Layihəsi və s. məsələlərə isə turizm sahəsinin nazirlərinin 6-cı iclasında baxılmışdır. İlk dəfə olaraq təşkilat çərçivəsində üzv dövlət kimi Özbəkistan nazirlərin bu toplantısına ev sahibliyi etmişdir.

Bu il mart ayının sonunda Azərbaycanın TDƏŞ-ə sədrliyi dövründə sayca ikinci tədbiri - qeyri-rəsmi Zirvə Görüşü baş tutmuş və Qazaxıstanın Türkistan şəhərinə yeni təsis olunmuş "Mənəvi paytaxt" statusu verilmişdir. Tədbirdə həmçinin, qeyri-rəsmi Zirvə Görüşünün Türkistan Bəyannaməsi qəbul olunmuşdur. Eyni zamanda bu ilin sentyabr ayında təşkilata üzv və müşahidəçi dövlətlərin 30-a yaxın jurnalistin Bakı, Gəncə və işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərinə media turu təşkil olunmuşdur.

TDƏŞ-ə üzv dövlətlər təhsil sahəsində də əməkdaşlığı davam etdirmiş, bu il oktyabr ayının sonunda Türk Universitetlər Birliyinin V Baş Assambleyası, noyabr ayının əvvəllərində isə təşkilata üzv dövlətlərin təhsil nazirlərinin altıncı iclası keçirilmişdir.

Etnik, mədəniyyət və dil baxımından bir-birilə sıx bağlı olan türk dövlətləri arasında qarşılıqlı münasibətlər strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Bölgədə türkdilli dövlətlərlə geosiyasi və iqtisadi vəziyyətin inkişafına, transregional iqtisadi layihələrin gerçəkləşdirilməsinə yüksək dəyər verən Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlarla, bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə öz milli maraqlarını gerçəkləşdirir.

Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına sədrliyi dövrü ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf etmiş, Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etmişdir. Hər zaman olduğu kimi, türkdilli dövlətlərin xalqları müharibə dövründə də Azərbaycana dəstəyini əsirgəməmiş və bu gün Azərbaycanın düşmən üzərində qələbəsi Türk dünyasında birliyin və həmrəyliyin güclənməsində mühüm rol oynayır. Belə ki, regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında birliyə, müttəfiqliyə öz töhfəsini verir. Zəngəzur dəhlizinin açılması isə Türk dünyasını birləşdirməklə bərabər, onu daha da möhkəmləndirəcək və sarsılmaz edəcəkdir.

Türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birliyi arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən, hər zaman sülh və sabitlik, əmin-amanlıq tərəfdarı olan Azərbaycan Prezidenti İham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə Türk Dünyasının Ali Ordeni ilə təltif olunub.

Bu ali təltif isə Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında nüfuzlu bir dövlətə çevirən, diplomatik məharət, prinsipial, ardıcıl və qətiyyətli siyasət yürüdən İlham Əliyevin nəinki ölkəmizdə, dünya miqyasında, bütün Türk dünyasında yüksək qiymətləndirilən Lider olduğunu bir daha sübut edir.

Qeyd edək ki, noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar qəbul edilib.

Mehparə ƏLİYEVA,

"Respublika".