TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI MÜHÜM BEYNƏLXALQ AKTORA ÇEVRİLİR
Türk dünyası

TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI MÜHÜM BEYNƏLXALQ AKTORA ÇEVRİLİR

Bu, həm də dünya miqyasında önəmli alternativ güc mərkəzinin formalaşması deməkdir

Hazırda türk dövlətləri öz tarixində heç zaman olmadığı qədər bir-birinə yaxındırlar. Bu birlik dünyada inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm gücə çevrilməkdədir. Beləliklə, türkdilli ölkələr olduqca məsuliyyətli və şərəfli bir yola çıxıblar. Bu yolun başlanğıcının ilk addımları hələ 30 il əvvəl - 1992-ci ildə, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə "Ümid" körpüsünün istifadəyə verildiyi tarixdə atılmışdı. Məhz həmin il may ayının 28-də Azərbaycanla Türkiyə sərhədində, Araz çayı üzərində salınan bu körpü təkcə iki qardaş ölkəni bir-birinə bağlayan nəqliyyat dəhlizi deyildi, eyni zamanda türk dünyasını birləşdirən bir körpü idi. Hansı ki, həmin körpü, sonradan təkcə Azərbaycan və Türkiyə arasında deyil, ümumilikdə türk dövlətləri arasında yeni-yeni əlaqələrin, layihələrin, nəqliyyat dəhlizlərinin reallaşmasında əvəzsiz rol oynadı.

Ümumilikdə, Türk Dövlətləri Təşkilatının (TDT) tarixi və keçdiyi yoldan bəhs edərkən əvvəlcə qeyd etmək lazımdır ki, son zamanlar Mərkəzi Asiya sərhədlərində cərəyan edən proseslər bəzi coğrafi məsələlərə sırf siyasi məzmun qataraq onları yenidən nəzərdən keçirməyi zəruri etmişdir. TDT-yə üzv olan ölkələrdən üçü Mərkəzi Asiya regionunun payına düşür: Özbəkistan, Qırğızıstan və Qazaxıstan. 2010-cu ildə İstanbuldakı Zirvə görüşündə Türkmənistan təşkilata müşahidəçi qismində qatıldı. Dünyada yeni düzənin formalaşması, iqtisadi layihələrin effektiv şəkildə icrası və birgə güclü siyasi iradə nümayiş etdirilməsi aktuallıq qazanır. Yeni dünya nizamında Çinlə əməkdaşlığın dərinləşdirilməsi vacibdir, dünyanın bir sıra nüfuzlu mətbuatı Çin faktorunu önə çəkərək Pekinin maraqlarının xarakterini izah etməyə çalışır. Odur ki, Mərkəzi Asiya regionu böyük güclərin toqquşan maraqlarının gücləndiyi platformaya çevrilir, belə bir zamanda isə Azərbaycan və Türkiyə proseslərin Cənubi Qafqaza sirayət etməməsi məqsədilə vacib addımlar atır.

Məsələnin daha aydın olması üçün Azərbaycan və Türkiyə prezidentləri arasında ötən il iyun ayının 15-də imzalanan Şuşa Bəyannaməsindən bir bəndə diqqət yetirmək kifayətdir: "Tərəflərin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək. Bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək". Yəni söhbət ondan gedir ki, Azərbaycanın regional oyunçu olması geosiyasi reallığın tələblərinə çevrilir, bu məsələdə Bakı-Ankara körpüsünün təməlləri daha da möhkəmləndirilməlidir. Əvvəllər Türk Şurası adlandırılan bu quruma daxil olan ölkə başçılarının 2021-ci il İstanbul sammiti Bakı-Ankara müştərək maraqlarının digər üzv ölkələrlə və müşahidəçi qismində olan dövlətlərlə, yəni Macarıstan və Türkmənistanla sinxronlaşdırılması baxımından önəmli idi. Yeri gəlmişkən, qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması rəmzi mənadan çox, qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır.

Ötənilki İstanbul sammitinin nəticəsi olaraq dövlət başçılarının verdiyi ortaq bəyanatın mətnində qeyd olunur ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən başlanan "Türk Vizyonu - 2040" konsepsiyası strateji bir sənəddir. Bu sənəd türk dövlətlərinin ortaq maraqların güclənməsi üçün bütün sahələr üzrə əməkdaşlığın prioritetlərini özündə cəmləşdirir. Prosesin uzaq hədəflərdə qalıcı olması üçün ortamüddətli strateji planın işlənib hazırlanması vacibdir, bu, gələcək illərə keçid üçün mühümdür. Buna görə də "2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatının Strateji Yol Xəritəsi"nin hazırlanması son dərəcə vacib qərar idi.

Son zamanlara qədər türk dünyasında siyasi bağlılıqların və müştərək maraqların təminində Qarabağ münaqişəsi əngəl törədib. Münaqişənin başa çatmasından sonra isə Cənubi Qafqazda yaranan yeni reallıqlar Mərkəzi Asiya ilə əməkdaşlığın formatına yeni rənglərin qatılmasını şərtləndirdi. Zəngəzur dəhlizi də bu formatda yer alan mühüm bir platformadır, bu layihəni Rusiya, Çin, Avropa İttifaqı da dəstəkləyir.

Göründüyü kimi, zamanında sağlam təməllər üzərində qurulan əlaqələr qarşılıqlı münasibətlərin nəticəsidir ki, bu gün türk dövlətləri mütəşəkkil şəkildə təşkilatlanaraq özünün birlik və həmrəyliyini nümayiş etdirir, qlobal miqyaslı bir quruma çevrilir. Bu günlərdə Özbəkistanın Səmərqənd şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü isə bunun əyani sübutudur. Türk dövlətlərinin günümüzdəki birlik və həmrəyliyinə diqqət çəkməmək mümkün deyil. Bu prosesdə Azərbaycan və Türkiyənin rolunu xüsusi qeyd etmək lazımdır. Əgər son 10-15 ilə qədər olan müddətdə Azərbaycan və Türkiyəni çıxmaq şərtilə digər türk dövlətləri bu prosesdə iştirakdan bir qədər ehtiyat edir, birlikdən nisbətən kənarda durmağa üstünlük verirdilərsə, bu gün situasiya tamamilə fərqlidir. İndi Türk Dövlətləri Təşkilatının hər bir üzvü bacardığı qədər bu prosesi irəli aparmağa, çiyinlərini bu yükün altına qoymağa həvəsli və maraqlıdırlar. Çünki artıq hər bir türk dövləti təhlükəsizlik və sabitliyin, qlobal təhdidlərdən sığortalanmanın birlik və bərabərlikdən keçdiyinin fərqindədir. Burada həm Azərbaycan, həm də Türkiyə dövlət başçısının müstəsna xidmətləri vardır.

Azərbaycanın türk dünyasının birlik və bərabərliyindən, qarşılıqlı faydalı əməkdaşlıqdakı rolundan danışarkən qeyd etməliyik ki, ölkəmiz öz növbəsində Türk Dövlətləri Təşkilatının aktiv fəaliyyət göstərməsində mühüm rol oynayıb. Bu mənada, 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında türk dövlətləri başçılarının Zirvə görüşünün keçirilməsini xüsusi vurğulamaq lazımdır. Məhz həmin zirvə görüşündən sonra təşkilat fəallığını daha da artırdı, qurum daxilində yeni-yeni əməkdaşlıq imkanları ortaya çıxdı. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, "Böyük İpək yolu", yaxın vaxtlarda reallaşması gözlənilən Zəngəzur dəhlizi məhz türk dünyasına daxil olan ölkələri bir-birinə bağlayan həlqələrdir.

Özbəkistanda baş tutmuş Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün beynəlxalq tribunalarda olduğu kimi, Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə də həmişəki kimi geniş və məzmunlu, eyni zamanda konkret hədəflərə yönəlmiş çıxış etdi, vəziyyətdən çıxış yollarını göstərdi. Cənab Prezident çıxışında konkret olaraq Azərbaycanın uğurlarını gözü götürməyən, etnik azərbaycanlıların hüquqlarını pozan, onlara ikili standartlarla yanaşan cənubdakı bəzi xarici qüvvələrə mesaj verirdi ki, Güneydə yaşayan soydaşlarımızın haqq və hüquqları tanınmalı, onlara öz ana dillərində danışmaq, tədris etmək imkanı verilməlidir. Əslində, dövlət başçısının "Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur" sözləri həm də Azərbaycan dövlətinin Güneydə yaşayan soydaşlarımızın taleyinə biganə qalmadığının təsdiqi idi.

Dövlət başçısı hələ prezident seçildiyi ilk illərdən Güney Azərbaycanda, ümumən dünyada yaşayan azərbaycanlıların problemlərinə biganə qalmayacağını açıq şəkildə bəyan etmişdi. Dünya Azərbaycanlılarının İkinci Qurultayında çıxışı zamanı Prezident İlham Əliyev bu barədə demişdir: "Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var - Azərbaycan".

Göründüyü kimi, dünyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması, onlara dövlət tərəfindən dəstək göstərilməsi hər zaman Prezident cənab İlham Əliyev üçün prioritet təşkil etmişdir. Elə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə çıxışı zamanı da İlham Əliyev bunu bir daha təsdiq etmiş oldu.

TDT-yə bir neçə ölkənin, hətta Avropa məkanından Macarıstanın müşahidəçi üzv olması bu təşkilatın tədricən qlobal bir aktora, gücə çevriləcəyindən xəbər verir. Bunun üçün kifayət qədər potensial var. Türk dövlətləri arasında əməkdaşlıq təkcə ölkələrin birinci şəxsləri, nazirlik və komitələr səviyyəsində deyil, eyni zamanda qeyri-dövlət qurumları səviyyəsində, siyasi partiyalar, ictimai təşkilatlar, media qurumları, ümumiyyətlə bütün istiqamətlərdə birliyimiz, bərabərliyimiz üçün fəaliyyətlər həyata keçirilir. Bir sözlə, bütün sektorlar üzrə bu əlaqələr inkişaf etdirilir. Əminliklə deyə bilərik ki, gələcəkdə bu əlaqələr daha da möhkəmlənəcək.

Emin QASIMOV,

"Respublika".