Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb
Bölgələr

Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb

Sentyabrın 22-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) təsis yığıncağı keçirilib.

"Respublika" xəbər verir ki, tədbirin gündəliyinə TDHİT-nin yaradılması, Nizamnaməsinin və Şurasının tərkibinin təsdiqi, TDHİT-nin prezidentinin, vitse-prezidentinin, Baş katibinin, Təftiş komissiyası sədrinin seçilməsi, Təftiş komissiyasının say tərkibinin müəyyənləşdirilməsi, eləcə də qurumun qurultayının çağırılması haqqında məsələlər daxil edilib.

Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdən, həmrəyliyə nail olunması istiqamətində görülmüş işlərdən danışıb, həmçinin konfransın məqsəd və vəzifələrindən, TDHİT-nin yaradılmasının səbəblərindən və əhəmiyyətindən bəhs edib.

Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev əvvəlcə türk dövlətlərinin sıx dostluq və qardaşlıq əlaqələrindən, xüsusilə bu aspektdə son illərdə ölkə rəhbərləri səviyyəsində görülən işlərdən və təşkil olunan qarşılıqlı səfərlərdən, göstərilən qarşılıqlı dəstəkdən, münasibətlərimizin möhkəmlənməsində və inkişafında Türk Dövlətləri Təşkilatının səmərəli fəaliyyətindən söz açıb. TDHİT-nin yaradılmasının zəruriliyinə toxunan S.Möhbalıyev bildirib ki, Təşkilat ölkələrimizin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı daha da dərinləşdirəcək, əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfə verəcək, həmrəyliyi artıracaq.

Tədbirdə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalinin, TÜRK-İŞ-in sədri Ərgün Atalayın, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arslanbekovun çıxışları da dinlənilib.

Sonra gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Birgə qərarla Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb. Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov TDHİT-nin prezidenti, AHİK sədri Səttar Möhbalıyev vitse-prezidenti, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin Baş katibi, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arslanbekov Təftiş komissiyasının sədri seçilib.

Həmçinin TDHİT Şurasının tərkibi təsdiqlənib. Qurumun mənzil-qərargahı Türkiyənin paytaxtı Ankara şəhərində yerləşəcək.

Təşkilatın Qurultayının bu il noyabrın 29-da Ankara şəhərində keçirilməsi barədə qərar qəbul olunub.