TÜRK DÖVLƏTLƏRİNİN İNTEQRASIYASINDA ELMİ ƏLAQƏLƏR DƏ MÜHÜM AMİLDİR
Türk dünyası

TÜRK DÖVLƏTLƏRİNİN İNTEQRASIYASINDA ELMİ ƏLAQƏLƏR DƏ MÜHÜM AMİLDİR

2023-cü ildə 100 illik yubileyini böyük ehtiramla qeyd edəcəyimiz dahi şəxsiyyət, ulu öndərimiz Heydər Əliyev dövrün və zamanın gərdişini gözəl bilən dövlət rəhbəri kimi Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən Türk dünyasında aparıcı mövqelərə çıxması və ümumtürk həmrəyliyinin təmin olunmasında böyük rol oynamışdır.

Onun təbirincə desək, bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. Məhz ulu öndərin uzaqgörənliyinin nəticəsidir ki, bu gün onun adı Türk toplumlarında da hörmətlə anılır, Türk dövlətlərinin inteqrasiyasında rolu məmnunluqla qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə Görüşündəki çıxışında qeyd etdiyi kimi, bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk dünyası böyük potensiala və imkanlara malikdir.

Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının da tərəfdaş olduğu   "ACTUAL PROBLEMS OF SCİENCE: İN THE LIGHT OF THE TURKISH WORLD AND NATIONAL UNITY" adlı XXXIII Beynəlxalq elmi konfrans böyük əhəmiyyət kəsb edir.

Son illərdə III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun keçirilməsi və davamı olaraq Türkiyə Cümhuriyyəti Amasya Universitetində təşkil olunmuş IV Simpoziumda filialın əməkdaşlarının iştirakı, "Müəllim, məni yaradıcılığa ruhlandır!" mövzusunda pedaqoji oxular, "Türkdilli xalqların elmi-mədəni əlaqələri müasir mərhələdə: tarixi ənənə və perspektivlər" mövzusunda Respublika elmi konfransı, "V Beynəlxalq elm və təhsildə innovativ texnologiyalar" mövzusunda Beynəlxalq elmi konfransı, "Mirzə Ələkbər Sabir: tarixi yaddaş və müasirlik" Respublika elmi konfransı və eləcə də bu günlərdə keçirilən beynəlxalq elmi konfransı müsbət  hal kimi qiymətləndirilə bilər. 

Qırğızıstan,  o cümlədən digər türkdilli xalqlar arasındakı elmi-mədəni əlaqələr çərçivəsində keçirilən bu konfransın Türk elm dünyasında bir çox aktual məsələlərin tədqiqatı üçün zəmin rolu oynayacağına inanırıq.

Tünzalə YUSİFOVA,

ADPU-nun Şamaxı filialının direktoru, dosent.