Türk dünyasının gücü birliyindədir
Türk dünyası

Türk dünyasının gücü birliyindədir

200 milyonluq türk dünyasını tariximiz, adət-ənənələrimiz, eyni kökə malik mədəniyyətimiz və mənsub olduğumuz dil birləşdirir. Bütün bu ortaq xüsusiyyətlərlə yanaşı, dostluq, qardaşlıq və birgə əməkdaşlıq münasibətləri də bu birliyi daha da gücləndirir. Bunun ən gözəl nümunəsi isə Azərbaycan-Türkiyə dostluğudur.

Dostluğumuz ümumilikdə bütün türk dünyasının güclənməsinə böyük dəstək və təkanverici qüvvədir. Hazırda hər iki ölkə sürətlə inkişaf edir, regionda böyük güc və aparıcı rola malikdir. Azərbaycan hərtərəfli inkişaf edən, gündən-günə iqtisadi cəhətdən daha da güclənən, nəhəng türk dünyasının mərkəzində geostrateji məkandır. Bütün bu güc və yüksəlişimiz, ilk növbədə, türk dünyasının tərəqqisinə xidmət edir. Əlbəttə ki, bu istiqamətdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından çox şey asılıdır. Azərbaycan-Türkiyə qardaşlığı erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərinin gedişində də özünü göstərir. Türkiyə bölgədə aparılan tikinti-bərpa işlərində aktiv iştirak edir. Bu vaxta kimi işğaldan azad edilən Qarabağa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 dəfə səfər etmişdir. Bu səfərlərdən ruhlanan Azərbaycan digər türk dövlətlərinin başçılarını da bölgəyə dəvət edir. Sevindirici haldır ki, Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəb və Qazaxıstan tərəfindən inşa olunacaq Yaradıcılıq Mərkəzi xalqlarımız arasında olan dostluq və qardaşlıq münasibətlərinin nəticəsidir. Ölkəmiz tək Türkiyə deyil, bütün türkdilli dövlətlərlə dost, qardaş münasibətindədir.

Türk əsilli xalqlar dünyanın ən qədim xalqlarındandır. Türklər böyük bir coğrafiyada, Şimal-şərqi Çindən tutmuş Şərqi Avropaya qədər olan geniş ərazilərdə yayılmışlar. Türklər dünyada hələ də ən çox dövlət quran xalq hesab edilir. Onlar dövlət qurmaqla yanaşı, həm də dünya dövlətlərinin mədəniyyətinə, iqtisadiyyatına və siyasətinə böyük təsir göstərərək tarixin yönünü dəyişməyə də nail olmuşdur.

Böyük Hun İmperatorluğu ilə başlayan, Göytürk xaqanlığı, Böyük Səlcuq İmperiyası, Osmanlı İmperiyası və Səfəvilər dövləti ilə davam edən böyük türk dövlətləri dünyaya sülh və barışıq şüarları ilə öz töhfələrini vermişdir. Kökü, kimliyi eyni olan türklərin dünya tarixində oynadığı həlledici rol onların təkcə hərbi-siyasi qüdrətindən ibarət deyil. Qədim türklərdə yazı mədəniyyəti, mifalogiya, fəlsəfi fikirlər, ən başlıcası isə yüksək mənəvi keyfiyyətlər üzərində formalaşan türk əxlaqı, türk yaşam tərzi, mentaliteti mövcud olmuşdur. Təsadüfi deyil ki, "türkün atının ayağı dəyən yerdə sülh, barış var" deyirlər.

Bu gün isə böyük bir ailənin şaxələnən qolları olan ümumdünya türklərinin vahid bir nöqtədə birləşərək möhtəşəm qələbələr əldə edəcəyinə hamı inanır. Türklərin azadlıq ruhu onları daim belə qüdrətli və yenilməz edib. Azərbaycan hər zaman bütün türk dünyasının birləşməsi, bir olması üçün çalışıb. 44 günlük Vətən müharibəsi zamanı isə türk dövlətlərinin Azərbaycana dəstəyi bizi daha da ruhlandırdı. Qeyd edildiyi kimi, türk dünyası böyük bir ailədir. Azərbaycan da onun bir üzvü. Eyni zamanda Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil. Onun coğrafi sərhədləri daha böyük, genişdir. Son illər Türk Dövlətlər Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir.

Hələ XIX əsrin sonlarında türk dövlətlərinin bir araya gələ biləcəyinə bütün varlığı ilə əmin olan böyük söz və fikir adamı İsmayıl Bəy Qaspıralı "Dildə, işdə, fikirdə birlik" deməklə türk dünyasının bugünkü möhtəşəm inkişafına inamını ifadə edirdi. Bütövlükdə Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. Hələ, 2009-cu il 3 oktyabr tarixində Naxçıvan Zirvə Görüşündən başlayaraq, Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmiş, Naxçıvan Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dünyasının birliyi məsələsində öz prinsipiallığını nümayiş etdirmişdir. Dövlət başçısı Azərbaycanın əzəli torpağı olan Zəngəzur dəhlizinin Türk Dövlətləri üçün önəmini xüsusilə vurğulamışdır: "Naxçıvan, eyni zamanda, Azərbaycan yeganə bölgədir ki, Türkiyə ilə həmsərhəddir. Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı".

Bütün bunlarsa, Türk dünyasının birlikdə daha da güclənməsinə yönəlmişdir. Noyabr ayının 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşü türk dünyasının birliyinin gücləndirilməsi baxımından çox önəmlidir. Artıq səkkiz dövləti (5 üzv, 3 müşahidəçi) sıralarında birləşdirən Türk Dövlətləri Təşkilatı (TDT) ciddi beynəlxalq gücə çevrilmişdir. Azərbaycan və Türkiyənin aktivliyi təşkilatı daha da böyütmüş, sıralarına yeni ölkələri cəlb etmişdir, 2021-ci ildə isə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanı tamhüquqlu, Macarıstan və Türkmənistanı müşahidəçi üzv kimi birləşdirən Türk Dövlətləri Təşkilatının gücünə güc qatmışdır.

Prezident İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edərək bildirmişdir: "Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır". Əlbəttə ki, Azərbaycan dövləti hər zaman ölkədən kənarda yaşayan soydaşlarımızın taleyinə qarşı diqqət və qayğı ilə yanaşır. Onların hüquq və azadlıqlarının təmin olunmasında öz dəstəyini göstərir.

Türk dünyasının birliyini, gücünü həzm edə bilməyən ölkələr bu gücdən, birlikdən qorxur, çəkinir. Əlbəttə ki, Zəngəzur dəhlizinin açılması bu birliyin gücünə güc qatmaqla bərabər, həm də inkişafına təkan verəcək. Elə bu səbəbdən də Ermənistan öz məkrli siyasətini yeridərək Zəngəzur dəhlizinin açılması prosesini ləngidir. Azərbaycan isə bu yolda hədəfə doğru uğurla addımlayır. Hələ 13 il əvvəl Naxçıvanda bünövrəsi qoyulan bu əməkdaşlıq formatı daha da qüvvətlənir, güclənir.

Ramidə YAQUBQIZI,

"Respublika".