Türk dünyasının turizm paytaxtı abadlaşır
Region

Türk dünyasının turizm paytaxtı abadlaşır

Bu ilin may ayında Şamaxıda Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin görüşü çərçivəsində keçirilən 17-ci iclasında təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri arasında birbaşa uçuş sayının artırılması, bilik və təcrübə mübadiləsi əsasında tarixi İpək Yolunun turizm potensialının istifadə edilməsi, "Müasir İpək Yolu Birgə Turu"nun və "Türk Dünyası Turizm Paytaxtı" layihələrinin həyata keçirilməsi, qış turizmi üzrə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunub. İclasda həmçinin, BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən həyata keçirilən layihənin analoqu olaraq türk dövlətlərinin "Ən Yaxşı Turizm Kəndləri" təşəbbüsü, turizm əhəmiyyətli ortaq mədəni irs elementlərini özündə birləşdirən İpək Yolu transmilli və seriya nominasiyası üzrə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün birgə müraciətin hazırlanması üzrə tərəfdaşlıqla bağlı məsələlərə baxılıb.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstandan olan və turizm siyasətini həyata keçirən dövlət qurumlarının təmsilçiləri və turizm üzrə mütəxəssislərinin iştirak etdiyi işçi qrupun iclasının gündəliyində müzakirə olunan "Türk Dünyası Turizm Paytaxtı" layihəsinə əsasən 2023-cü il üçün Şamaxı şəhərinin "Türk Dünyası Turizm Paytaxtı" seçilməsi təklif edilib və birgə qərara əsasən bu təklif qəbul olunub.

Ölkəmizdə turizmin inkişafı ölkə iqtisadiyyatının yüksəlməsində və əhalinin maddi rifah halının yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də Prezident İlham Əliyevin göstərişinə əsasən turizmin tərəqqisinə xüsusi diqqət yetirilir və bu istiqamətdə mühüm işlər görülür.

Şamaxı rayonu turizmin inkişaf etdirilməsi baxımından çox əlverişli bir ərazidə yerləşir. Burada olan Cümə Məscidi, Yeddi Günbəz, Şahxəndan türbəsi, Kələxana türbələri, Gülüstan qalası, Buğurt qalası və bir çox tarixi abidələr, çox qədim zamanlardan xalq sənətkarlığının inkişafı, milli üslubda tikinti işlərinin aparılması xalqımızın memarlıq ənənələri haqqında canlı təsəvvür yaradır. Yüksək estetik dəyərlərə malik, milli-mənəvi irsimizə və tarixi keçmişimizə dərin hörmət hissi oyadan bu abidələr forma zənginliyi və estetik təsir gücü ilə səciyyələnir və diqqəti cəlb edir. Yerli və xarici turistləri özünə cəlb edən rayonda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramlarına əsasən xeyli işlər görülür.

Son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına və rahat hərəkət üçün hərtərəfli imkan yaradıb.

Turizm Agentliyinin Şamaxı İnformasiya Mərkəzinin məlumatına görə, son illərdə bir çox xarici ölkələrdən Şamaxıya turistlər gəlib. Rusiyadan, BƏƏ-dən, Türkiyədən, İrandan, Asiya ölkələrindən, Fransadan, Almaniyadan və MDB ölkələrindən gələn turistlər çoxluq təşkil edib.

Şamaxıda son illərdə kənd turizmi də çox inkişaf etməkdədi. Ən çox turistlərin qaldığı kənd evləri Çuxuryurd, Nağaraxana, Məlhəm, Dəmirçi kəndlərindədir. Bununla yanaşı, rayon mərkəzində də mütəmadi olaraq abadlıq işləri görülür. Yollar və səkilər əsaslı surətdə təmir olunur.

M.NƏRİMANOĞLU,

"Respublika".