Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının yaradılması ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfələr verəcək
Türk dünyası

Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının yaradılması ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfələr verəcək

Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının və "Türkdilli dövlətlərin prokurorlarının cinayətkarlığa qarşı mübarizədə rolu: real imkanlar və müasir çağırışlar" mövzusunda beynəlxalq konfransın başa çatmasından sonra iclas iştirakçılarının media nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti Kamran Əliyev tədbirdə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının təsis olunmasının əhəmiyyətindən danışıb. Baş prokuror qeyd edib ki, Şuranın təsis edilməsi ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulmuş, dərin tarixi köklərə əsaslanan yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verməklə əməkdaşlığın keyfiyyətcə yeni, qarşılıqlı əlverişli olan səviyyəyə yüksəlməsinə xidmət edəcək. Bu, həmçinin müasir çağırışlara adekvat şəkildə, sistemli yanaşmalar əsasında cavab verməklə cinayətkarlığa qarşı mübarizənin, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə mühüm töhfə olacaq.

Kamran Əliyev iclasdan sonra keçirilmiş "Türkdilli dövlətlərin prokurorlarının cinayətkarlığa qarşı mübarizədə rolu: real imkanlar və müasir çağırışlar" mövzusunda beynəlxalq konfransda aparılan müzakirələrin cinayətkarlığa qarşı birgə mübarizə işinə mühüm töhfələr verəcəyinə əminliyini vurğulayıb.

Kamran Əliyev mətbuat konfransında bildirib ki, BPA çərçivəsində faydalı əməkdaşlıq uğurla davam etdirilir. Üzv ölkələrin prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində bu əməkdaşlıqdan faydalanırlar. BPA-nın nəzdində korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizənin aparılmasına dair şəbəkə var. Gələcəkdə bu şəbəkənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Korrupsiyaya qarşı mübarizəyə dair indiyədək Beynəlxalq Prokurorlar Assosiasiyası tərəfindən bir sıra treninqlər keçirilib.

Azərbaycanın 2024-cü ildə BPA-nın konfransına ev sahibliyi edəcəyini vurğulayan Baş prokuror deyib: "Həmin tədbirdə bütün dövlətlərin Baş prokurorlarının iştirakı nəzərdə tutulub. Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycanın Baş Prokurorluğu arasında əməkdaşlıq yeni deyil. Azərbaycan Prokurorluğunun nümayəndələri bu qurumun rəhbər orqanlarında təmsil olunurlar.

2021-ci ildə Assosiasiyanın direktoru Azərbaycana səfər edib. Səfər çərçivəsində müəyyən məsələlər müzakirə olunub və 2024-cü ildə Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransının Bakıda keçirilməsi qərara alınıb".

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının növbəti iclası 2023-cü ildə İstanbulda keçiriləcəyini vurğulayan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin qeyd edib: "İnanırıq ki, həmkarlarımız həmin tədbirin təşkilindən məmnun qalacaqlar. Beynəlxalq Prokurorlar Assosiasiyası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurası arasında əməkdaşlıq cinayətkarlığa qarşı birgə mübarizənin daha səmərəli həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin üstünlüklərindən danışan Bekir Şahin deyib ki, Türkiyə bir çox ölkələrlə əməkdaşlıq edir. Bu baxımdan prokurorluqlar arasında faydalı münasibətlər qurulmalıdır. Bununla da bu sahədə müsbət nəticələr əldə etmək mümkündür".

Bekir Şahin diqqətə çatdırıb ki, Qafqazda və Orta Asiyada cinayətkarlığa qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsi bu mübarizənin daha səmərəli olmasını təmin edəcək. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurası cinayətkarlığa qarşı mübarizədə səmərəli rol oynayacaq.

Türk Şurası Baş katibinin müavini Mirvoxid Azimov vurğulayıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının yaradılması Türk Şurasının məqsədlərinə uyğundur. Zəruri məlumat, bilik və təcrübə mübadiləsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Şurada müşahidəçi statusda olan Macarıstan Türk Şurasının bütün tədbirlərində fəal iştirak edir. Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti olacaq. Türkmənistan bu iclasda Türk Şurasına müşahidəçi statusda qoşulacaq. Bu baxımdan prokurorluq orqanları arasında əməkdaşlığın daha səmərəli olacağına ümidvarıq.

Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Çol-Kyu Hvan bildirib ki, BPA ilə Azərbaycanın Baş Prokurorluğu arasında sıx əməkdaşlıq mövcuddur: "Bu əməkdaşlıq beynəlxalq səviyyədədir. Əməkdaşlığımız bəzi konkret sahələri, o cümlədən cinayətkarlığın müxtəlif növlərinə qarşı mübarizə tədbirlərinin aparılmasını əhatə edir. Azərbaycanın Baş prokuroru Kamran Əliyev beynəlxalq əməkdaşlıq çərçivəsində korrupsiya ilə mübarizədə özünü öndər şəxs kimi göstərib. Biz onu korrupsiyaya qarşı mübarizədə lider kimi qəbul edirik".

Azərbaycanın BPA-nın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlığı və fəal dəstəyini xüsusi vurğulayan Çol-Kyu Hvan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Baş prokurorlarının ilk iclasında müxtəlif məsələlərlə bağlı faydalı fikir mübadiləsinin aparıldığını və əldə edilən nailiyyətlərin müzakirə olunduğunu bildirib.

Assosiasiyanın prezidenti qeyd edib ki, 2024-cü ildə Azərbaycanda Beynəlxalq Prokurorlar Assosiasiyasının növbəti konfransı keçiriləcək. Bu qarşılıqlı etimad yaratmaq üçün olduqca gözəl imkandır. Həmin konfransda Azərbaycan Respublikasının prokurorları müxtəlif ölkələrdən olan həmkarları ilə müzakirələr aparacaqlar. Konfransda kibercinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri müzakirə olunacaq və bu sahədə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

AZƏRTAC