Türk Şurasının VIII Zirvə Görüşü Türkiyə mediasının baş xəbəridir
Digər xəbərlər

Türk Şurasının VIII Zirvə Görüşü Türkiyə mediasının baş xəbəridir

İstanbulda noyabrın 12-də keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VIII Zirvə Görüşü Türkiyə kütləvi informasiya vasitələrinin baş xəbəridir.

AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, "TRT Haber", "NTV", "CNN türk", "Haber türk", "Haber global", "A haber" telekanalları, eləcə də digər media qurumları VIII Zirvə Görüşünün mühüm hissələrini, eləcə də Prezident İlham Əliyevin toplantıdakı çıxışını, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dövlətimizin başçısına Türk Dünyasının Ali Ordeninin təqdim edilməsini canlı yayımla nümayiş ediblər.

Telekanallar nüfuzlu ekspertlərin şərhləri ilə ictimaiyyəti daha geniş məlumatlandırıblar.

Anadolu Agentliyi Türk Şurasının VIII Zirvə Görüşünə infoqrafika həsr edib.

Türkiyə qəzetləri 13 noyabr buraxılışlarında da Türk Şurasının VIII Zirvə Görüşünə geniş yer ayırıb. "Sabah" qəzeti bu mövzunu "Türk dünyası artıq daha güclüdür" sərlövhəsi ilə baş xəbər olaraq oxuculara çatdırıb. "Hüriyyət" qəzetinin təqdim etdiyi "İstanbulda türk mövqeyi" sərlövhəli manşet yazı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi və üzv ölkələrin liderlərinin birgə fotoları ilə nəşr olunub. Mövzunu "Dünyaya mesaj: Türk birliyi" sərlövhəsi ilə təqdim edən "Türkiyə" qəzeti də eyni fotoları manşet materialında istifadə edib. "Akşam" qəzetinin ana səhifəsində yer alan "Günəş yenə şərqdən doğacaq" başlıqlı məqalədə Türk Şurasının VIII Zirvə Görüşündə müzakirə olunan məsələlər və qərarlar geniş şəkildə oxuculara çatdırılır. "Təqvim" qəzeti isə oxucuların diqqətini daha çox qurumun adının dəyişdirilməsinə cəlb edərək mövzunu "Böyük təşkilat" adı ilə təqdim edib.

Məqalələrdə və ekspert rəylərində xüsusi olaraq diqqətə çatdırılır ki, Qarabağ Zəfərindən sonra türk dövlətlərinin liderləri yaranmış yeni əməkdaşlıq şansını yüksək dəyərləndirirlər. Hansı prizmadan baxılsa, Azərbaycan Türk Şurasına sədrliyi dövründə böyük uğurlar qazanıb. Təşkilatın sıraları genişlənib, dünyadakı nüfuzu artıb, böyük bir coğrafiyada kompleks inkişaf reallığı meydana çıxıb. Əsas prinsip budur ki, qarşıdakı dövrdə bu dinamikanın yüksəlişi qorunmalıdır. Diqqətə çatdırılır ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm Türkiyə, həm də Orta Asiya bölgəsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz türk dünyasının bütün sahələr üzrə əlaqələrinin genişlənməsi və inteqrasiya baxımından böyük gücə malik olacaq.

Türkiyə mediası yazır ki, Türk Şurasının adının Türk Dövlətləri Təşkilatı adlandırılması da qurumun gələcək fəaliyyətində cəlbediciliyi artıracaq. Məhz bu məntiqlə də "Yeni Birlik" qəzeti "Türk Dövlətləri Təşkilatı" adı ilə dərc etdiyi manşet yazının yerləşdiyi nəşrin ana səhifəsinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi və üzv ölkələrin liderlərinin birgə fotolarını əlavə edib.

AZƏRTAC