TÜRK XALQININ TARİXİNDƏ YENİ DÖVRÜN BAŞLANĞICINI QOYAN MÜHÜM HADİSƏ
Türk dünyası

TÜRK XALQININ TARİXİNDƏ YENİ DÖVRÜN BAŞLANĞICINI QOYAN MÜHÜM HADİSƏ

Bu gün qardaş ölkə Cümhuriyyətinin qurulmasının 99-cu ildönümünü qeyd edir

Türkiyə Cümhuriyyətinin elan edilməsi ilə dövlət idarəçiliyində “Suverenlik qeyd-şərtsiz xalqındır” prinsipi həyata keçirildi. Hər il oktyabrın 29-da türk xalqı əsas milli bayramını - Respublika Gününü qeyd edir. 1923-cü ilin bu günü Türkiyə Cümhuriyyəti elan edildi.

Məlum olduğu kimi, Türkiyə ilə Azərbaycan arasında yüksək səviyyəli əlaqələr, dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə söykənir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan müdrik dövlət başçısı cənab İlham Əliyevin yüksək zirvələrə qaldırdığı ölkəmizlə Türkiyə arasında əlaqələr bütün sahələrdə artan xətlə inkişaf edir. Ümummilli liderimizin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi və geostrateji baxımdan öz təsdiqini tapmışdır. Azərbaycan və Türkiyə xalqlarının eyni dinə etiqad etməsi, oxşar mədəniyyətə və adət-ənənələrə malik olması ölkələrimiz arasında əlaqələri daim möhkəmləndirmiş, ən yüksək səviyyəyə qaldırmışdır. Türkiyə və Azərbaycan istər sevincli günlərdə, istərsə də çətin və mürəkkəb anlarda bir-birinə hər zaman dəstək olmuşlar.

1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişi və ölkəmizə qarşı daşnak təcavüzünün qarşısının alınması, eyni zamanda azərbaycanlıların Mustafa Kamal Atatürkün başçılığı ilə Anadoluda milli mübarizəyə maddi-mənəvi dəstək göstərməsi iki ölkə arasında münasibətlərin tarixən dostluq və qardaşlıq, qarşılıqlı etimada əsaslandığını göstərir.

1920-ci il aprelin 23-də türk xalqının Milli Qurtuluş Mübarizəsi dövründə Türkiyə Cümhuriyyətini elan edən Böyük Millət Məclisi (parlament) açıldı. Lakin Türkiyə Cümhuriyyəti 1923-cü ilə qədər rəsmi tanınmamışdır. 1923-cü il iyulun 24-də Lozanna müqaviləsi imzalandı və bu müqaviləyə əsasən Türkiyənin müstəqilliyi tanındı.

Həmin il oktyabrın 13-də Türkiyə Böyük Millət Məclisinin ikinci çağırışının işə başlamasından 2 ay sonra Ankara Türkiyə hökumətinin mərkəzinə çevrildi. İdarəetmə formasının dəqiq təyin edilməsinə və yeni dövlət başçısının seçilməsinə ehtiyac var idi.

Bu vaxta qədər dövlət başçısı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Kamal Atatürk olub. Bir sıra xarici dövlətlər Lozanna sülh müqaviləsinin mətnini təsdiqləmək üçün Ankaradan dövlət idarəçiliyi formasının daha dəqiq müəyyən olunmasını tələb edirdilər.

Vəziyyət Türkiyənin yeni hökumətinin tərkibinin TBMM ilə razılaşdırılmaması ilə çətinləşdi. 1923-cü il oktyabrın 25-də fəaliyyətdə olan hökumət istefa verdi və ölkədə siyasi böhran başladı. Vəziyyəti Atatürk Türkiyə Cümhuriyyətini elan etmək üçün fürsət kimi dəyərləndirdi.

Belə ki, o, Ankarada Çankaya sarayında həmkarlarına “28 oktyabr 1923-cü il tarixindən əvvəl hökumət qurmaq mümkün olmadığı üçün sabah Cümhuriyyət elan olunacaq” deməklə ertəsi gün respublika elan edəcəyini bəyan etdi.

Həmin gecə M.K.Atatürk İsmət İnönü ilə birlikdə 1921-ci il Konstitusiyasının maddələrinə dəyişiklik edilməsi üçün qanun layihəsi hazırladı. 1923-cü il oktyabrın 29-da partiyanın parlament fraksiyasına qanun layihəsi təqdim olundu və orada aşağıdakı müddəalar yer alırdı: Türkiyə dövlətində dövlət idarə forması Cümhuriyyətdir, icra hakimiyyəti sisteminin başında Nazirlər Kabineti dayanır, prezident parlament tərəfindən ali qanunvericilik orqanının deputatları arasından bir müddətə seçilir, prezident dövlət başçısı hesab olunur. Bu şəxs həm də lazım gələrsə, Parlamentə və Nazirlər Kabinetinə sədrlik edə bilər.

Həmin gün qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb və müzakirələrdən sonra saat 20:30-da iclasda iştirak edən 158 nəfərin hamısı tərəfindən yekdilliklə qəbul edilib. Cümhuriyyətin elan edilməsi alqışlarla, sevincli nidalarla qarşılandı: “Yaşasın Cümhuriyyət!”.

Bundan sonra prezident seçkiləri keçirildi. Gizli səsvermədə 158 deputatın hamısının səsini toplayan Mustafa Kamal Atatürk yeni Türkiyə dövlətinin ilk prezidenti seçildi.

Bununla da dövlətin adı və idarə forması ilə bağlı mübahisələrə son qoyuldu, ölkə rəhbərliyi məsələsi öz həllini tapdı. Hökumətin formalaşdırılması sistemi dəyişdirildi, həmin yeni sistemə əsasən prezident baş naziri təyin edir, o da öz növbəsində Nazirlər Kabinetinin tərkibini dövlət başçısının təsdiqinə təqdim edirdi.

Türkiyə Cümhuriyyətinin ilk hökumətini qurmaq missiyası İsmət İnönüyə həvalə edildi və Fəthi Okyar parlamentin sədri seçildi. Oktyabrın 29-dan 30-na keçən gecə, həm də oktyabrın 30-da türk xalqı Cümhuriyyətin elan olunmasını qeyd etdi.

26 oktyabr 1924-cü il tarixli fərmanla Cümhuriyyətin elan olunmasının 101 artilleriya atəşi və rəsmi tədbirlərlə qeyd edilməsi qərara alındı. Qərara uyğun olaraq 1924-cü il oktyabrın 29-da ölkədə bayram tədbirləri keçirildi.

1925-ci il fevralın 2-də Türkiyə Xarici İşlər Nazirliyi 29 oktyabrın rəsmi bayram günü elan edilməsini təklif etdi. Təklif parlamentin Konstitusiya Komissiyasında nəzərdən keçirildi və aprelin 18-də qəbul edildi. 1925-ci il aprelin 19-da Türkiyə Böyük Millət Məclisi oktyabrın 29-nu milli bayram kimi elan edən qərarı təsdiqlədi. Bununla da, Azərbaycanın böyük qardaşı, dostu, müttəfiqi olan Türkiyənin tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Tarixi dostluq, qarşılıqlı etimad və yüksək səviyyəli strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri durmadan möhkəmlənir. Bu əlaqələrin yüksək səviyyəyə çatdırılması hər iki ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Azərbaycan və Türkiyə 44 günlük Vətən müharibəsi dövründə qardaşlıq münasibətlərinin möhkəmliyini və etibarlılığını bir daha nümayiş etdirdi. 27 sentyabr 2020-ci il tarixində erməni təxribatlarına cavab olaraq başladılan əks-hücum əməliyyatı zamanı Türkiyə dövləti və prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında əsl qardaşlıq təntənəsinə çevrildi. Beynəlxalq təzyiqlər Türkiyəni Azərbaycana qardaş dəstəyindən əl çəkməyə məcbur edə bilməzdi və belə də oldu. Əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə qardaşlığı gündən-günə daha da möhkəmlənəcək.

Emin QASIMOV,

“Respublika”.