TÜRKƏDIDƏ yeni məktəb binası
Region

TÜRKƏDIDƏ yeni məktəb binası

Sentyabrın 17-də Sabirabad rayonu Türkədi kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binası istifadəyə verilib. Tədbirdə Təhsil Nazirliyinin Təhsil işinin idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev iştirak edib.

Yeni məktəb binası 264 şagird yerlikdir. 11 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 90 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 360 şagirdin, məktəbəhazırlıq qrupunda isə 36 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 24 nəfər pedaqoji, 12 nəfər texniki işçi çalışır.

Qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Təhsil işinin idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən danışıb. Bildirib ki, təhsil cəmiyyətin inkişafının əsasını təşkil edir. Təhsilə daim dövlətin diqqət və qayğısı mövcuddur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə ötən dövr ərzində təhsil infrastrukturunun təkmilləşdirilməsi sahəsində ciddi işlər görülüb. Ümumtəhsil müəssisələrinin 75 faizi yenilənib. Bu o deməkdir ki, bir milyondan artıq şagird müasir tələblərə cavab verən şəraitdə öz təhsillərini davam etdirəcəklər. Pandemiyanın olmasına baxmayaraq, cari ildə də nəzərdə tutulan işlər qrafikə uyğun həyata keçirilib. Yalnız bu il Təhsil Nazirliyinin xətti ilə 98 məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. Bunun 60-ı modul tipli məktəbdir, 28 məktəb binası yenidən tikilib, 10 məktəb binası əsaslı təmir olunub. Bundan başqa, Heydər Əliyev Fondunun və digər qurumların xətti ilə 44 məktəb inşa və ya təmir edilib. Ümumilikdə, bu il yenidən tikilmiş və ya əsaslı təmir edilmiş 142 məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

Türkədi kənd tam orta məktəb üçün yeni binanın istifadəyə verilməsi müəllim və şagirdlərin sevincinə səbəb oldu. Məktəbin direktoru Fuad Abbasov dedi:

- Tədris ocağı 1970-ci ildən uyğunlaşdırılmış binada fəaliyyətə başlayıb. Məktəb binasının şəraitsiz olması tədris prosesində çətinliklər yaradıb. Prezident İlham Əliyevin Sərəncamı ilə belə bir məktəbin inşa edilməsi kəndimizə, müəllimlərə, şagirdlərə verilmiş böyük töhfədir. Buna görə dövlətimizin başçısına təşəkkürümüzü bildiririk. Biz müəllimlər çalışacağıq ki, dövlətimizin qayğısına layiqincə cavab verək. Əminik ki, bundan sonra təhsildə əldə etdiyimiz uğurlar daha da artacaq”.

T.YADULLAOĞLU,

“Respublika”.