Türkiyə, Can Azərbaycan səninlədir!
Türk dünyası

Türkiyə, Can Azərbaycan səninlədir!

Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə qardaşlığının ən gözəl tərifini,  izahını vaxtilə belə ifadə etmişdir: "Bir millət, iki dövlət".

Bəli, biz dövlət kimi ayrı-ayrı coğrafiyalarda, məkanlarda yerləşsək də soyumuz, kökümüz bir, türk mənşəli, türk soylu xalqlarıq. Bizi təkcə milliyyətimiz,  dilimiz, dinimiz, ortaq,  oxşar cəhətlərimiz və adət-ənənələrimiz birləşdirmir.  Həm də əqidəmiz,  məsləkimiz, birliyimiz birləşdirir. Biz bir ananın iki oğlu, bir ağacın iki qoluyuq. Sevincimizə, uğurumuza sevinib, kədərimizə, dərdimizə şərik oluruq. Ən çətin günümüzdə bir-birimizə arxa-dayaq olmağı bacarırıq. Budur Türkün gücü, birliyi.

İkinci Qarabağ müharibəsinin ilk günlərində Türkiyə bizə mənəvi dəstək, arxa, dayaq oldu. Can Azərbaycan deyərək səsimizə səs verdi. Azərbaycanın haqq səsini dünyaya çatdırdı,  müdafiəsində dayandı. Türkün gücü birliyindədir şüarını əsas götürərək mücadiləmizi, mübarizəmizi nikbin ruhla davam etdirdik. Müharibə bitəndən sonra da Türkiyə Azərbaycana öz dəstəyini göstərdi, yardım əlini uzatdı.

Bu gün qardaş Türkiyənin ağır, çətin sınaqlar qarşısında olduğu gündür. Təbiətin çılğın, bəzən də qəzəbli imtahanına çəkilən zamanıdır. Hazırda bütün dünyanın diqqəti zəlzələ baş verən ərazilərə dikilib. İnsanlar çarəsiz halda hər kəsdən kömək gözləyir. Dağıntılar altında neçə canlar ölsə də, ümidlər ölmür. Son anda belə xilas olacaqlarına inanırlar. Qocalar, xəstələr, körpələr dağıntılar altında qışın qarlı, şaxtalı havasında kömək gözləyirlər. Belə ağır gündə qardaş köməyi, dost dəstəyi mənəvi olmaqla bərabər, həm də insanlıq, vətəndaşlıq borcumuzdur. Bu gün bütövlükdə Azərbaycan, kimliyindən, hansı mənsəb sahibi olmasından asılı olmayaraq Türkiyənin yanındadır. Hər kəs fərdi olaraq zəlzələdən əziyyət çəkənlərə kömək etməyi, yardım göstərməyi özünün dostluq, qardaşlıq borcu bilir.  Əlimiz çatmasa da ruhən, mənən Türkiyə xalqının, dövlətinin yanındayıq.

Fevral ayının 6-da sübh tezdən Türkiyədə 7,7 bal gücündə zəlzələ baş vermişdir. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis,  Osmaniye, Malatya,  Adıyaman, Şanlıurfa,  Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olmuşdur. Minlərlə yaşayış binası uçmuş, on minlərlə insan dağıntılar altında qalmışdır. Bu xəbər Türkiyə kimi, bütün Azərbaycanı da sarsıdıb. Dövlət başçısı İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla başsağlığı vermiş və bütün varlığımızla yanınızdayıq demişdir. Xalqımız ilk andan qardaşlarımızın köməyinə, harayına çataraq yardım, kömək göstərmişdir. Biz səni doğma Vətənimiz, böyük qardaşımız kimi sevdik, Türkiyə! Acın acımız,  dərdin dərdimizdir. Sən bu faciədən, sınaqdan da üzüağ, mərdliklə çıxacaqsan. Zəlzələ evləri, binaları dağıda bilər, amma Türkün birliyini, dostluğunu sındıra bilməz. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün Türkiyəyə ilk beynəlxalq yardımı Azərbaycan göndərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərhal verdiyi tapşırığa əsasən, zəlzələ bölgəsinə axtarış-xilasetmə əməliyyatları məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət  çevik xilasetmə qüvvələri yola düşmüşdür. Həmin qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyətləri daxildir. Həmçinin Fövqəladə Hallar Nazirliyinin hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı da  hadisə yerinə göndərilib. Bu hospitalda ən ağır yaralı xəstələr müayinə və müalicə olunacaqlar. Lazımi dərman və tibbi avadanlıqlarla təchiz olunmuş hospitalda 41 nəfərlik heyət fəaliyyət göstərir. Nəzərə alsaq ki, hazırda qış fəslidir və dağıntılar altında qalan insanların həm də soyuqdan donub ölmələri də müşahidə olunur. Bu səbəbdən də zəlzələ baş verən ərazilərdə insanların daha çox isti paltara, isti yatağa və çadırlara ehtiyacı var. Dövlətimiz bütün bunları nəzərə alaraq bölgəyə çadırlar, isti adyallar və qızdırıcılar da yola salmışdır.

Bu gün bütün Azərbaycan ayaqdadır, səfərbər olub. Ölkənin müxtəlif ərazilərində,  şəhər və rayonlarda Türkiyədə zəlzələdən zərərçəkmiş insanlara kömək məqsədilə yardımlar edilir. Hər kəs öz vətəndaşlıq,  qardaşlıq borcunu yerinə yetirməyə,  mənən Türk xalqının yanında olmağa çalışır. Bakıda başlayan yardım kampaniyası qədim Naxçıvana kimi uzanır. Təbii fəlakətdən zərərçəkənlərə lazım olan vasitələr - isti yatacaqlar, xüsusilə uşaq paltarları, çadır, generator və ehtiyac olan digər mallar gətirilir. Artıq yardım dolu  bir neçə yük maşını Türkiyəyə yola düşüb. Yardım toplanan anbarlar tamamilə dolub. Nağd pul ödəmək istəyən insanlara isə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, Ziraat bankın Azərbaycandakı filiallarından ianə edə bilərlər.

Biz Azərbaycan türklərinin gözəl bir deyimi var:

Sel gedər daş qalar,

El gedər qardaş qalar!

Bu gün Azərbaycan Türkiyənin yanında olmaqla öz qədim, tarixi köklərinə nə qədər bağlı , sədaqətli olduğunu sübut edir. Bizim qardaşlığımız bütün dünyaya gözəl nümunədir. Azərbaycan qardaş Türkiyə dövləti üçün canı, qanı ilə hər fədakarlığa hazırdır. İnanırıq ki, Türkiyə dövləti bu fəlakətə  də öz gücü,  mübarizə əzmi və həmrəylik ruhu ilə qalib gələcək.

Ramidə YAQUBQIZI,

"Respublika".