TÜRKİYƏ: Qərbi azərbaycanlılar doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər
Digər xəbərlər

TÜRKİYƏ: Qərbi azərbaycanlılar doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər

XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox soydaşımız deportasiya olunub. Qərbi azərbaycanlıların deportasiyası rəsmi olaraq 4 dəfə həyata keçirilib və təəssüf ki, bu ağlasığmaz şovinist özbaşınalığına münasibətdə beynəlxalq ictimaiyyət hələ də susur. Bu gün tam haqlı olaraq "Qərbi Azərbaycan" mövzusu artıq beynəlxalq arenaya çıxarılıb. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlərə başlanılıb.

"Hər kəsə məlumdur ki, Qərbi Azərbaycan bizim tarixi yurd yerimiz, əzəli torpaqlarımız olub. Bu ərazilərə zaman-zaman erməniləri planlı şəkildə yerləşdirməklə həmin ərazilərdən türk izini itirməyə, Qərbi Azərbaycanı erməniləşdirməyə çalışıblar. Əsrin ortalarında, eləcə də Qarabağ münaqişəsinin başladığı illərdə Qərbi azərbaycanlıların deportasiyaya məruz qalması da məhz bu məqsədlərə xidmət edirdi. Ermənilər, onlara havadarlıq edən güclər tarixi saxtalaşdırmağa çalışsalar da, lakin bu mümkün deyil. Necə ki, Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Azərbaycan xalqı tarixi ədaləti bərpa edərək 30 illik işğala son qoydu, eləcə də Qərbi Azərbaycanla bağlı tarixi ədaləti də yaxın gələcəkdə bərpa etmiş olacaq. Buna heç kimin şübhəsi olmasın. Çünki Prezident özünün də dediyi kimi nəyi, nə zaman edəcəyini çox yaxşı bilir". Bu sözləri əslən Dərələyəz mahalının Əzizbəyov rayonundan olan, Qars Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin sədr müavini Zekeriya Demiral söyləyib.

Z.Demiral deyib ki, 1918-1921-ci illərdə bəlli güclər tərəfindən qədim Azərbaycan torpaqları düşünülmüş şəkildə indiki Ermənistana verilib. Eyni zamanda, tariximizdə silinməz izi olan Göyçə gölü Sevan gölü, tarixi adlarımız heç bir kökü olmayan erməni adları ilə əvəz olunub. Bütün bunlara baxmayaraq, biz Qərbi azərbaycanlılar öz tariximizi heç zaman unutmamış, öz ata-baba yurdumuzdakı bölgələri öz tarixi adları ilə çağırmışıq. Bu gün coğrafi ərazi olaraq qonşu və düşmən dövlətin ərazisində qalan tarixi mahallarımız olan Ağbaba, Dərələyəz, Göyçə, Zəngibasar, Şörəyel və nəhayət, Zəngəzur biz azərbaycanlıların qədim ata-baba torpaqlarıdır. O bildirib ki, ermənilər bu ərazilərə köçürüldükdən sonra toponimlərin adlarını dəyişdirib, azərbaycanlılara məxsus abidələri dağıdaraq tarixi irsi silməyə çalışıblar. Tarixi sənədlər, ötən əsrin əvvəllərinə təsadüf edilən xəritələr və bu xəritələrdə qeyd olunan yurd adları bir daha sübut edir ki, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır və bu yurd yerlərində qədimdən azərbaycanlılar yaşayıb. Azərbaycan xalqı öz torpağına, yurd yerlərinə bağlı bir xalqdır. Xalqımız öz torpaqları, hüquqları uğrunda hər zaman mübarizə aparıb və aparacaq da.

Zekeriya Demiral deyib ki, doğmalarından ona acılı-şirinli çoxlu xatirələr qalıb. Babası 1890-cı ildə öz doğma elindən, obasından məcburi köçürülən insanlar sırasında olub. Çox çətin bir şəraitdə Dərələyəz mahalından Qarsa köçürülüblər. 1915-ci ilə kimi Qarsda yaşayıblar. 1915-ci ildə erməni vəhşilikləri təkrar cərəyan etməyə başlayanda, doğmaları və yaxınları yenidən Qarsdan Gəncəyə piyada getmək məcburiyyətində olublar. Yolboyu təkrar fitnəkar qonşularımızın təzyiqlərinə məruz qalıblar. Hətta qundaqda olan əmisi yolda aclıqdan, susuzluqdan dünyasını dəyişib. Çarəsi kəsilən babası körpəni yolda bir daşın altında dəfn edib. Gəncədən İrana, oradan isə yenidən Qarsa köçüb burada məskunlaşmışlar. İllər keçsə də, ağrılar, acılar unudulmur. Xatırladıqca qaysaq bağlamış yaralarımız yenidən qanayır. Zekeriya Demiral deyib ki, o illərin necə ağır, acınacaqlı keçdiyini söyləyən babam, hər dəfə danışdıqca hönkür-hönkür ağlayardı. Babam hər zaman öz tarixi torpaqlarının, doğma yurdlarının həsrətini çəkərdi. "O heç zaman ümidini itirmirdi, gec-tez o torpaqlara qayıdacağı günü gözləyirdi''. Biz Qərbi azərbaycanlılar da öz doğma diyarımız olan Qərbi Azərbaycanı heç vaxt unutmuruq və geriyə, öz doğma yurdlarımıza qayıtmaq arzusu ilə yaşayırıq.

Zekeriya Demiral söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, müdrik siyasəti, mahir diplomatik bacarığı, Azərbaycan Ordusunun qəhrəmanlığı və Azərbaycan xalqının birliyi nəticəsində erməni işğalına son qoyuldu, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. Artıq bu torpaqlara Böyük Qayıdış prosesi başlanıb: "Bu gün Azərbaycan güclü bir dövlətdir və bu ölkənin İlham Əliyev kimi lideri, dövlət başçısı var. Gün gələcək Qərbi azərbaycanlılar da öz doğma torpaqlarına qayıdacaqlar. Prezident İlham Əliyev Qərbi Azərbaycan icmasının ziyalıları ilə görüşdə söylədiyi fikirlər, irəli sürdüyü təkliflər bu istiqamətdə görüləcək işlər üçün bir yol xəritəsi olacaq. Qərbi Azərbaycanın Azərbaycan torpaqları olması barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün əlimizdən gələni əsirgəməyəcəyik. İnanıram ki, Qarabağ və Şərqi Zəngəzurdan olan soydaşlarımız kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da tezliklə öz ata ocaqlarına dönəcəklər".

İnşallah! O gün gələcək. Necə ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi gün gəldi. O günün yaxınlaşması üçün dünyanın dörd bir yanına səpələnmiş Qərbi azərbaycanlılar əl-ələ verərək, Qərbi Azərbaycan İcmasına mümkün köməyi əsirgəməyəcək.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.